Modern.az

Yeni saytın təqdimatı oldu

Yeni saytın təqdimatı oldu

8 Aprel 2011, 18:33


Aprelin 8-də yeni yaradılan xəbər portalı ANN.Az-ın (Azerbaijan News Network) təqdimat mərasimi keçirilib. Portalın mətbuat zalında baş tutan tədbirə media nümayəndələri, redaktorlar, yazıçılar və ictimai xadimlər qatılıblar.

Tədbiri açan portalın Azərbaycan bölməsinin rəhbəri Zahir Əzəmət qonaqlara portalın məqsədləri barəsində geniş məlumat verib: "ANN.Az portalı cəmiyyətin bütün sahələrini əhatə edəcək xəbər, yazı və araşdırmalar dərc edir. Gün ərzində iki dildə ümumilikdə 200-dən artıq xəbər yayımlayırıq. Portalda yerli və dünya xəbərləri ilə yanaşı tanınmış müəlliflərin yazıları, jurnalist araşdırmaları, müsahibələr, ekspert rəyləri də dərc olunur. Bundan əlavə, portalda elektron kitabxana, afişa, onlayn sərgi kimi Azərbaycan internet mediası üçün ənənəvi olmayan rubrikalar yaradılıb. Qısa müddətdə portalda xeyli sayda elektron kitab yerləşdirmişik. Digər sahələrlə bağlı xəbərlərimizdə də jurnalist peşəkarlığı və etikası ön planda olacaq".

Baş redaktor vurğulayıb ki, oxucuların psixologiyasına mənfi təsir edə biləcək xəbərlərin, yazıların yayımından imtina ediblər: ""Biz "şok" effekti yaradan kriminal xəbərlərdən, şou-biznes qalmaqallarından uzaq olacağıq. Hesab edirik ki, Azərbaycanda ciddi xəbər və materiallar oxumaq istəyən yetərincə böyük auditoriya var. Məqsədimiz onların tələbatını ödəmək və hər bir ailənin sevimli saytına çevrilməkdir".

Z.Əzəmət qeyd edib ki, hazırda sayt iki dildə fəaliyyət göstərir: "Yaxın aylarda portalın ingilis dilində versiyasını da təqdim edəcəyik. Eyni materialları bir neçə dildə verməklə, həm də Azərbaycanı, onun mədəniyyətini regiona, dünyaya təqdim etmək, bu işdə körpü rolunu oynamaq niyyətindəyik".

Daha sonra tədbir iştirakçıları - tənqidçi Tehran Əlişanoğlu, rəssam Yusif Mirzə, publisit-şair Tofiq Abdin, tanınmış jurnalistlər Zöhrab Əmirxanlı, Vahid Qazi, Rey Kərimoğlu, naşir Şahbaz Xudioğlu və başqaları çıxış edərək, portalla bağlı öz təkliflərini veriblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü