Fevralın 21-də iki ən böyük nüvə dövlətinin lideri dünya ictimaiyyətinə və bir-birilərinə qarşı sərt bəyanatlar səsləndirdilər. Ukraynada gedən müharibə səbəbindən düşmənə çevrilən ABŞ lideri Co Banden və Rusiya prezidenti Vladimir Putinin qarşılıqlı ittihamları dünya mediasının əsas müzakirə mövzusuna çevrildi.
İki saata yaxın canlı yayımda çıxış edən Putin Qərbə hansı mesajları verdi? Baydenin Kremlə cavabı nə oldu?
Modern.az ötən günün icmalını təqdim edir:
Putin Moskvada yerləşən “Qostini Dvor” sarayında çıxışı zamanı bildirib ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil:
"Qərb Kiyevə nə qədər çox uzaq məsafəli vasitələr versə, Rusiya Federasiyası təhlükəni bir o qədər öz üzərindən atmağa məcbur olacaq. Qərb elitaları Rusiyaya strateji məğlubiyyət yaşatmaq, ona birdəfəlik son qoymaq məqsədini gizlətmirlər, münaqişəni qlobal miqyasa çıxarmaq istəyirlər. Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil".
Rusiya lideri eyni zamanda indiki durumda "milli xəyanət yoluna" qədəm qoyanların qanun qarşısında cavab verəcəyini deyib.
"Milli xəyanət yoluna qədəm qoyanlar qanun qarşısında cavab verəcəklər, amma cadugər ovu olmayacaq", - deyə o Ukraynanı dəstəkləyən rusları hədələyib.
Bundan əlavə, Rusiya lideri Qərbin təzyiqlərə baxmayaraq, uğur əldə edə bilməyəcəyini vurğulayıb.
"Əməliyyat zamanı real döyüş təcrübəsi əvəzolunmazdır və bu, Rusiya Silahlı Qüvvələrinin gücləndirilməsi üçün gələcək addımlarda əsas olmalıdır. Nüvə çəkindiriciliyi qüvvələrinin ən son sistemlərlə təchiz olunma səviyyəsi 90%-dən çoxdur, lakin bu səviyyə bütün orduda olmalıdır. Müdafiə müəssisələrinin işçiləri üçün güzəştli kirayə mənzil proqramının işə salınmasına ehtiyac var", - deyən Putin vurğulayıb ki, Qərb Rusiya Federasiyasına qarşı təkcə hərbi deyil, həm də iqtisadi cəbhə yaradıb, heç nəyə nail olmayıb və uğur əldə edə bilməyəcək.
Statistik məlumata əsasən, çıxışı zamanı auditoriya Putini ümumilikdə 53 dəfə, ayaq üstə 4 dəfə alqışlayıb. O, çıxışında 24 dəfə "Qərb", 11 dəfə "ABŞ", 10 dəfə "NATO", 19 dəfə "Ukrayna" və 34 dəfə isə "Rusiya" sözündən istifadə edib.
Ümumilikdə Rusiya prezidentinin çıxışı 2 saata yaxın davam edib. O, əsasən Ukrayna ilə müharibədən, Qərblə münasibətlərdən, hərbi məsələlərdən, habelə təhsil, mədəniyyət və sosial-iqtisadi mövzulardan danışıb.
Putinin çıxışının ən vacib məqamı Rusiyanın ABŞ-la imzalanan nüvə sazişindən çıxması barədə olub. Axşam saatlarında Putin nüvə sazişinin ləğv edilməsi barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib. Qərar NATO və BMT-nin narahatlığına səbəb olub.
Kremlin yaydığı məlumata görə, Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında Müqavilənin fəaliyyətinin Rusiya Federasiyası tərəfindən dayandırılması haqqında” qanun layihəsi Dövlət Dumasında müzakirə olunacaq.
Putinin ardınca Polşada səfərdə olan ABŞ Prezidenti Co Bayden dünya ictimaiyyətinə müraciət edib. O, rusların düşmən olmadığını bildirib, Moldova vətəndaşlarının qətiyyətli olduğunu deyib, Ukraynanın qələbə qazanacağını vurğulayıb və G7 ölkələrinin dünyada ərzaq böhranı ilə mübarizəyə dəstək verdiyini iddia edib.
“Mən bir daha rus xalqına müraciət edirəm. ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarəti bərqərar etməyə və ya onu məhv etməyə çalışmırlar. Qərb Rusiyaya hücum etməyi planlaşdırmırdı. Qonşuları ilə sülh şəraitində yaşamaq istəyən milyonlarla rus bizim düşmənimiz deyil”, - ABŞ lideri ruslara çağırış edib.
Putinin sərt çıxışı fonunda ötən gün erməni mətbuatında separatçıların "dövlət naziri" Ruben Vardanyanın istefaya göndəriləcəyi barədə məlumatlar yayılıb.
Ermənistanın "Joğovurd" qəzeti yazıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan fevralın 23-də istefaya göndəriləcək. İddialara əsasən, separatçıların "rəhbəri" Arayik Harutyunyan fevralın 23-də xüsusi bəyanat yayacaq. Hər hansı dəyişiklik baş verməsə, Arayik Vardanyanın istefasını açıqlayacaq.
Bundan əlavə, dünən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. İclasda bildirilib ki, “Azərişıq”dan elektrik enerjisinin satışı çıxarılacaq. Bundan əlavə, qurum yalnız satış deyil, alış edə bilməyəcək.
"Gələcəkdə “Azərişıq” yalnız bir fəaliyyətlə məşğul olacaq. Qurumda ancaq paylama funksiyası saxlanılacaq. Satış məsələsində isə rəqabət mühiti yaradılacaq. Burada satışı artıq özəl şirkətlər edəcək. Bununla da ölkədə enerji sahəsində özəl sektor olaraq rəqabət yaradılacaq”, - Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev ötən gün Milli Məclisdə keçirilən komitə iclasında deyib.
Ardınca Operativ Qərargah karantin müddətinin mayın 1-dək uzadılmasına qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb.
Magistraturaya qəbul imtahanında ilk dəfə maksimum nəticənin əldə edilməsi ötən günün vacib xəbərləri sırasındadır. İmtahanda bütün suallara düzgün cavab verən Nihad Zeynallı təəssüratlarını Modern.az-la bölüşüb.
"Düzdür, proses çətin oldu. Son həftələrdə gərgin hazırlıq prosesi gedirdi. Yanvar ayı imtandan əvvəl ən kritik aydır. Magistratura imtahanı universitet imtahanları ilə üst-üstə düşdüyü üçün bir az çətinlik olur. Mən imtahandan çıxanda ilk reaksiyam müsbət idi. Sözün açığı, 100 bal gözləyirdim. Lakin düşünürdüm ki, texniki səhv ola bilər. Tərəddüd içində idim”, - rekordçu bakalavr deyib.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:
Sabiq şahzadə İran rejiminə qarşı - Qərb Reza Pəhləviyə etimad edir?
İraq Kürdüstanı haqqında nələri bilmirik - Maraqlı faktlar
Baydenin Kiyev səfəri Kremli parçalayır
Türkiyədə zəlzələdə ölənlərin sayı 42 mini ötdü
Makronun Bakını hədəfə almasının sirri - Fransalı siyasətçidən ŞOK İTTİHAMLAR
Prezidentdən Məleykə Abbaszadə ilə bağlı SƏRƏNCAM
İlham Əliyev Arif Babayevi təltif etdi
Quru sərhədləri yaya kimi açılmayacaq
“Teatrın sütununu itirdik” - Sənət yoldaşları Ramiz Novruzdan danışır
Putinin müqəvvaları "kərə yağlı bazar ertəsi"ndə