Modern.az

Sabiq şahzadə İran rejiminə qarşı - Qərb Reza Pəhləviyə etimad edir?.. - TƏHLİL

Sabiq şahzadə İran rejiminə qarşı - Qərb Reza Pəhləviyə etimad edir?.. - TƏHLİL

Analitika

21 Fevral 2023, 09:22

Azərbaycan Respublikasına qarşı münasibətdə ziddiyyətli mövqe sərgiləyən, Qarabağ məsələsində birmənalı şəkildə Ermənistanı dəstəkləyən İran İslam Cümhuriyyətində sular durulmaq bilmir. Ötən ilin sentyabr ayından İranın müxtəlif yerlərində “Qadın, həyat, özgürlük!” şüarı ilə başlayan, gah səngiyən, gah da artan  etirazlar dalğası, beynəlxalq iqtisadi sanksiyalardan tənəzzülə uğramış ölkədə iqtisadi böhranı daha da dərinləşdirib.

Bu hal mövcud durumu fürsət bilən mühacir müxalifəti də fəallaşdırıb. Dünyanın müxtəlif yerlərinə səpələnmiş, mühacir həyatı yaşayan, müxalif düşüncəli iranlılar qəribə bir operativliklə müntəzəm olaraq etiraz yürüşləri təşkil edir, rejim əleyhinə kəskin siyasi şüarlar səsləndirir, müxtəlif beynəlxalq təşkilatlara şikayət ərizələri ünvanlayır, İrana qarşı daha sərt tədbirlər görülməsini istəyirlər. Yaşayışın günü-gündən çətinləşməsi, bahalığın fantastik səviyəyə qalxması və  işsizliyin çoxalması indi sözün əsl mənasında, İran müxalifətinin lehinə işləyir.

Yarandığı vaxtdan bəri  (1963-cü il ) hər il Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransaına  bu il ilk dəfə idi ki, İran rəsmilərindən heç kim dəvət olunmadı.  17-19 fevral 2023-cü ildə gərçəkləşən və  50-yə  yaxın dövlət başçısının, təqribən 100 xarici işlər nazirinin iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransına  İran siyasi rejimini devirmək istəyən müxalif antirejim koalisiyasının lideri, sabiq şahzadə Reza Pəhləvi və  müxalifətçi xanım jurnalist Məsumə Məsih Əlinejad  qatılmışdı.

Məlumat üçün bildirmək lazımdır ki, əhatə dairəsinə, əhəmiyyətinə görə dünyanın ən ciddi toplantısı olan Münhen Təhlükəsizlik Konfransının əsas məqsədi dünya ölkələrinin xarici siyasətinin güncəl məsələlərini, təhlükəsizlik və müdafiə problemlərini birgə müzakirə etmək, cari ildə görüləcək işlərin istiqamətini müəyyənləşdirməkdir. Bu konfransa Rusiyanın da çağrılmaması düşündürücüdür.

( Bax: //www.politico.com/news/2023/02/18/iran-former-crown-prince-00083576 )

Beynəlxalq sanksiyaların təzyiqi nəticəsində  iqtisadi çöküş yaşayan İranda keçən ilin sentyabr ayından başlayan ictimai etirazlar səngimək bilmir. Mövcud rejimin xaricdə yaşayan əleyhdarları daxili çəkişmələrdən mümkün qədər yararlanmağa, siyasi baxımdan  maksimum qazanmağa çalışırlar. Onlar öz aralarındakı incikliklərini bir yana buraxaraq, vahid məqsədə çatmaq, yəni rejimi devirmək üçün birlik- etelaf- yaradırlar.

Müxalif qüvvələrin bəziləri, formalaşmaqda olan birliyin lideri kimi sabiq şahın mühacir həyatı yaşayan oğlu Reza Pəhləvini (31.10.1960) görürlər. Ana və nənə tərəfindən türk olan şahzadə Reza Pəhləvi Hərbi Hava Qüvvələri məktəbinin və Cənubi Kaliforniya Universitetinin Siyasi elmlər fakültəsinin məzunudur. Ana dilindən başqa, ingilis və fransız dillərini də mükəmməl bilir.  Reza Pəhləvinin düşüncəsinə görə, İran dünyəvi, demokratik və  sekulyar dövlət olmalı, din dövlətdən ayrılmalıdır.

(Bax://www.bloomberg.com/opinion/articles/2018-06-19/iran-s-ex-prince-pahlavi-wants-a-democratic-revolution?leadSource=uverify%20wall

Londonda fars və ingilis dillərində yayımlanan “Mən o to” ( Mən və sən ) televiziya kanalına 13 yanvar 2023-cü il tarixində müsahibə verən  sabiq şahzadəyə dəstək məqsədi ilə  mühacir iranlıların bir dəstəsi “Mən vəkalət verirəm –من وکالت میدهم - ” kampaniyası başladıb. Reza Pəhləviyə indiyə qədər onlayn şəkildə 500 mindən çox dəstək imzası toplanıldığı iddia olunur. Reza Pəhləvini öz təmsilçiləri olaraq görənlərin bəzisi onu yalnız keçid dönəminin lideri hesab edir.

Ümumiyyətlə, İran müxalifəti öz siyasi baxışlarına görə  çox fərqli olduğuna görə,  monarxiyanın süqutundan bəri keçən 44 il ərzində  heç zaman bir ortaq fikrə gələ bilməmişdir. Onların bəzisi monarxist, bəzisi respublikaçı, bəzisi paniranist, bəzisi federalist, bəzisi isə istiqlalçıdır.  

Dərhal xatırlatmalıyıq ki, sabiq  şahzadə Reza Pəhləvi sümüklərinin ilklərinə qədər paniranistdir. Etnik mənsubiyyətinə görə yarı türk, yarı fars olan (ana tərəfdən babası Söhrab Diba (1900 - 1948), ata tərəfdən nənəsi Tacxanım Ayrımlı (1896 – 1982) və anası Şahbanu Fərəh Diba Pəhləvi (1938 – ) milli mənşəcə türkdür)  sabiq şahzadə  Reza Pəhləvi İranda yaşayan bütün etnik qrupların eyni bayraq altında  və  vahid ölkədə yaşamasının əsas şərt olduğu fikrindədir.  Məlumat üçün xatırladaq ki, 1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı  gənc Reza Pəhləvi ABŞ-dan könüllü olaraq İrana qayıdıb Hərbi Hava Qüvvələri sıralarına hərbi təyyarəçi kimi xidmət  etmək arzusunda olduğunu bildirmişdi.

Maraqlıdır ki, sabiq şahzadə Reza Pəhləvini  islam inqilabından əvvəl siyasi baxışlarına görə  həbs olunmuş  insanların  da bəziləri  dəstəkləyirlər. Məsələn, hazırda Parisdə mühacir həyatı yaşayan solçu düşüncələri ilə tanınan müğənni Dariuş Eqbali, İran milli yığmasının, “Perspolis” və “Traktor” komandalarının sabiq futbolçusu  Əli Kərimi, “Emmi” amerikan mükafatı laureatı, məşhur aktrisa  Şöhrə Ağdaşlı,  siyasi fəal, müğənni Şahin Nəcəfi, taekvondo üzrə olimpiya  mükafatçısı Kimiyə Əlizadə, “Qadın,  həyat, özgürlük!” şüarı ilə keçirilən  etiraz mitinqlərində həlak olmuş 16 yaşlı Nikanın anası  Nəsrin Şakərəmi,  həmin iğtişaşlarda həyatını itirmiş Puyanın atası Mənuçöhr Bəxtiyari, çoxsaylı istəklərdən sonra ölüm cəzasından azad edilmiş  Əmirhüseyn Muradi, habelə, siyasi məhbuslar Muhamməd Danyali və Reza Nouruzi  belələrindəndir.  

Sabiq şahzadə Reza Pəhləvinin nə dərəcədə səmimi olduğunu müəyyənləşdirmək  çətindir. Qatı millətçilərdən, liberal-demokratlardan, aşırı sağcılardan, loyal solçulardan fərqli olaraq Reza Pəhləvi öz çıxışlarında heç vaxt qəti mövqe sərgiləmir,  özünün monarxiya və ya respublika tərəfdarı olduğunu açıqlamır, gələcək siyasi rejimin xalqın ümumi rəyi ilə təsbit olunmasını arzulayır, lakin ona edilən “şahzadə” müraciətini də məmnunluqla qarşılayır.

Reza Pəhləvinin əleyhdarları da az deyil. 1941-1979-cu illərdə İran şahı olmuş atası Məhəmməd Reza Pəhləvinin zamanında baş vermiş haqsısızlıqları, istibdadı unutmayan antimonarxistlər və feministlər  onu ciddi şəkildə tənqid edərək “Mən vəkalət vermirəm” kampaniyası aparır, daşa, divara “Nə şah, nə rəhbər; ölsün  sitəmgər!” şüarı yazırlar. Feministlər  düşünürlər ki, qadın azadlığı uğrunda mübarizəyə qadın  başçılıq etməlidir; istiqlalçılar düşünürlər ki, türklərin, kürdlərin, ərəblərin, bəlucların müstəqil olmasını istəməyən şəxs ümumi müxalifətin başçısı ola bilməz. İran fəhlələrinin müstəqil həmkarlar ittifaqının aparıcı xadimi Cəfər Əzimzadə və iranlı tələbələrin siyasi fəalı Ziya Nəbəvi sabiq şahzadə Reza Pəhləvinin birləşmiş müxalifətin vahid lideri kimi qəbul etmirlər. Kanadanın Toronto şəhərində  mühacir həyatı yaşayan tanınmış hüquqşünas Kavə Şahruz düşünür ki, İrandakı mövcud rejimə  təkcə Reza Pəhləvinin liderliyi ilə qalib gəlmək olmaz, ancaq bu mübarizəni Reza Pəhləvisiz də aparmaq imkansızdır.  


Sabiq şahzadə Reza Pəhləvi siyasi divident əldə etmək  naminə müxtəlif qütblü  siyasi əqidəli şəxslərlə əməkdaşlığa can atır. Məsələn, İranda yaşayan sünnilərin tanınmış lideri Molla (mövləvi) Əbdülhəmid İsmayılzəhini və insan hüquqları müdafiəçisi Nəsrin Sutudəni açıq şəkildə dəstələdiyini bildirən Reza Pəhləvi, bu  hərəkəti ilə həmün şəxslərin də çoxsaylı tərəfdarlarının rəğbətini qazanmağa çalışır. Reza Pəhləvi özünü Hindistan Azadlıq Hərəkatının lideri Mahatma Qandiyə (1869- 1948) və Cənubi Afrika Respublikasının mərhum prezidenti Nelson Mandelaya (1918- 2013 ) bənzədir. Özünü birləşmiş müxalifətin başçısı olaraq görən sabiq şahzədə onu dəstəkləyənləri İranın ərazi bütövlüyünün qorunması şərti ilə beynəlxalq insan haqlarlına əsaslanan dünyəvi demokratiyaya və  azad seçkilərlə siyasi rejimin müəyyənləşdirilməsinə nail olmağa  səsləyir. 

Reza Pəhləvi düşünür ki, çətin sosial-məişət, hüquqi, siyasi, iqtisadi, hərbi və əxlaqi məsələləri həll etməyi öz üzərinə götürməklə  mollalar özlərini müşkül duruma düşürüblər. İllər keçsə də, öz həllini gözləyən problemlər  çözülmür və insanlar da haqlı olaraq onlara qarşı etiraza qalxırlar. İşsizliyin artması, bahalıq, minimal ehtiyacların ödənilməməsi nəticə etibarı ilə ayaqlanmalara səbəb olur.  (Bax:  Winds of Change; Washington, Regnery Publishing, 2001,  pp. 26-28 )  

Yaranan vəziyyəti yetərincə təhlil edən və mövcud duruma görə davranan Reza Pəhləvi hiyləgərcəsinə çox vaxt  özünün dini baxışlarını gündəmə gətirmir, Kəbə başda olmaqla  bir çox dini yerləri ziyarət etməsindən  heç söz açmır,  ortancıl övladının adının İman olmasını da açıb-ağartmır. Dinə münasibəti barədə israr edildikdə, ehtiyatla özünün əqidəli mömin olduğunu vurğulayır:

در واقع خود را انسانی با ایمان و دیندار می‌دانم –  “Özümü, gerçək iman sahibi və dindar insan bilirəm”.

(Bax: //www.radiofarda.com/a/f4_interview_reza_pahlavi_radio_farda/24522669.html)

Görünür, sabiq şahzadə nə  çoxmilyonlu dindarların dəstəyindən, nə də  antiklerikal düşüncəli kəsimin yardımından  məhrum qalmaq istəyir.  Reza Pəhləvi Avropa dövlətlərinə təklif edir ki, İran İslam Cümhuriyyətinin  beynəlxalq banklarda dondurulmuş hesabı hazırkı müxalifətin və İran xalqının istifadəsinə verilsin,  Qərb dövlətləri İrandakı etiraz  mitinqlərinin iştirakçıları  və iqtisadi tətilçilər üçün xüsusi maddi fond yaradılmasına kömək etsinlər.

(Bax: //www.politico.com/news/2023/02/18/iran-former-crown-prince-00083576)

Beynəlxalq güclərin hərbi doktrinalarını diqqətlə araşdıran sabiq şahzadə Reza Pəhləvi  2023-cü ilin yanvar ayında İtaliya televiziyasının V Kanalına müsahibə verdiyi zaman İranın təcili olaraq Rusiyadan uzaqlaşmasının, İsrail ilə münasibətlərin normallaşmasına nail olunmasının, nüvə proqramından birdəfəlik əl çəkilməsinin və qonşu dövlətlərlə dinc, yanaşı yaşamaq prinsipinə riayət  edilməsinin son dərəcə vacib olduğunu  bildirib.

 (Bax: //www.middleeastmonitor.com/20230215-a-pro-israel-iran-would-be-the-result-of-overthrowing-the-islamic-republic/)

İzləyə bildiyimiz mətbuatdan belə  düşünmək olar ki, hazırda mövcud rejimin aparıcı müxalifətinin təmsilçiləri keçid dönəmi üçün lider gördükləri Reza Pəhləvinin səsləndirdiyi fikirlə razıdırlar. Əgər  İran müxalifəti  aralarındakı mövcud  ciddi ziddiyyətləri  həll edib ortaq məqbul fikrə gələ bilsə, o zaman İran  rejimi 44 il boyu ciddi müqavimət görmədiyi siyasi meydanda, dəqiq siyasi hədəfi, aydın fəaliyyət planı  olan əleyhdarı ilə qarşı-qarşıya qalacaqdır.  Sabiq şahzadə Reza Pəhləvinin bu qaçınılmaz qarşıdurmada  siyasi müxalifətin uğurlu və ya uğursuz başçısı olacağını isə zaman göstərəcək. 
 



Ramazan SİRACOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır