Modern.az

Universitetlər müəllimlərə nə qədər maaş verir...  

Universitetlər müəllimlərə nə qədər maaş verir...   

25 Mart 2019, 16:57

Bir neçə gün öncə Xəzər Universitetində qalmaqal yaşanıb. Belə ki, universitetdə fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub ona az məvacib (160 manat) verilməsinə etiraz əlaməti olaraq işindən istefa verib. Özəl universitetdə belə bir halın baş verməsi universitetlərdə müəllimlərin maaşları ilə bağlı sualların ortaya çıxmasına səbəb olub.

Xəzər Universitetində müəllimlərin maaşı niyə belə aşağıdır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda müəllimlərin aldıqları əmək haqqı onların ehtiyaclarını ödəmir.

“Düzdür ölkə başçısı İlham Əliyevin "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli sərəncamı var. Sərəncama görə, orta məktəblərdə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə artırılmaqla, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə qaldırılıb. Müəllimin vəzifə maaşının məbləğini 18 saata bölməklə, 1 saatın dəyəri müəyyən edilir. Hazırda müəllimin 1 dərs saatının dəyəri orta hesabla 34 faiz artıb. Bundan sonra da bir neçə dəfə əmək haqları artıb.
Amma ali təhsil müəssisələrində vəziyyət orta məktəbdən fərqlidir”.

Ekspet deyib ki, ali təhsil müəsisələrində də çalışanların əmək haqları müxtəlifdir:

“Universitetlərdə çalışan müəllimlərin əmək haqları onun ştatda olub olmamasından, elmi dərəcəsindən asılıdır. Məsələn, Bakı Dövlət Universitetində professor-müəllim heyətinin əmək haqqı 650 - 1500 manat arası dəyişir. Bundan əlavə, universitet əməkdaşlarının xeyli hissəsi yerli və beynəlxalq proqram-qrantlarda iştirak edir ki, burdan əldə etdiyi gəlirlə birlikdə mavacibləri 3 min manatdan çox olur. Amma onlarla yanaşı, saat hesabı dərs deyən, elmi dərəcəsi olmayan müəllimlər də var ki, 150 manat əmək haqqı alır.
Başqa bir universitetdə, UNEC-də pedaqoji heyətin orta aylıq əməkhaqqı 1000 manata yaxındır. 2015-16-cı tədris ilindən ölkə universitetləri arasında ilk dəfə UNEC-də Differensial Əməkhaqqı Sistemi tətbiq edilir. Sistemə görə, pedaqoji heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların UNEC-dəki fəaliyyətinin üç əsas istiqaməti – elmi, tədris və özünüinkişaf üzrə müəyyən edilən yüzdən çox göstərici əsasında hər bir müəllim üçün “Müəllimin İllik Xidməti Fəaliyyət Balı” hesablanır. “Müəllimin İllik Fəaliyyət Balı”na əsasən, müəllimlərin illik reytinq siyahısı tərtib olunur. Reytinqdə 1-10-cu yerləri tutan müəllimlərin əməkhaqqı 2 dəfə, 11-30-cu yerləri tutan müəllimlərin əməkhaqqı 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin əməkhaqqı 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlərin əməkhaqqı isə 1,2 dəfə artırılır. Hal-hazırda bu universitetdə pedoqoji heyətin orta aylıq əmək haqqı 961 manatdır”.

 


K.Əsədovun sözlərinə görə, Azərbaycan Tibb Universitetində ingilis dilində dərs deyən müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahan keçirilib:

“İmtahanda yüksək nəticə göstərən tam ştatda işləyən müəllimlərin maaşlarına 120 AZN, yarımştat işləyənlərə isə 60 AZN əlavə olunacağı haqqında qərar verilib. Bundan sonra ATU-da hətta 1500 manat əmək haqqı alan şəxslər var. Amma bu, Universitetdə dərs deyən müəllimlərin əmək haqqıdır”.

Ekspert bildirib ki, universitetlərdə inzibati vəzifə tutan şəxslərin əmək haqqı daha çoxdur:

“Misal üçün, UNEC-də dekanların vəzifə maaşı 2000 manatdır. Dərs deməkdən isə təqribən 500 manat alırlar. Kafedra müdirinin vəzifə maaşı isə 1500 manatdır. Professorun vəzifəsinə görə aldığı maaş isə 1300 manatdır.
Gəncə Dövlət Universitetində orta aylıq əmək haqqı 396 manat təşkil edir. Bu universitetdə işləyən elmlər doktoru-professorların aylıq maaşı 1200 manat təşkil edir”.


K.Əsədov bildirib ki, hazırda dövlət universitetlərində müəllim və professor heyətinin 25 faizinin yaşı 69 və daha yuxarıdır:

“Gənclərin elmə, universitetə gəlməsi çox zəifdir. Bu gün özəl ali təhsil sistemində mədaxil olan gəlirlərin 80%-i əmək haqqı fonduna yönəlir. Bu olduqca böyük məbləğdir və universitetin inkişafına mane olur. Universitetlər əmək haqlarını digər mənbələrdən ödəməlidirlər. Amma özəl universitetlər bir çox hallarda əməkhaqqı barədə məlumatları gizlədirlər. Onlar maliyyə sirridir deyə, ictimaiyyətə açıq olmurlar”.

 

Kamran Əsədov deyib ki, Xəzər Universiteti digər özəl universitetlərlə müqayisədə yüksək əmək haqqı verilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi