Modern.az

BMU-da “Kəlağayı” kolleksiyası Özbəkistanlı qonaqların iştirakı ilə təqdim edilib

BMU-da “Kəlağayı” kolleksiyası Özbəkistanlı qonaqların iştirakı ilə təqdim edilib

Təhsil

Bu gün, 12:37

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin “Geyim dizaynı” ixtisası üzrə II kurs tələbələri milli mədəni irsimizin qorunması və müasir dizayn ənənələri ilə uzlaşdırılması məqsədilə “Kəlağayı” adlı geyim kolleksiyası hazırlayıblar.

Modern.az xəbər verir ki, dizayn kafedrasının müəllimi Nailə Hüseynovanın rəhbərliyi ilə ərsəyə gələn kolleksiyada tələbələr milli irsimizin rəmzlərindən biri olan kəlağayının motivlərini müasir moda konsepsiyası ilə birləşdiriblər. Hazır geyimlərə kəlağayı elementləri əlavə edilməklə onların dizaynı yenilənib və fərqli üsluba malik geyim nümunələri yaradılıb.

Kolleksiyanın nümayişində BMU-da təcrübə mübadiləsində olan Özbəkistanın Namangan Dövlət Texniki Universitetinin professor-müəllim heyətindən ibarət nümayəndə heyəti də iştirak edib. Tədbirdə BMU-nun Memarlıq və inşaat fakültəsinin dekanı Nizami Əhmədov, fakültənin əməkdaşları və Namangan Dövlət Texniki Universitetinin müəllimləri çıxış ediblər.

Çıxışlarda milli-mədəni irsin qorunmasının və müasir dizayn vasitəsilə yaşadılmasının əhəmiyyəti vurğulanıb, tələbələrin yaradıcılıq potensialının inkişafı, nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi və universitetlərarası təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi qeyd olunub.

Kolleksiyada Azərbaycan xalqının qədim sənətkarlıq ənənələri, milli dəyərlər və gənc dizaynerlərin müasir yanaşması öz əksini tapıb. Geyimlərin yenidən dizaynı mövcud materiallardan səmərəli istifadə və davamlı moda prinsipləri baxımından da diqqət çəkir. Nümayiş iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir çərçivəsində Namangan Dövlət Texniki Universitetinin nümayəndə heyəti BMU-nun  Dizayn kafedrasının fəaliyyəti və Xalça emalatxanası ilə də tanış olub. Geyim dizaynı sahəsi üzrə mütəxəssis və professorlardan ibarət nümayəndə heyətinə dekorativ-tətbiqi sənət ixtisasının tədrisi üçün yaradılmış şərait və imkanlar barədə məlumat verilib. Özbəkistanlı qonaqlar universitetdə tədris prosesinin təşkili, maddi-texniki baza və tələbələrin yaradıcılıq potensialının inkişafı üçün yaradılan imkanları yüksək qiymətləndiriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı