Modern.az

Bağça müəllimlərinin hamısı sertifikasiyadan keçməlidir - Deputat

Bağça müəllimlərinin hamısı sertifikasiyadan keçməlidir - Deputat

Təhsil

Bu gün, 16:30

Bağçalarda sertifikasiyanın əsas məqsədi tərbiyəçi-müəllimlərin peşəkarlığını qiymətləndirmək və məktəbəqədər təhsildə mövcud boşluqları aradan qaldırmaqdır.

Bunu Modern.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində kadr hazırlığı ilə bağlı problemlər var:

“Təəssüf ki, bu sahədə vəzifəsini lazımi səviyyədə yerinə yetirməyən, yetərli təhsili olmayan insanlar da fəaliyyət göstərirlər. Təhsil və tərbiyədə belə boşluqlar yolverilməzdir. Sertifikasiyanın əsas hədəfi bilikli və bacarıqlı kadrların fəaliyyətini dəstəkləmək, peşəkarlıq tələblərinə cavab verməyən şəxslərlə bağlı müvafiq tədbirlərin görülməsini təmin etməkdir”.

Deputat vurğulayıb ki, azyaşlılarla işləmək xüsusi bilik və məsuliyyət tələb edir:

“Bu sahədə yalnız peşəkarlar, işini dərindən bilənlər çalışmalıdır. İstənilən şəxsi gətirib uşaqların təlim-tərbiyəsini ona həvalə etmək olmaz. İmtahandan narazılıq edənlər nəzərə almalıdırlar ki, məqsəd şəffaf qiymətləndirmə sistemi yaratmaq və peşəkar kadrlarla təminatı gücləndirməkdir”.

Təhsil eksperti İlqar Orucov isə hesab edir ki, sertifikasiya tərbiyəçi-müəllimlərin nəzəri bilikləri ilə yanaşı, uşaqlarla işləmək bacarıqlarını da qiymətləndirməlidir.

Onun sözlərinə görə, qiymətləndirmədə məktəbəqədər pedaqogika, metodika, uşaq inkişafı və psixologiyası üzrə hazırlıq əsas götürülməlidir. Müsahibə zamanı isə ünsiyyət qurmaq, uşaqlara fərdi yanaşmaq, böhran vəziyyətlərini idarə etmək və peşə etikasına riayət etmək bacarıqlarına diqqət yetirilməlidir.

Ekspert nəticələrə uyğun maddi stimullaşdırmanın da əhəmiyyətini vurğulayıb. O bildirib ki, belə yanaşma peşəkar kadrların məktəbəqədər təhsil sahəsində qalmasına və valideynlərin bağçalara etimadının artmasına kömək edə bilər.

İ.Orucov zəif nəticə göstərən tərbiyəçi-müəllimlərə metodiki dəstəyin vacibliyini də qeyd edib:

“Qiymətləndirmənin uğurlu olması üçün imtahandan sonrakı mərhələ də düşünülməlidir. Zəif nəticə göstərən tərbiyəçilər ixtisasartırma və metodiki dəstək proqramlarına cəlb edilməlidirlər. Məqsəd yalnız bilik səviyyəsini yoxlamaq deyil, məktəbəqədər təhsilin keyfiyyətini yüksəltmək olmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!