Modern.az

“Teatrın sütununu itirdik” - Sənət yoldaşları Ramiz Novruzdan danışır

“Teatrın sütununu itirdik” - Sənət yoldaşları Ramiz Novruzdan danışır

21 Fevral 2023, 14:00

Xalq artisti Ramiz Novruz uzunsürən xəstəlikdən sonra gecə saatlarında dünyasını dəyişib. Azərbaycan filminin “Həzi Aslanov”unun ölümü kinosevərləri, sənət camiəsini dərindən sarsıdıb. Mərhumla bu gün yaşadığı evdə vida mərasimi keçirilib. Sənətçi "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. 

 

Modern.az tanınmış aktyorların Ramiz Novruzla bağlı xatirələrini öyrənib.

 

Xalq artisti, şəhid atası olan Əli Nur Ramiz Novruzun vəfat etməsinin kino sahəsində ağır itki olduğunu söyləyib.

 

“Ramiz Novruzu tələbəlik illərindən tanıyıram, onda biz Sumqayıt teatrında birgə çalışırdıq. Ramiz orada çox möhtəşəm rollar oynadı. Sonra Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirdi. O gələndən sonra teatrın həm nüfuzu qalxdı, həm də canlanma oldu və inkişaf başladı. 40 il idi ki, bu teatrın aktyoru idi, təəssüf ki, son zamanlar çox çətinliklər çəkdi, xəstəlik ona əziyyət verirdi. Allah rəhmət eləsin. Müdrik aktyoru, teatrın sütunu olan bir şəxsi itirdik”, - Xalq artisti söyləyib.

 

Tanınmış aktyor Hikmət Rəhimov də mərhum Ramiz Novruzla bağlı xatirələrini bölüşüb:

 

 

“Mən Dram Teatrına gələndə ilk tamaşam, ilk rolum uğursuz olmuşdu, mənə o teatrda ilk yaxınlaşan və dəstək olan Ramiz müəllim  idi. Fikirli idim, ruhdan düşdüyümü hiss etmişdi və mənə yaxınlaşıb “hər şey yaxşıdır və yaxşı olacaq, sən qətiyyən bundan narahat olma” deməyini heç unutmayacam. Nəinki mənim, o teatra gələn bütün gənclərə dəstək verən nadir adamlardan biri Ramiz müəllim idi. Ruhu şad olsun, Allah ona rəhmət eləsin, yaxınlarına səbr diləyirəm”.

 

Xalq Artisti Hacı İsmayılov isə Ramiz Novruzla son görüşlərini yada salıb:

 

 

“Ramiz Novruzla çox tamaşalarda tərəf müqabili olmuşam. Son tamaşamızda o yenə də öz istedadını nümayiş etdirdi, improvizələri, rolu yaddaqalan idi. Çox şux və məharətli rol oynamışdı. Ümumiyyətlə, Ramiz Novruz çox optimist, həyatsevər adam idi. Daim dostları ilə mehriban, nikbin idi. Xəstəliyə düçar olmasına baxmayaraq, bunu biruzə vermirdi. Biz bilirdik ki, Ramizin xəstəliyi ağırdır, amma optimist idi. Düşünmürdük ki, onu itirə bilərik.  Çox təəssüf ki, biz onu itirdik. Bu, təkcə mədəniyyətimizin deyil, Azərbaycanın itkisidir".

 

Xatırladaq ki, Ramiz Novruzov (Ramiz Novruz) 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M.Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T.Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən teatrda hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib. Eyni zamanda H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), O.Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və digər maraqlı rolları canlandırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir