Modern.az

Tələbələr təqaüd almaq üçün imtahan verəcəklər

Tələbələr təqaüd almaq üçün imtahan verəcəklər

11 May 2012, 10:06

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2012-ci il mayın 13-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqənin I mərhələsi olan test imtahanı həyata keçiriləcək.

İmtahan Bakı Dövlət Universitetinin I, II və Yeni tədris binalarında (Z.Xəlilov küç., 23) saat 11:00-da başlanır.

Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş tələbələrə buraxılış vərəqələri 7,8 və 10 May tarixlərində hər gün saat 11:00-dan 15:00-dək ARDNŞ-nin İnsan Resursları Departamentinin binasında (ünvan: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz) tədim olunur. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. Buraxılış vərəqələri paylanarkən namizədlərə yaddaş kitabçası verilir.

ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

Hazırki müsabiqədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları”, “Neft-qaz yataqlarının işlənməsi və istismarı”, “Sənaye mühəndisliyi (neft və qaz sənayesi üzrə)” və digər ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər. Qeydiyyat ARDNŞ tərəfindən aparılmış və 1710 nəfər qeydiyyatdan keçib.

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü