Modern.az

Qohum evliliyi qadağan olunmalıdır - Genefondu qorumaq üçün...

Qohum evliliyi qadağan olunmalıdır - Genefondu qorumaq üçün...

13 Mart 2024, 09:08

Martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirədə keçirilib. Müzakirədə çıxış edən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov bildirib ki, Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur.

 

Onun sözlərinə görə, bura xala uşaqları, əmi uşaqları və s. daxildir: "Çoxluq qohum evliliyinin qadağan olunmasının tərəfdarıdır. Xəstə və əlil olaraq doğulan uşağın həm özü, həm də ailəsi böyük mənəvi və sosial iztirablar çəkirlər. Qohum evliliklərinin sayı artarsa, bu genefondumuza və gələcəyimizə təsir edəcək. Məsələ kifayət qədər ciddidir və bununla bağlı dövlətin hərəkətə keçməsi vacibdir.

 

Ümumilikdə, qohum evliliklərində artım müşahidə olunur. 2021-ci ildə Azərbaycanda qohumlar arasında 2363 nikah qeydə alınıb, onlardan 204-ü boşanıb. 2022-ci ildə isə ölkədə 2542 qohum nikahı qeydə alınıb, onlardan da 608 nəfəri boşanıb. Qohum evlilikləri ən çox Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a açıqlamasında deyir ki, əslində qohum evlilikləri yeni məsələ deyil:

 

"Bu illərdir bizə gələn ənənə ilə bağlıdır. Qohum nikahları həmişə dəstəklənib. Bir ifadə işlənir ki, yaxşıdırsa, özgəyə vermə heyifdir, pisdirsə, özgəyə vermə ayıbdır. Bu baxımdan artıq cəmiyyət arasında məsələ çevrilən, məsəllə möhkəmlənən adətdir. Bu şəxslər nə olursa olsun, nəticəsini düşünmədən bunu davam etdirirlər. Baxmayaraq ki, bu evliliklərdən xəstə uşaqlar dünyaya gəlir. Hazırkı ekoloji, qida problemləri gətirib ona çıxardır ki, bu xəstəliklər daha da fərqli formada çoxalmaya təsir göstərir. Hər bir xalq öz genefondunu qorumalıdır. Bu genefondu qorumaq üçün müəyyən qanun-qaydalar, addımlar atılmalıdır. Təklif edilən məsələ də məhz sağlam genefondun davam etməsi üçün verilən təklifdir".

 

M.Zeynalova hesab edir ki, bütün ölklərdə belə bir addımlar atılır ki, insanlar  sağlam, daha uğurlu və  gələcəyə yönəlik olsunlar:


"Düşünürəm ki, çox yaxşı təklifdir. Ola bilər, 10 ildən sonra bu qanuna heç ehtiyac olmayacaq. Ancaq indiki halda ehtiyac var, belə bir addıma. Azərbaycanın qoşulduğu bir çox konvensiyalarda deyilir ki, pis adət-ənənlərin aradan qaldırılması üçün hökümət tərəfindən addımlar atılmalıdır. Hesab edirəm ki, pis adət-ənənələr sırasında qohum evlilikləri də var. Həm də sağlamlığa təsir edən problemdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?