Modern.az

YAP funksioneri: “Biz AXCP ilə Müsavatı heç partiya hesab etmirik”

YAP funksioneri: “Biz AXCP ilə Müsavatı heç partiya hesab etmirik”

10 Fevral 2012, 17:09

Siyavuş Novruzov siyasi partiyaların maliyyələşməsi ilə bağlı dialoqda iştirakın şərtlərini açıqlayıb

“Siyasi partiyaların maliyyələşməsi ilə bağlı dialoq aparılması təkcə Müsavatın və AXCP-nin buna razı olmasından asılı deyil”. Bu sözləri Modern.az saytına Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Müsavatın onun dialoq təklifinə razılaşması, AXCP-nin isə “yox” deməsinə gəldikdə, S.Novruzovun fikrincə, Azərbaycanda bunlardan başqa partiyalar da var: “Onlardan parlamentdə təmsil olunan və olmayanları mövcuddur. Ona görə bütün partiyalarla birlikdə müzakirə aparılmalıdır. Burada biz iki tərəf görmürük. Yəni bir tərəfdə tutalım ki,  Yeni Azərbaycan Partiyası, digər tərəfdə AXCP, Müsavat kimi məsələ yoxdur”.

YAP funksionerinin sözlərinə görə, AXCP və Müsavatı heç partiya da hesab etmirlər: “Xalq Cəbhəsi partiya deyil, artıq dərnəkdir. Orada heç 3-5 adam yoxdur, onu hansı adla partiya hesab edirlər? Əli Kərimovun sürücüsü, cangüdəni, hamısı Xalq Cəbhəsinin Məclisinin üzvləridir. Yəni 3 adamın adın sadalaya bilməzlər”.

S.Novruzov deyib ki, Müsavat da problemlər içindədir: “Özlərinə başqan tapa bilmirlər, axtarışdadırlar. Yerdə qalan partiyalarla, əlbəttə, bunlar da istəsələr, qatıla bilərlər, dialoq baş tuta bilər. Biz parlamentdə olan partiyalarla daim dialoqlar aparırıq.  Bu məsələ ilə də bağlı proqram hazırlayıb, müzakirələr apara bilərik. Biz buna hazırıq. Amma gərək o partiyalar da öz maliyyə mənbələrini açıqlasınlar”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı