Modern.az

Həmsədrlər Qarabağa niyə gedir? – Konfliktoloq səbəbləri SADALADI

Həmsədrlər Qarabağa niyə gedir? – Konfliktoloq səbəbləri SADALADI

16 Oktyabr 2019, 14:39

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), həmçinin, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik işğal altındakı Dağlıq Qarabağ torplaqlarına səfər ediblər. Həmsədrlər bu dəfə də ənənələrinə sadiq qalaraq, Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb, danışıqlar aparıblar.

 

Minsk Qrupunun qondarma Dağlıq Qarabağ rejimi ilə münaqişənin üçüncü tərəfi kimi münasibət saxlaması bu dəfə də narazılığa səbəb olur. Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında dəfələrlə problemin Ermənistan-Azərbaycan arasında mövcud olduğunu diqqətə çatdırsa da, görünür ki, vasitəçilər qondarma Dağlıq Qarabağın tərəf kimi prosesə daxil edilməsində maraqlıdır.

 

Bəs Azərbaycan tərəfi həmsədrlərin bu yanaşmasına etiraz edə bilərmi?

Bu barədə Modern.az-a danışan konfliktoloq Əvəz Həsənov həmsədrlərin bununla bağlı balansı qorumalı olduğunu düşünür:

“Dağlıq Qarabağ münaqişəsi hazırda Ermənistan və Azərbaycan arasında davam edir. Bu baxımdan 1997-ci ildən indiyə qədər danışıqlar faktiki olaraq, iki ölkənin rəhbərliyinin iştirakı ilə aparılır. Amma həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi Dağlıq Qarabağdan olan icmaların maraqlarını inkar etməməlidirlər. Əksinə onların danışıqlar prosesinə verəcəkləri töhfə dəqiq ölçüb, biçilməlidir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün onların dəstəyinə əsaslanmaq vacibdir. Ona görə həmsədrlərin Azərbaycan və Ermənistan ölkə başçıları ilə bərabər, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması ilə görüşməsi, onların mesajlarını alması normaldır. Vasitəçilər anlayırlar ki, danışıqların predmetinin Dağlıq Qarabağ əhalisi olduğunu inkar etmək mümkün deyil. Burada bir məsələ var. Qondarma hakimiyyət kimi Dağlıq Qarabağın erməni icmasını təmsil edən isə həmin “respublika”dır. Əgər Minsk Qrupu Dağlıq Qarabağda icma rəhbəri ilə görüşmək istəyirsə, bu icmanın rəhbəri kimi məhz Bako Saakyan təqdim edilirsə, kim risk edib, onun qarşısına keçəcək? Reallıq budur”.

 

Konfliktoloq Azərbaycanın qətiyyətlə etiraz etməli olduğu və buna hüququ çatan məsələləri də diqqətə çatdırıb:

“Minsk Qrupu Dağlıq Qarabağın azərbaycanlı icması ilə, məcburi köçkünlərlə görüşmədən, yalnız qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə müzakirə apararsa, birmənalı şəkildə etiraz etməliyik. Dağlıq Qarabağın qondarma rəhbərliyi ciddi dəyişiklik üçün hansısa addım atırsa, qanunsuz seçki keçirirsə, bununla bağlı beynəlxalq qurumlara müraciət etmək mütləqdir. Xüsusilə, işğal altındakı torpaqlarımızda Azərbaycan xalqına məxsusu mədəniyyət abidələrinin məhvi, restavrasiya adı ilə erməniləşdirilməsi qınanmalıdır. Bu kimi məsələlərlə bağlı etirazımızı ifadə etməliyik”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?