Modern.az

Ali məktəblərdə ixtisaslar üzrə qəbul yerləri azaldılmalıdır - AÇIQLAMA

Ali məktəblərdə ixtisaslar üzrə qəbul yerləri azaldılmalıdır - AÇIQLAMA

Təhsil

Bu gün, 12:26

Ali məktəblərdə bəzi ixtisaslara yüksək maraq göstərildiyi halda, digərlərində plan yerləri boş qalır. Təhsil ekspertləri hesab edirlər ki, qəbul planı hazırlanarkən abituriyentlərin seçimləri ilə yanaşı, əmək bazarının tələbatı da nəzərə alınmalıdır.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, 2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə 61 516 plan yeri ayrılıb:

“İxtisas seçiminin birinci mərhələsində plan yerlərinin böyük hissəsi doldu, yalnız 1760 yer boş qaldı. Avqustun sonunda həmin yerlər üzrə keçirilən əlavə müsabiqədə 390 abituriyent və 100-dən çox subbakalavr ali məktəblərə qəbul olundu”.

Ekspertin sözlərinə görə, ixtisas qrupları üzrə boş yerlərin sayında ciddi fərqlər müşahidə edilib:

“İkinci və üçüncü qruplarda boş yerlər demək olar ki, yox idi. Üçüncü qrup üzrə subbakalavrlardan bir nəfər də qəbul ola bilməmişdi. Bu, həmin qrupda rəqabətin yüksək olduğunu göstərir.

Ən çox boş yer isə beşinci qrupda qalıb. Burada həm bəzi ixtisaslara marağın az olması, həm də qəbul üçün xüsusi qabiliyyət tələb edilməsi rol oynayır. Dördüncü qrupda bitkiçilik və akvakultura ilə bağlı ixtisaslarda da oxşar vəziyyət müşahidə olunur. Bu qrupu seçən abituriyentlər əsasən tibb ixtisaslarına üstünlük verdiklərindən digər istiqamətlərdə yerlər boş qalır”.

Elmin Nuri hesab edir ki, bu fərqlər qəbul planında nəzərə alınmalıdır:

“Bəzi ixtisaslarda plan yerlərinin azaldılmasına, digərlərində isə artırılmasına ehtiyac var. Qəbul planı formalaşdırılarkən ixtisaslara maraq və müsabiqənin nəticələri təhlil olunmalıdır”.

Təhsil eksperti Elçin Əfəndi isə diqqəti qəbul planı ilə məzunların iş imkanları arasındakı əlaqəyə yönəldib. Onun fikrincə, plan yerlərinin artırılması əmək bazarında uyğun iş imkanları ilə müşayiət olunmalıdır:

“Ali təhsil müəssisələrinə hər yerləşdirmədən sonra boş qalan yerlər olur. Növbəti ilin qəbul planı hazırlanarkən bu göstəricilər nəzərə alınmalı, əmək bazarında tələbat olan ixtisaslara üstünlük verilməlidir.

Plan yerlərinin artırılması özlüyündə işsizliyin artması demək deyil. Lakin məzunların sayına uyğun iş imkanları yaranmırsa, onların məşğulluq problemi dərinləşə bilər. Buna görə də universitetlər əmək bazarının tələblərinə uyğun kadr hazırlamalıdır”.

Ekspert bildirib ki, əsas məqsəd qəbul sayını artırmaqla kifayətlənməməli, məzunların ixtisasları üzrə işləməsinə şərait yaratmaq olmalıdır:

“Daha çox ehtiyac duyulan ixtisaslar üzrə plan yerlərini tələbat səviyyəsində saxlamaq, tələbatın zəif olduğu istiqamətlərdə isə azaltmaq daha məqsədəuyğundur. Qəbul planı ilə əmək bazarındakı real iş imkanları arasında uyğunluq təmin edilməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı