Modern.az

“Ayaz Mütəllibov heç vaxt legitim hakimiyyətə sahib olmayıb” - AÇIQLAMA

“Ayaz Mütəllibov heç vaxt legitim hakimiyyətə sahib olmayıb” - AÇIQLAMA

13 Noyabr 2012, 11:41

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, vaxtilə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri olmuş Arif Hacılı eks-prezident Ayaz Mütəllibovun AXC ilə bağlı səsləndirdiyi tənqidi fikirlərinə münasibət bildirib. A.Hacılı Ayaz Mütəllibovun AXC-ni milli qüvvə hesab etməməsi və hakimiyyəti onun əlindən sui-istifadə edərək alması haqda ittihamlarını  Modern.az-a şərh edərək, sabiq prezidentin fikirlərinin əsassız olduğunu bildirib. Ayaz Mütəllibovun heç vaxt legitim hakimiyyətə sahib olmadığını deyən A.Hacılı AXC-nin Azərbaycan cəmiyyətində ən nüfuzlu təşkilat olduğunu vurğulayıb.

“Azərbaycan Xalq Cəbhəsi milli qüvvə idi. AXC Azərbaycan cəmiyyətində ən nüfuzlu bir təşkilat idi. Azərbaycan xalqının mütləq əksəriyyəti AXC-yə dəstək verirdi. Azərbaycan xalqının əksəriyyətinin səsini qazanmaqla alternativ qaydada keçirilən, kifayət qədər demokratik hesab olunan seçkilərdə Əbülfəz Elçibəy qalib gəlib və bununla da AXC Azərbaycanda hakimiyyətə sahib olub. Mütəllibova gəldikdə isə o, əslində Azərbaycanda heç vaxt legitim hakimiyyət sahibi olmayıb. O, Moskvanın təyinatı ilə Azərbaycan Kommunits Partiyasının I katibi olsa da, onun prezident elan olunduğu seçkilər demokratik seçkilər deyildi, bu baxımdan Ayaz Mütəllibovun hakimiyyətdən getməsi yox, Azərbaycanın rəhbəri olması qeyri-adi bir hadisə idi”.

Qeyd edək ki, eks-prezident Ayaz Mütəllibov mətbuata müsahibəsində Azərbaycan Xalq Cəhbəsini tənqid edərək onu milli qüvvə hesab etmədiyini bildirib. Sabiq ölkə rəhbərinin sözlərinə görə, AXC onun prezident olduğu dövrün mürəkkəbliyindən, xüsusilə Dağlıq Qarabağ və onun ətrafında yaranmış ağır vəziyyətdən istifadə edərək, dövlət çevrilişi yolu ilə hakimiyyəti mənimsəyib.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü