Modern.az

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

Aktual

29 May 2017, 15:00

Qəbul imtahanlarının birinci turu arxada qaldı. Yenə də biliyinə, savadına güvənənlərin həm özləri sevindilər, həm də doğmalarını, əzizlərini sevindirdilər. Ancaq ən çox sevinənlər imtahanın nəticələrini abituriyentlər qədər həyacanla gözləyən müəllimlər oldu. Hər könüldə yeri, hər kənddə, hər şəhərdə meyvələri olan və bu gün zəhmətinin, əziyyətinin çörəyini yediyimiz müəllimlərə üzağlığı gətirənlərin içində polisin də övladları vardı.

 

Düzü, bu barədə bir neçə il bundan öncə yazmağı düşünmüşdüm. Hər insanın öz taleyi, öz qisməti olduğu kimi, bu yazının da yazılmaq qisməti bu iləymiş. Beləcə, soraqlaşa-soraqlaşa onların axtarışına çıxdım. Axtardım və tapdım. Həmsöhbətlərimin fikir dünyası, mütaliəsi ilə ilk tanışlıqdan sonra bir daha yəqin etdim ki, uğur qazanmaq üçün dəmir nizam-intizam əsas şərtlərdəndir. Evin-ailənin problemlərinin altına çiyinlərini verməklə yanaşı, həm də asayişin, sabitliyin keşiyində ayıq-sayıq dayanaraq savadlı, vətənpərvər intellekti ilə gələcək aydınlarımızın sırasında yer alacaq övladlar böyüdüb, tərbiyə edən polislərə-həmkarlarımıza yalnız ürəkdən “çox sağ ol” düşür...

Polis övladlarının içində I turda istədiyi balı toplamadığına heyfslənənlər dövlətimizn verdiyi ikinci şansdan yararlanıb özlərini bir daha sınamaq istəyirlər. Əminəm ki, onların adını bu yaxınlarda yüksək bal toplayanlar sırasında görəcəyik...

 

Mətləbdən uzaqlaşmayaq və qəhrəmanlarımızla sizləri tanış edək.

        

DİN-in Polis Akademiyasının əməkdaşı, polis polkovnik-leytenantı Mehman Həsənov da xoşbəxt valideynlərdəndir. O, 1993-cü ildən DİO-da xidmət edir. Həmkarımızın üç övladı var. İki övladı bu il keçirilən qəbul imtahanının I mərhələsində yüksək bal toplayıb. Həmkarımızın ortancıl övladı Seyidəhməd Həsənzadə 2000-ci ildə Ağcabədidə doğulub. İbtidai təhsilini Ağcabədidə alsa da 5-ci sinifdən Bakıdakı Kimya-biologiya təmayüllü liseydə təhsilini davam etdirib.

 

Sonra ailə vəziyyəti ilə əlaqədar 230 nömrəli məktəbi bitirib. Deyir ki, həkim-polis olmaq istəyir və DİN-in general-leytenant Arif Heydərov adına respublika hospitalında işləmək ən böyük arzusudur. O, 606 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub.

        

"Şad xəbəri birinci kiminlə bölüşdün" sualıma cavabı belə oldu: “Yüksək bal toplamağımla bağlı xəbəri ilk dəfə anama dedim. Atama ona görə demədim ki, o xidmətdə idi, narahat etmək istəmədim. Həm də fikirləşdim ki, telefonuna zəng çatmaz”...

 

Sevinc Həsənzadə ailənin böyük övladıdır. Sınaqlardan yüksək bal toplasa da I turda 600-dən aşağı bal toplayıb. II turda ümidləri doğruldacağını deyir. Onun arzusu həkim-oftalmoloq olmaqdır.

 

Məhəmməd Həsənzadə ailənin üçüncü övladıdır. O, Azərbaycanın ən güclü beyinlərindən biridir. Söhbətin nədən getdiyini yəqin ki, bildiniz. Dövrümüzdə şahlar olmasa da o, dünyanın ən güclülərini qarşısında mat etmək istəyir. Xəzər rayonundakı 230 nömrəli orta məktəbin 5-ci sinif şagirdidir.  

 

O, 4 yaşından şahmatla məşğuldur. 2012-ci ildə Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş respublika şahmat turnirində 6 yaşlılar arasında 1-ci yerin sahibi olub, elə həmin il  Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibəti ilə şahmat idman növü üzrə açıq rayon birinciliyində ən yüksək pilləyə ucalıb.

23 mart 2013-cü ildə Krımda keçirilən “Evpatoriyskaya vesna-2013” beynəlxalq şahmat turnirində iştirakçılar arasında ən az yaşlı olduğuna görə beynəlxalq diplomla təltif olunub.

 

18 oktyabr 2014-cü il Gürcüstan Respublikasının Batumi şəhərində şahmat üzrə keçirilən Avropa çempionatının iştirakçısı olub. 23 dekabr 2015-ci il tarixdə 10 yaşadək uşaqlar arasında şahmat üzrə Azərbaycan birinciliyində  birinci yeri tutub.

 

Bu il 03-12 may tarixlərində ulu öndərimizin 94-cü ildönümünə həsr edilmiş “NAXÇIVAN OPEN 2017”  Beynəlxalq türnirində “c” qrupunda 12 yaşlılar arasında 1-ci olsa da, yekun nəticələrə görə, turnirin 2-cisi olub. Yaşı azdır, ancaq uğurlarını sadalamaqla bitməz Məhəmmədin...                                                          

 

Aygül Heydərli də qəbul imtahanından yüksəl bal toplayanlardandır. O, 639 balla DİN-in Polis Akademiyasına qəbul olunub. Atası İlyas Heydərov DİN-in Katibliyinin Mətbəsinin əməkdaşıdır.

 

Aygül 2000-ci ildə Bakı şəhərində doğulub. Telman İsgəndərov adına 142 nömrəli məktəbin 11-ci sinif şagirdidir. Kiçik yaşlarından “polis olacağam” deyib  tutdurub.

 

Onunla söhbət zamanı diqqətimi çəkən məqamlardan biri də toxunduğumuz mövzulara uyğun oxuduğu əsərlərdən sitatlar gətirməsi idi.

 

Elə mən də bu fürsətdən istifadə edib ona dünya və Azərbaycan ədəbiyyatı ilə bağlı suallar ünvanladım. Aldığım cavablar, əlbəttə ki, mükəmməl idi və sözün düzü, sevindim ki, gələcəkdə polisin sırasında belə gənc aydınların yer alması uğurlarımızı daha da davamlı edəcək.   

 

Bu gün təhsildə, musiqidə və idmanda uğur qazanan gənclər vətənimizin sərvətidir. Onları qorumaq isə hər birimizin borcudur.

 

Hafiz Təmirov, polis mayoru

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı