Modern.az

Putinlə Ruhani Bakı razılaşmasının reallaşması üçün hərəkətə keçdi

Putinlə Ruhani Bakı razılaşmasının reallaşması üçün hərəkətə keçdi

28 Noyabr 2016, 23:11

Rusiya prezidenti Vladimir Putinlə İran dövlət başçısı Həsən Ruhani arasında telefon danışığı olub.

Modern.az Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, telefon söhbəti İran tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Prezidentlər Rusiya ilə İran arasındakı əməkdaşlığın aktual məsələlərini, ticarət və iqtisadi sahəsdə birgə prioritet layihələri müzakirə ediblər.

 

Onlar bu ilin 8 avqustunda Bakıda Azərbaycan, Rusiya, İran prezidentlərinin görüşündə əldə olunmuş razılıqların reallaşdırılmasının gedişi barədə də danşıblar.

 

Liderlər dünya karbohidrogen bazarlarında addımları əlaqələndirilməsini də müzakirə ediblər. Putin və Ruhani Suriya böhranına da toxunublar. Ölkə başçıları Suriyadakı vəziyyətin uzunmüddətli normallaşmasının təminatı üçün birgə əməkdaşlığın davam etməsinin vacibliyini vurğulayıblar.

 

Avqustun 8-də Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib. Görüşdə Azərbaycan, İran və Rusiya prezidentləri bəyannamə imzalayıblar.

Sənəd üç ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsini nəzərdə tutur.

 

“Tərəflər iqtisadi cəhətdən səmərəli və ətraf mühit üçün təhlükəsiz nəqliyyat infrastrukturunun yaradılmasına yönəlmiş səyləri davam etdirmək niyyətindədirlər.

Bundan başqa, beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yanaşı, mövcud sərnişin və mal daşınması imkanlarını yaxşılaşdırmaq məqsədilə nəqliyyat-kommunikasiya infrastrukturunun inkişaf düşünülür”, - deyə bəyannamədə qeyd edilib.

Həmçinin bildirilib ki , Moskva, Tehran və Bakı bundan sonra da “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin həyata keçirilməsinə töhfə vermək niyyətindədirlər.

 

Sənəddə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın tezliklə qəbul olunmasının vacibliyi də vurğulanıb.

 

Rusiya, İran və Azərbaycan rəhbərləri həmçinin beynəlxalq ictimaiyyəti terrorizm və narkotik qaçaqmalçılığına qarşı apardıqları mübarizəyə qoşulmağa dəvət ediblər.

 

Dağlıq Qarabağ probleminə gəlincə, bəyannamədə göstərilib ki, tərəflər bölgədəki həll olunmamış münaqişələrin regional əməkdaşlığa böyük maneə olduğunu etiraf edirlər.

 

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir