Modern.az

Brüssel görüşü öncəsi təxribat nəyə hesablanıb – OPERATİV ŞƏRH

Brüssel görüşü öncəsi təxribat nəyə hesablanıb – OPERATİV ŞƏRH

11 May 2023, 10:15

Ötən gün axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

 

Müdafiə Nazirliyindən bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.

 

Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin təxribat törədən 3 hərbçisinin yaralandığı açıqlanıb. 

 

Maraqlıdır, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü öncəsi erməni hərbçilərin sərhəddə təxribat törətməsi nəyə hesablanıb?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan özünün məzlum obrazını yaratmaq niyyətindədir.

 

“Ermənistan tərəfinin vacib görüşlər öncəsi təxribatlar törətməsinin dəfələrlə şahidi olmuşuq. Mayın 14-də Brüsseldə yüksək səviyyədə görüş keçiriləcək. Ermənistanın məqsədinin hərbi təxribatla Azərbaycanın cavab reaksiyasına nail olaraq, görüş öncəsi özünü zərərçəkmiş kimi təqdim etməkdən ibarət olduğunu düşünürəm. Ermənistan özünün məzlum obrazını yaratmaqla məşğuldur.Ermənistan bununla müzakirələr masası arxasında siyasi xal qazanacağını və Azərbaycana qarşı hansısa mövqe formalaşdıra biləcəyini düşünür. Azərbaycan isə hər zaman nümayiş etdirir ki, Ermənistanın həm hərbi, həm də siyasi təxribatlarının qarşısını almaq iqtidarındadır.  Ermənistanın son təxribatının qarşısını da qətiyyətli şəkildə aldıq”, - deputat deyib.

 

Parlamentarinin fikrincə, sərhəddə baş verən təxribatlar Ermənistanın sülhdə maraqlı olmadığını göstərir:

 

“Təxribatlar mahiyyət etibarilə Ermənistana heç nə qazandırmır. Əksinə ötən zaman ərzində biz gördük ki, Azərbaycan bütün təxribatların qarşısını almaqla yanaşı, öz mövqelərini möhkəmləndirir. Ermənistanın təxribatları özünə zərər yetirir. Digər yandan Ermənistan bununla aşkar şəkildə nümayiş etdirir ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil. Azərbaycan məsələni dinc yollarla həll etməyə çalışır və səmimi mövqe nümayiş etdirir. Amma Ermənistan bizi öz haqlı məqsədlərimizə çatmaq üçün hərbi komponentləri ümumi strategiyamıza qatmağa vadar edir. Azərbaycan tərəfinin çağırışlarına baxmayaraq, Ermənistan Xankəndidə separatçıların silahlandırılması istiqamətində cəhdlər edirdi. Belə olan halda biz Laçın yolunda sərhəd-buraxılış məntəqəsini qurduq. Bu da beynəlxalq hüquq normalarına uyğundur. BMT-nin nizamnaməsi hər dövlətin özünə qarşı təhlükəni aradan qaldırmaq hüququnu təsbit edib”.

 

 

E.Mirbəşiroğlu əlavə edib ki, Ermənistanın yaratdığı gərginlik 3-cü qüvvələrin regiona cəlb olunmasına xidmət edir:

 

“Ermənistan bununla Avropadakı himəyadarlarına nümayiş etdirir ki, o, Avropanın göndərmiş olduğu təlimatlara uyğun davranır və regionda gərginlik yaratmaqla məşğuldur. Bu gərginlik regiona üçüncü qüvvələrin cəlb olunmasına xidmət edir. Hesab edirəm ki, Ermənistanın davranışları həm də kənar güclərin regionda mövcudluğuna hesablanıb. Lakin bunlar heç bir nəticə vermir. Azərbaycan həm hərbi, həm siyasi mənada mövqelərini gücləndirməkdədir. Azərbaycan Ermənistanın təxribatlarını onun özünə qarşı istifadə edir. İtirən tərəf yenə Ermənistan olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü