Modern.az

Baydenin Kiyev səfəri Kremli parçalayır - ŞƏRH

Baydenin Kiyev səfəri Kremli parçalayır - ŞƏRH

Analitika

21 Fevral 2023, 15:26

ABŞ prezidenti Co Bayden ötən gün Kiyevə gözlənilməz səfər edib. O, ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü zamanı Rusiyaya mesajlar ünvanlayıb. Kiyevdə səfəri ilə tarixə düşən Bayden Rusiya lideri Vladimir Putinin müharibəyə başlamaqla səhvə yol verdiyini deyib və işğala məruz qalan Ukraynaya sonadək dəstək verəcəklərini diqqətə çatdırıb. 

 

ABŞ liderinin Kiyevə sürpriz səfəri dünya mediasının əsas müzakirə mövzusuna çevirilib və bununla bağlı müxtəlif fikirlər, suallar səsləndirilir.  

 

Maraqlıdır, Co Baydenin Kiyev səfəri nəyə hesablanmışdı? Bu addım müharibənin gedişinə necə təsir edəcək?

 

 

Mövzunu Modern.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, Baydenin səfəri Ukraynada böyük motivasiyaya səbəb olub:

 

“Co Bayden Ukraynaya səfərilə müharibənin sonuna qədər rəsmi Kiyevin arxasında durub, ona kömək edəcəyini nümayiş etdirib. Eyni zamanda anti-Rusiya koalisiyasında olan 50-yə yaxın dövlətə də dolayısı ilə mesaj vermiş oldu. Baydenin mesajı hər kəsin bu prosesdə iştirak etməsi, Rusiyanın qısa müddətdə məğlub edilməsi ilə bağlı idi. Mənə elə gəlir ki, səfər dəstək tədbirlərinin davam edəcəyi ilə bağlı Ukraynaya böyük ürək-dirək oldu. Bu, anti-Rusiya koalisiyasında yer alan, lakin hələ də müəyyən şübhələrə yer qoyan dövlətlərə də ciddi mesaj oldu. O baxımdan düşünürəm ki, Baydenin Ukrayna səfəri çox əhəmiyyətlidir. Sözügedən səfər Rusiyanı da müəyyən təsirlərə məruz qoyacaq. Yəni Baydenin Ukraynaya gəlişi Kremlin siyasi elitası arasında parçalanmalara səbəb ola bilər”.

 

 

Politoloq, Zelenskinin Baydenlə görüşdən sonra qələbə anonsu verməsinə də münasibət bildirib:

 

“Bu ilin qələbə ili olması ehtimalı heç də az deyil. Bəli, Rusiya əhalisi Ukrayna əhalisindən iki dəfə yarım, təxminən üç dəfə artıqdır. Ancaq indiki mərhələdə müharibənin taleyini həll edən insan amili deyil. Texnika amilidir. Bu gün ən dəqiq silahlar Ukraynadadır. Artıq ağır tanklar, dəqiq artilleriyalar, sursatlar, uzunmənzilli raketlər Ukraynaya verilib. Bundan sonra Qərbin qırıcı təyyarələrinin Ukraynaya verilməsi mərhələsinə də keçiləcək. Belə olan təqdirdə Rusiyanın müasir silahlar qarşısında ətdən divar hörməsi heç nəyi dəyişməyəcək. Qələbə çox böyük məfhumdur. Bəli, ola bilsin ki, tam qələbə olmayacaq, ancaq mən Ukrayna ordusunun Qərbin dəstəyi ilə ən azı fevralın 24-də olan sərhədlərə qayıdacağına, hətta Krım sərhədlərinə dirənə biləcəyinə inanıram”.

 

Rusiya məğlub olsa, nüvə silahını işə salacaq?

 

N.Miri suala cavabında deyib: “Taktiki nüvə silahından istifadə bütövlükdə Rusiya və hakimiyyətdə olan Putin rejimi üçün geriyədönməz proses yaradacaq. Bunun nəticələrindən qaçmaq mümkün olmayacaq. İndiki məqamda tez-tez taktiki nüvə silahından istifadə edilməsi ilə bağlı açıqlamalar çəkindirici məqam olaraq istifadə olunur. Məqsəd Qərbin Ukraynanı danışıqlar masasına oturmaq üçün məcbur etməsinə istiqamətlənib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır