Modern.az

“Ölsən, o evdən meyitin çıxacaq” – Rəqəmlərdə gizlədilən boşanma DƏHŞƏTİ

“Ölsən, o evdən meyitin çıxacaq” – Rəqəmlərdə gizlədilən boşanma DƏHŞƏTİ

18 İyun 2022, 08:55

“Ölsən, o evdən meyitin çıxacaq”... İllər əvvəl nənələrimiz qızlarını ərə verərkən bu deyimi əsas götürmüşdülər. Amma indi zəmanə də, insanlar da, onların həyata baxışı da dəyişib. Bəlkə bu səbədəndir ki, 1 ili tamam olmamış nikahlar pozulur, insanlar ayrılmaq qərarına gəlir. Əslində heç bir cütlük boşanma düşüncəsiylə nikaha daxil olmur. Amma indiki qarmaqarışıq həyatımızda davam etməyən evlilikdən qurtulmağın ən rahat yolu elə boşanmaqdır. Artıq “filankəs nə deyər” stereotiplərini də saya salan yoxdur.

Amma təəssüf ki, Azərbaycanda cütlüklər arasında boşanma mədəniyyəti olduqca aşağı səviyyədədir. Elə bu səbəbdəndir ki, bu ilin mart-aprel aylarında arvadından boşanmaq istəməyən 6 kişi əvvəlcə qadını, sonra özünü öldürdü. Misli Xəlilova, Xavər Həsənova, Sənubər Yüzbəyova, Sara Əsədova, Turanə Umayeva, Günay Cabbarova eyni taleyin qurbanı olan qadınlardır...

Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5043 boşanma halları qeydə alınıb. Rəsmi məlumata görə,  ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı azalaraq 1,6-dan 1,5-ə düşüb.

2021-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 17191 boşanma halları müəyyən edilib. Əhalinin hər 1000 nəfərinə boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil edib.

Nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8), boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2,0), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

2020-ci il ərzində ölkədə 14628 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə boşanma səviyyəsi isə 1,5 təşkil edib.

Nikah səviyyəsi Kəlbəcər-Laçın (4,1), Aran (3,9), Dağlıq Şirvan (3,8), Yuxarı Qarabağ (3,6) iqtisadi rayonlarında və Bakı şəhərində (3,6), boşanma səviyyəsi isə Bakı şəhərində (1,8), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (1,7) və Abşeron (1,6) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

Rəsmi rəqəmlər qorxulu vəziyyətin olmadığını desə də, reallıqla uzlaşmır. Çünki ayrılan cütlüklərin, dağılan ailələrin sayı günbəgün artmaqda davam edir. Bəs ən çox rast gəlinən səbəblər hansılardır?

 

“Ona qarşı heç nə hiss etmirəm”

 

Psixoloqlar hesab edir ki, sevgi əskikliyi və diqqətsizlik boşanma səbəblərinin başında gəlir. Həm iş həyatının stressi, həm də uşaqlı ailələrdə uşaqların ehtiyacları səbəbləriylə cütlüklər bir-birinə vaxt ayırmaqda çətinlik çəkir və  bir müddət sonra tamamilə yadlaşırlar. “Artıq ona qarşı heç nə hiss etmirəm”, “belə davam edə bilməz” və s. fikirlər boşanma ilə bitir.

 

 

İtirilən inam...

 

Cütlüklər arasında boşanmaya səbəb olan əsas faktorlardan biri də əvvəlki inam və etibarın itirilməsidir. Hörmət olmayan yerdə sevgiyə yer qalmır.

 

Problemli münasibətlər və narkotik bəlası

Ekspertlər hesab edir ki, xoşbəxt münasibətin pik nöqtəsi insanların qarşılıqlı anlaşması, bir-birini başa düşməsidir. Əks halda tərəflər münasibətlərdə özünü yetərsiz hiss edir, sevilmədiyini düşünür, yola getmir, atılan hər addımı yanlış anlayaraq, özündən uydurma dünya yaradır. Son dövrlərin bəlasına çevrilən narkotik asılılığı da ailələrin dağılmasının başlıca səbəbləri sırasındadır.

 

Xəyanət və şiddət

 

Xüsusilə sosial şəbəkələrin həyatımıza geniş siraət etdiyi bir dövrdə boşanmalara səbəblərdən biri xəyanətdir. Xəyanət isə əsla bağışlanmır. Psixoloqların sözlərinə görə, bir dəfə xəyanət edən adamda bu vərdiş yaranır. Hər nə qədər “bir daha olmayacaq” desə də, bir müddət sonra “vərdişi”nə davam edir.

Boşanma statistikasına nəzər saldıqda şiddət qadınlar tərəfindən ən çox rast gəlinən boşanma səbəbidir. Hətta qadınlarla yanaşı, uşaqlar da bu cür zorakılığın qurbanı olur. Bu tip ərlər adətən qadının boşanmaq istəyinə də zorakılıqla cavab verir.

Sosial sıxıntılardan doğan kobud rəftarlar, soyuqluq, intim münasibətlərdəki uyğunsuzluq, bəzi hallarda övladın olmaması və bütün bunlardan doğan qarşılıqlı münasibətlərin pozulması müşahidə edilir ki, bu zaman hətta tərəflərin ailələri də məsələyə qarışır. Bu vaxt iki nəfər arasında olan münaqişə ailələr, hətta nəsillər arasında söz savaşına, təhqirə, ölümə qədər uzanır.

 

On nikahdan ikisi boşanma ilə bitib...

 

Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc qeyd edib ki, boşanmaların artmasını bəzi hallarda ailə dəyərlərinin arxa plana keçməsilə əlaqələndirib.

 

O həmçinin bildirib ki, televiziya verilişlərində Azərbaycanın ailə dəyərlərinə xas olmayan antisosial ideyaların nümayişi artıb.

 

 

Z. Oruc qeyd edib ki, son 10 ildə əhalinin hər 1000 nəfərinə düşən nikahların ümumi əmsalı 8,9-dan 3,5-ə düşüb:

 

“Həmin müddətdə əhalinin hər 1000 nəfərinə boşanmaların ümumi əmsalı 1-dən 1,5-ə qədər artıb. Belə ki, 2010-cu ildə nikahların sayı 79.172, boşanmaların sayı 9.061, 2020-ci ildə isə nikahların sayı 35.348, boşanmaların sayı 14.628 olub. Ölkədə ümumnəsilvermə əmsalında da azalma müşahidə edilir. Belə ki, 2010-cu ildə bu əmsal 2,3 idisə, 2020-ci ildə 1,7-ə qədər düşüb. Son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Belə ki, 2010-cu ildə əhalinin hər 1000 nəfərinə bu göstərici 18,5 idisə, 2020-ci ildə bu göstərici 12,7-yə qədər enib. Müqayisə üçün deyək ki, boşanma statistikası Qərb ölkələrində-Avropa Birliyində 1000 nəfərə düşən 8 evlilikdən 3.1-nin, ABŞ-da 3-nün, Rusiyada isə ən böyük 4.7-nin dağılması faktını təşkil edir.

 

Azərbaycanda son 60 illik tarixində boşanmaların, ailələrin dağılmasının ən yüksək həddi 1990-cı ildə baş verib. Həmin il 1000 nəfərə düşən 10 evlilikdən 2-si dağılıb. Göründüyü kimi, ölkəmizin həyatında baş verən qlobal və lokal dəyişikliklər birbaşa ailə institutunun sabitliyinə təsir edir”.

 

"Bəzi ailələr təhlükəli məkanlara çevrilir"

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, xüsusilə pandemiya adlanan bəla bütün dünyanın nizam və qaydalarını alt-üst etməklə yanaşı, insanlar, ailələr və cəmiyyətlər üçün yeni çağırış və təhdidlərin artmasına səbəb oldu.

 

Komitə sədri qeyd edib ki, hər kəsin özünü ən təhlükəsiz hiss etməli olduğu ailələr indi bəziləri üçün daha təhlükəli məkanlardan birinə çevrilir:

 

"İnsanlar öz yaxınları, doğmaları tərəfindən şiddətə məruz qalır, ən amansız üsullarla həyatdan məhrum olunur. Ona görə də istisnasız olaraq, bütün dünya ölkələrində baş verən bu hallar ilk növbədə insanın psixoloji durumu, fərdi keyfiyyətləri, formalaşdığı mühit, sosial-iqtisadi vəziyyəti, həm də hamını məhdudiyyətlərlə təhdid edən pandemiya ilə bağlıdır. Artıq pandemiya geridə qalmaq üzrədir, amma fəsadlarının aradan qaldırılması zaman alacaq”.

 

 

Komitə sədri qeyd edib ki, görülən işlərin və aparılan təhlillərin nəticəsində meydana çıxan problemlərin aradan qaldırılması üçün qanunvericiliyə edilməsi vacib olan dəyişiklik və əlavələrin işlənməsi, effektiv icra mexanizmlərinin yaradılması və onların fəaliyyətinin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış edilir.

 

“Bütün bu məqamları özündə əks etdirən hesabatlar müəyyən olunmuş qaydada ölkə Prezidentinə, Nazilər Kabinetinə və Milli Məclisə təqdim olunur, həmçinin ictimaiyyət bu barədə məlumatlandırılır.

 

Ailə daxilində baş verə biləcək münaqişələrin aradan qaldırılması, cinayət hadisələrinin baş verməməsi və problemlərin həlli istiqamətində preventiv tədbirlərin görülməsi zəruridir. Bununla yanaşı geniş ictimaiyyətin bu barədə məlumatlandırılması, ailənin möhkəmləndirilməsinə xidmət etdən təsirli mexanizmlər bu işə mühüm töhfə verə bilər.

Bildirmək istəyirəm ki, Komitə nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə ailədaxili münasibətlərlə bağlı, o cümlədən məişət zorakılığı, ailə münaqişəsi, boşanma, erkən nikah və s. mövzularla bağlı müraciətlər daxil olur.

 

Mərkəzlərdə risk qrupuna daxil olan ailələr nəzarətdə saxlanılır və onlarla mütəmadi olaraq maarifləndirmə işləri aparılır, müraciətlər əsasında ailələr ziyarət edilir, ehtiyacları müəyyənləşdirilir, fərdi hal qovluğu açılır, qayğı planı hazırlanaraq, ailə ilə sosial və psixoloji iş aparılır, zəruri olduqda isə ailə üzvləri mərkəz xidmətlərinə cəlb edilir. Qeyd edim ki, Mərkəzlərin fəaliyyət göstərdiyi bölgələrdə bu işləri daha səmərəli şəkildə aparmaq imkanımız vardır. Odur ki, yerli mexanizmlərin gücləndirilməsinə ehtiyac olduğunu xüsusi vurğulamaq lazım gəlir.

Komitənin təşəbbüsü ilə yerli icra hakimiyyətləri nəzdində "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə” monitorinq komissiyaları yaradılıb. Ailə ilə bağlı yaranan bu kimi hallarda müvafiq yerli qurumlar da prosesə cəlb olunur, məsələ dövlət qurumları tərəfindən nəzarətə götürülən zaman ailə daxilində problemin hərtərəfli həlli üçün geniş imkanlar yaranır.

 

Bu istiqamətdə fəaliyyətlərin artırılması, risk qrupuna daxil olan ailələrlə profilaktik işin gücləndirilməsi, eyni zamanda həssas təbəqəyə daxil olan ailələrin mövcud xidmətlərə yönləndirilməsi gələcəkdə belə halların qarşısının alınmasında təsirli vasitə olacaq”, - B. Muradova bildirib.

 

"Qohumlar arasında zorakılıq artıb"

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, boşanma halları təkcə ölkəmizdə deyil, bütün dünyada da artıb.

 

 

M.Zeynalova qeyd edib ki, dünya statistikasında artan zorakılıq və boşanmalar təbbi olaraq bizdən də yan keçməyib:

 

"Ümümi gərginliklər, informasiyalar, ölüm halları, karantin dövründə münasibətlərin gərginləşməsi, cəmiyyətdə baş verən hadisələr, müharibə, hər şeyə öz təsirini göstərdi. Müşahidələr göstərir ki, xüsusən qohumlar arasında zorakılıq aktları, ailə münaqişəsi zəminində yaralanma, ölüm halları çoxalıb.

 

Ailədə zorakılıq hallarının artmasında səbəb sosial-psixoloji faktordur. Kütləvi deqradasiyaya səbəb olan filmlər, seriallar, lazımsız verilişlər ailə münasibətlərinə ciddi zərər vurur. Ailədə abır, ismət, həya, qarşılıqlı hörmət kimi vacib amillər yoxa çıxıb. Daha çox kim qışqırırsa, hökm edirsə, o, qalib hesab olunur. Ailə münasibətlərində qalib olmamalıdır. Ailə münasibətlərində qarşılıqlı hörmət - nüfuz və anlaşma olmalıdır. Zorakılığın artımına təsir edən amillərdən biri də kişinin öz varlığını zorakılıq, şiddət yolu ilə təsdiq etməsidir. Müşahidələr göstərir ki, zəif kişilər qadını qorxu altında saxlamaqla özünə tabe etmək yolunu seçməyə üstünlük verirlər”.

 

İctimai Birliyin rəhbəri qeyd edib ki, narkotiklə, zorakılıqla mübarizə də ailə üçündür və bu mübarizələrin əsası odur ki, ailələr möhkəm olsun:


“Bəzən sosial şəbəkələrdə zamanla hansısa çağırışlar olur. Ola bilsin ki, kimlər üçünsə bu yaxşı çağırışdı, amma mühitin içərisində konfliktləri görəndə anlayırlar ki, yanlışlığa yol verilib. Orada qadına qarşı zorakılıq və qadın azadlığı düzgün təbliğ olunursa, bu, problem deyil. Amma başqa məsələlər təbliğ olunanda təbii ki, bu bir az narahatlıq doğurur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinlə Paşinyan razılaşdı: rus sərhədçilər Ermənistanı tərk edir