Modern.az

Növbədənkənar seçki anonsu: Parlament necə buraxılır...

Növbədənkənar seçki anonsu: Parlament necə buraxılır...

Ölkə

3 May 2024, 17:42

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Bunu Modern.az saytına müsahibəsində bir neçə deputat açıqlayıb. Ötən gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da seçkilərin önə çəkilə biləcəyini deyib.

 

“Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır. Seçkilərin müddəti önə də çəkilə bilər”, - o, Komissiyanın mayın 2-də keçirilən iclasında bildirib.

 

Sədr əlavə edib ki, MSK artıq parlament seçkilərinə hazırlığa başlamalıdır. "Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir. Parlament seçkilərindən sonra bələdiyyə seçkiləri gəlir ki, o daha da çətindir. Bütün bu hallar nəzərə alınmalıdır", - M.Pənahov qeyd edib.

 

Beləliklə, ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi qaçılmaz görünür. Bəs proses necə həyata keçiriləcək?

 

Modern.az xatırladır ki, Azərbaycanda bundan əvvəlki parlament seçkiləri də növbədənkənar formada təşkil edilib.

 

Qeyd edək ki, 2020-ci ilin fevralın 9-da müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri keçirilib.

 

Mövcud konstitusiyaya görə, parlament eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyanın müvafiq maddələrdində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti parlamenti buraxır.

 

2019-cu ilin dekabr ayında Milli Məclisin 99 deputatı prezidentə müraciət edərək növbədənkənar parlament seçkilərinin təyin edilməsini istəyib. Müraciətdə bildirilirdi ki, Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatların daha da sürətləndirilməsi üçün Milli Məclisin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur.

 

Müraciətdə o da qeyd olunurdu ki, parlament ölkədə həyata keçirilən islahatların genişləndirilməsi və dərinləşdirilməsi prosesindən kənarda qalmamalıdır. Deputatların mütləq əksəriyyəti belə vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəlmiş və növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bildirib.

 

Daha sonra Konstitusiya Məhkəməsi deputatların sözügedən müraciətinin konstitusiyaya uyğun olduğunu bildirib. Bundan sonra Prezident İlham Əliyev Milli Məclisin buraxılması və 2020 - ci il fevralın 9-na növbədənkənar seçkilərin təyin edilməsi barədə sərəncam imzalayıb.

 

Beləliklə, bu il də növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə oxşar prosedurların həyata keçiriləcəyi gözlənilir.

 

Qeyd edək ki, bu ilin payız aylarında Azərbaycanın bir sıra mötəbər beynəlxalq tədbirlərə (Formula-1, COP29) ev sahibliyi edəcəyi üçün növbədənkənar seçkilərə ehtiyac olduğu bildirilir. Milli Məclisin deputatı Fəzail Ağamalı seçkilərin avqust-sentyabr aylarında keçirilə biləcəyini deyib.

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...