Modern.az

Əli Hüseynli: “Müxalifət bir daha hakimiyyətə gələ bilməyəcək”

Əli Hüseynli: “Müxalifət bir daha hakimiyyətə gələ bilməyəcək”

Aktual

13 İyun 2016, 13:16

“Nə müxalifət, nə də onların ideya daşıyıcıları bir daha Azərbaycan hakimiyyətində ola bilməzlər. Onların nə qədər xaricdən havadarları olsa da belə, xalq buna nə indi, nə də gələcəkdə imkan verməz.

 

Çünki Azərbaycan çox dəyişib. O formatda olan siyasət adamları müasir dövrdə heç qəbul olunmurlar. Bunu özləri də bilirlər”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində deyib.

 

Deputat bildirib ki, 1993-cü ildə o zamankı hakimiyyət Heydər Əliyevin nüfuzuna zərbə vurmaq üçün çirkin oyun oynayırdılar.

Əli Hüseynli AXC-Müsavat birliyini torpaqların işğal edilməsində əsas səbəbkar kimi də ittiham edib:

 

“Doğrudur, bu qüvvələr hələ 1993-cü ildə Ulu öndər hakimiyyətə qayıdandan sonra onun nüfuzuna zərbə vurmaq üçün çirkin yollara əl atdılar.

 

Bilirsiniz ki, 1993-cü ilin iyun ayından sonra bir neçə rayonumuz Ermənistan tərəfindən işğal olundu.

 

Həmin qüvvələr isə iddia edirdilər ki, torpaqlar Heydər Əliyev hakimiyyətə gələndən sonra işğal olunub. Amma xalqı aldatmaq mümkün deyil. Çünki o dövrdə ordu ayrı-ayrı şəxslərin dəstələrindən ibarət idi və həmin dəstələr isə AXC-Müsavat cütlüyünə aid olan adamlara məxsus idi.

 

O dövrdə həmin dəstələr geri çəkilməklə bağışlanmaz səhvlərə yol verdilər. Yəni bu işğala da onlar şərait yaratdılar. Belə olmasaydı, torpaqlarımızı ermənilər belə asanlıqla işğal edə bilməzdilər.

 

Doğrudur, ermənilər işğalçıdır və onlar xarici havadarlarının dəstəyi ilə işğalı reallaşdırdılar. Amma dediyim kimi, bu işğalın asanlıqla reallaşmasının günahkarı məhz AXC-Müsavat cütlüyünün hakimiyyətində təmsil olunan şəxslərdir”.

 

Deputat söyləyib ki, Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan soran Azərbaycan ordusu bir sıra uğurlu hərbi əməliyyatlara imza atıb:

 

“Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu nəticəsində, Onun tarixi müraciəti əsasında  könüllülər, sağlam insanlar orduya getdilər, erməni işğalı dayandırıldı və bir neçə  uğurlu əməliyyatlar keçirildi.

Ermənilərin məqsədi isə daha geniş ərazilərin işğal edilməsi idi, amma bu məqsədlərinə nail ola bilmədilər.

Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan rayonlarının işğalı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmləri var və o dövrdə hakimiyyətdə, vəzifədə olan şəxslər etdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar”.

 

Komitə sədri bildirib ki, bu ilin aprel ayında cəbhədə baş verən hadisələr zamanı müxalifət aranı qarışdırmaq istəyirdi:

 

“Amma hazırda Azərbaycanın gücünü həmin illərlə müqayisə etmək mümkün deyil. Bu il aprelin əvvəlində cəbhədə baş verən  hadisələr bunu təsdiqlədi. Həmin günlərdə də radikal müxalifət ara qarışdırmağa cəhdlər etdi, amma alınmadı.

 

Onlar xalqın gücü və hakimiyyətlə birliyinin  təsiri altında qalmağa məcbur oldular”.

 

Aprel hadisələri xalqımızın torpağa nə qədər bağlı olduğunu və bir qarış torpağın belə itirilməsinə yol verməyəcəyini göstərdi. Xalqımızda böyük ruh yüksəkliyi var və bu məsələdə hakimiyyətin siyasətini  dəstəkləyir”.

 

Ağa AKİFOĞLU

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı