Modern.az

Millətinin Məcnunu

Millətinin Məcnunu

20 İyun 2013, 15:32

Əbülfəz Elçibəyin 75 illiyinə

 
“1975-ci il...  Məhkəmədə son söz verildi. Ayağa qalxdı, son söz yerinə Səməd Vurğunun Azərbaycan şeirindən bir bənd deyib, oturdu. Hakim hökmü oxuduqdan sonra Onu Qaradağ Daş Karxanasına – məhbəsə yolladılar.

Artıq məhbəsə xəbər gedib çatmışdı: “O gəlir”. Onun üçün ayrıca yer hazırlamışdılar, müəllimin gəlməsini gözləyirdilər. Artıq Əbülfəz mayın axırı Qaradağ Daş Karxanasında idi. Dustaqlar onu xüsusi hazırlanmış mənzilə aparıblar. Mənzil çox da pis olmayıb. Dustaqlıq şəraitində stul, tumboçka, səliqə ilə örtülmüş təmiz yorğan, döşək, qrafin, stəkan və sair. Onu 2 gün işə buraxmayıblar. Dustaqlar Əbülfəzin nə üstə tutulduğunu əvvəlcədən bilirdilər. Türmə həyatının qayda-qanunlarını ona danışıblar. Ona bir dustaq ayrılıb ki, qulluq etsin, yatdığı yeri həmişə təmiz saxlasın, suyunu gətirsin, əl-üz dəsmalını təmiz saxlasın və s. Əbülfəz buna razı olmayıb. Ancaq dustaqlar buna etiraz edib deyiblər ki, sən bizim qanunları pozursan. Onda Əbülfəz deyib ki, bir şərtlə razı olaram ki, mənim üçün ayırdığınız adam qeyri-millətdən olsun. Dustaqlar razılaşıblar...”

Bu sətirlər Əbülfəz Elçibəyin qardaşı, rəhmətlik Murad Bəyin “Qardaşım Elçibəy haqqında xatirələrim” kitabındandır.

XX əsrdə Azərbaycanın və Türk Dünyasının tarixinə adını şərəflə yazmış Əbülfəz Elçibəyin millət sevgisi haqqında çoxsaylı yazılı və şifahi örnəklər var. Gəncliyindən, ta son nəfəsinədək millətinə olan sevgisini Tanrı sevgisi tək varlığında gəzdirən bu abidə şəxsiyyət, bir çox məziyyətləri kimi millət sevgisində də hamıdan fərqləndi.  Onun millət sevgisi gözəgörünməz bir varlığı sevməkdən uzaq idi. Onun millət  sevgisi millətini fərd-fərd sevməkdən yoğrulmuşdu. Onun 50 milyonu, 300 milyonu sevməyi məhz bir fərdi sevməkdən başlayırdı.

Yuxarıda – kitabdan verdiyim parçada bu sevgi özünü ibrətamiz, bənzərsiz şəkildə göstərir. Öz millətindən olan bir dustağa dəyər vermək, ona sevgi və sayğı göstərmək, onu özünün xidmətçisi gözündə görə bilməmək... Kim bilir, bəlkə o dustaq ən ağır cinayət törətmiş birisi idi. Ancaq Elçibəy üçün o, millətinin bir fərdiydi. Hətta millətinin ən axırıncı fərdi olsa belə. O üzdən, həmin dustağın ona xidmətçi kimi qulluq etməsinə razılıq verməmişdi...

Mənim üçün bu olay, Elçibəyin millət sevgisində ən böyük zirvədir. Millətinin fərdini sevməyən kəs, onun milyonlarını da sevə bilməz.

O, 1990-cı ilin 28 mayında komendant saatında, rus ordusunun sıx nəzarətinə baxmayaraq – üçrəngli bayrağı Əlyazmalar İnstitutuna öz əlləri ilə sancanda da, bu cəsarəti içindəki millət sevgisindən alırdı.

Çox qısa bir zaman içərisində ağılasığmaz dərəcədə işlər görmüşdü. Latın qrafikalı əlifbanın qəbulu, Türk dilinin hüquqi statusunun qəbulu, milli valyutanın dövriyəyə girməsi, test üsulunun təşkili, rus ordusunun ölkədən çıxarılması, Qarabağın işğalının sona doğru yürüməsi...

Ordunun çıxarılması ərəfəsində Rusiya prezidenti Boris Yeltsinlə onun söhbəti olduqca maraqlı idi. Yeltsin deyir: Elçibəy, bəlkə bir hərbi birləşməni nümunə üçün Azərbaycanda saxlayaq. Elçibəyin cavabı: Boris Nikoloyeviç, bir şərtlə, Moskva ətrafında da bir Azərbaycan hərbi birləşməsi yerləşdirmək şərti ilə!

Əgər bizlər tariximizə, şəxsiyyətimizə dünyanın bir çox mədəni xalqlarında olduğu kimi dəyərincə yanaşsaydıq, şəxsiyyətləri istədiyimiz kimi deyil, layiq olduğu kimi dəyərləndirsəydik nə qədər böyük görünərdik?! Gənc nəslin formalaşmasında nə qədər nümunələr, əyani vasitələr əldə etmiş olardıq?!

Çağdaş Azərbaycan ictimai-siyasi həyatına yön verən, yorulmadan bütün mənalı həyatını Azərbaycan xalqının milli azadlığı və bütövlüyü uğrunda mübarizəyə həsr edən, gerçəkçi bir Türk və Turan sevdalısı olan Elçibəyin əsas idealları aşağıdakı sistem və inanclar üzərində qurulmuşdu:

- Quzey Azərbaycanın müstəqilliyi, Demokratik Azərbaycan Cümhuriyyətinin yaradılması;

- Qarabağın erməni işğalından azad edilməsi;

- Güney Azərbaycanın müstəqilliyi;

- Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsi - Bütöv Azərbaycan Dövlətinin yaradılması;

- Türk dünyasının mədəni, iqtisadi, hərbi və nəhayət konfederativ əsasda siyasi birliyi.

Elçibəy mənalı həyatında bu ideyalardan yalnız birini - Quzey Azərbaycanın müstəqilliyini gerçəkləşdirə bildi. Digərlərinin gerçəkləşməsi üçün yollar göstərdi, konkret addımlar atdı.

Azərbaycanın bütövləşməsini həyatının mənası hesab edən Elçibəy Azərbaycan türklərini milli hədəflərə doğru istiqamətləndirən, onların ruh boşluğunu doldurmağa çalışan, onları müqəddəs Vətənin-doğma Azərbaycanın və bütövlükdə Ana Türküstanın Bütövlüyü uğrunda mübarizəyə səsləyən və onları bir bayraq altında birləşdirməyə çağıran liderdir. Elçibəy: "Hər bir döyüş əzablı olduğu kimi iki imperiya arasında Türk təfəkkürünün yenidən doğuşu da əzablı olacaq. Mənim çalışdığım Bütöv, Müstəqil və Demokratik Azərbaycan Dövləti qurmaqdır. Bu isə xalqın - 50 milyonluq Azərbaycan türkünün istəyinin yerinə yetirilməsinə kömək etmək deməkdir" - demiş və Bütöv Azərbaycan ideyası ilə meydana atılmış və ömrünün sonunadək atıldığı bu yoldan dönməmişdi. Bu məqsədlə "Bütöv Azərbaycan Birliyi" adlı ictimai-siyasi bir təşkilat yaratmış və ömrünün sonunadək bu təşkilata rəhbərlik etmişdi.

Elçibəy türklüyün gələcəyinin parlaq olacağını söyləmiş və tarixin inkişaf qanununa əsaslanaraq göstərmişdi ki: "İnşallah, bütün Türk dünyasında Cümhuriyyətlər yaranacaq, demokratiya yürüyəcək, harada əzilən Türklər varsa, orada onlar öz bayraqlarını qaldıracaqlar. Türk yenidən gücünü toplamaqdadır. O, yeni bir kimliklə yenidən doğulacaqdır. Yeni Türk kimliyinin 500 il öncəki Türk kimliyindən fərqi çox böyük olacaqdır. Onun milli mədəniyyəti yüksəlməkdədir. İndi sırf milli Türk kökü üzərində qurulan yeni dövlətlər meydana çıxmaqdadır. Bu, tamamilə yeni və müəzzəm bir doğuşdur. Yaxın 5-10 il içərisində Türkiyə dünyanın ən böyük, dünya siyasətinə yön verəcək dövlətlərindən biri olacaqdır. İnşallah, 260-270 milyon Türk insanı da iç-içə, yan-yana olarsa, Türklər 10-15 ildən sonra dünyaya sözünü söyləyəcəkdir. Türkün sözü olmadan dünya öz başına yaşayıb durmayacaq, dünya Türksüz davrana bilməyəcək, Türkün sözü ilə hesablaşacaqdır. Bax, onda yeni Turan məfkurəsi meydana çıxacaq. Türk kimliyi Avropaya yalnız Türkün öz mədəniyyətinə sahib çıxmasından sonra təqdim olunacaq. Soydaşlarımız öz xalqını tanıdıqca, öz millətinin keçmişini, mədəniyyətini öyrəndikcə, təbii ki, qürur duyacaq. Bir zaman gələcək Azərbaycan birləşəcək, Uyğurustanda Türk bayrağı dalğalanacaq. Bu gün artıq dünyada 27 Türk bayrağı dalğalanır".

Elçibəy irsi, onun Türk dili, Türk tarixi, Türk mədəniyyəti, Türk fəlsəfəsi, Türk dövlətçiliyi, milli kimliyimiz, milli məfkurəmiz, din, əxlaq, elm, azadlıq, demokratiya və s. haqqında söylədiyi və yazdığı fikir və mülahizələr bütövlükdə Türk dünyasının mənəvi enerji qaynağıdır.

Elçibəy davamçıları əmindir ki, yenidən türk kimi yaşamaq, türk olmanın mənəvi yükünü dərk etmək və bundan qürur duymaq, yəni Elçibəy yolunu ləyaqətlə davam etdirmək sonda üç böyük ideyanın - Bütöv Azərbaycan Birliyinin, Türkiyə-Azərbaycan Birliyinin və nəhayət Türk Birliyinin gerçəkləşməsinə gətirib çıxaracaq. Elçibəysevərlər və Elçibəy yolçuları buna varlıqları qədər inanırlar.

Aqil Camal

Yazı “Xalq Cəbhəsi” qəzetinin Əbülfəz Elçibəyin 75 illik yubileyi ilə bağlı keçirdiyi müsabiqə üçün hazırlanıb 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı