Azərbaycanda özəl məktəblərin yuxarı siniflərində (IX–XI siniflər) şagird sayı təxminən 20 faiz artıb. Əvvəllər valideynlərin uşaqlarını daha çox aşağı siniflərdən özəl məktəblərə yönəltdiyi düşünülsə də, hazırda ali məktəbə hazırlıq və ixtisas seçimi mərhələsində bu təhsil müəssisələrinə marağın artması diqqət çəkir.
Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Modern.az-a açıqlamasında özəl məktəblərə marağın artmasının əsas səbəblərindən danışıb.
Onun sözlərinə görə, bu tendensiyanın başlıca səbəblərindən biri özəl məktəblərdə təklif olunan təhsil proqramlarıdır.
“Özəl məktəblərin yuxarı siniflərində şagird sayının 20 faiz artması cəmiyyətin təhsilin keyfiyyətinə və məzmununa dair gözləntilərinin dəyişməsi ilə əlaqədardır. Bu artımın arxasında bir sıra mühüm səbəblər dayanır. İlk növbədə, özəl məktəblər yerli kurikulumla yanaşı, IB, Cambridge Advanced (A-Level) və AP kimi beynəlxalq proqramlar təklif edirlər. Bu proqramlar şagirdlərə xarici universitetlərə qəbul prosesində müəyyən üstünlüklər qazandıra bilir. Bu da övladlarının xaricdə təhsil almasını istəyən valideynlər üçün özəl məktəbləri cəlbedici seçimə çevirir.
Digər mühüm amil isə repetitor xərcləri ilə bağlıdır. Dövlət məktəblərində təhsil alan yuxarı sinif şagirdləri qəbul imtahanlarına hazırlaşmaq üçün bir neçə fənn üzrə fərdi müəllimlərə müraciət edirlər. Bu isə ailələrin xərclərini artırır. Bəzi özəl məktəblərdə yerli qəbul imtahanlarına, eləcə də SAT və IELTS imtahanlarına hazırlığın tədris prosesinə daxil edilməsi valideynlər üçün alternativ imkan yaradır. Beləliklə, ailələr əlavə hazırlıq xidmətlərinə çəkilən xərcləri və vaxt itkisini azaltmağa çalışırlar”, – deyə ekspert bildirib.
İ.Orucov qeyd edib ki, özəl məktəblərə marağın artmasını dövlət məktəblərinə inamsızlıq kimi qiymətləndirmək düzgün deyil.
“Bu tendensiyanı birbaşa dövlət məktəblərinə inamsızlıqla əlaqələndirmək doğru yanaşma deyil. Burada əsas amillərdən biri ailələrin fərqli təhsil imkanlarına və konkret akademik nəticələrə olan tələbatıdır.
Dövlət məktəblərinin əsas missiyası hər kəs üçün bərabər, əlçatan və pulsuz təhsil təmin etməkdir. Özəl məktəblər isə daha fərdiləşdirilmiş tədris, çevik təhsil proqramları və əlavə akademik imkanlar təklif edə bilirlər. Xüsusilə şagird sıxlığının yüksək olduğu məktəblərdə müəllimin hər bir şagirdə fərdi yanaşması çətinləşə bilər. Özəl məktəblərdə isə siniflərdə şagird sayının nisbətən az olması fərdi ehtiyaclara daha çox diqqət ayrılmasına şərait yaradır.
Bununla yanaşı, müasir texnoloji infrastruktur, xarici dil biliklərinin inkişafı və peşəyönümü proqramları da yuxarı siniflərdə özəl təhsilə marağı artıran amillərdəndir.
Hesab edirəm ki, yuxarı siniflərdə şagird sayının 20 faiz artması yalnız prestij amili ilə izah olunmamalıdır. Bu, ailələrin övladlarının akademik göstəricilərini yaxşılaşdırmaq, xarici dil bacarıqlarını inkişaf etdirmək və gələcək təhsil imkanlarını genişləndirmək məqsədilə verdikləri qərarlarla bağlıdır. Təbii ki, bu seçimdə ailələrin maddi imkanları da mühüm rol oynayır”, – deyə ekspert vurğulayıb.