Modern.az

Rusiya təmayüllü müxalifətçilik yarışı

Rusiya təmayüllü müxalifətçilik yarışı

Aktual

13 Avqust 2013, 10:48

 

Azərbaycanda Şimalyönümlü ciddi müxalifətin kim olacağı bəlli deyil

Müxalifət düşərgəsində ciddi gərginlik hökm sürür. Milli Şura ikinci vahid namizəd seçiminə start verə bilmədi. Ortada böyük vaxt itkisi olduğundan Rəsul Quliyevin səbri daha da daralır. Ötən həftə sonu eks-spikerin adı ilə bağlı mötəbər informasiya qaynaqları adından nüfuzlu KİV-lərdə yayılan məlumatlar diqqətçəkici və maraqlı idi. Amerikadakı on beş illik siyasi zindanın qapılarının açarını Rusiyada axtaran Rəsul Quliyev bu ölkənin rəsmi çevrələri ilə birbaşa təmaslara can atır, Azərbaycana qayıtmasına Putindən dəstək almağa çalışır. Bir tərəfdə Rusiyanın adamı imicini qazanmış Rüstəm İbrahimbəyovun dəstək cəhdləri, digər tərəfdə Putinin adamı olmayan Quliyevin şimal qonşumuzda dəstək axtarışları. Onun Rusiyanın Amerikadakı səfiri Sergey Kislyakla keçirdiyi görüşün, yüksək çinli məmurlara yazdığı məktubun bu məqsədi daşıdığı haqda ortada inandırıcı şəkildə təkzib edilməyən bigilər var. Xəbərin bu hissəsindən daha çox maraqlı olan hissəsi eks-spikerin Rusiyanın Azərbaycanla əlaqəli siyasətində ona yardım etməyə hazır olduğunu açıq tekstlə bildirməsidir. Təbii ki, bu detal- Rusiyanın maraqlarının təminatına razılıq jestləri, xüsusilə Qarabağ probleminin Rusiyanı qane edən şəkildə çözülməsinə söz verilməsi kifayət qədər ağırdır və Rəsul Quliyev bunun danılması mövqeyini seçsə də, Rusiya ilə təmaslarının motivini tamamilə təkzib edə bilmir.

Təkzib edə də bilməz, çünki Rusiya ilə işləmək artıq qəbahət sayılmır, onun şərtlərinə əməl etməyə indi hamı hazır vəziyyətdədir.

Məsələ burasındadır ki, Milli Şuranın namizədinin saxta qayıdış bəyanatları yeni situasuyanı doğurub və hər bir siyasi persona özunun seçkidə iştirak imkanlarını nəzərdən keçirir, digər variantlar üzərində təhlillər aparmağa çalışır. Hakimiyyətlə Rusiyanın siyasi əlaqələrinin güclənməsi zərurəti, Qərbin etimadını doğrultmayan müxalifətin Rusiyaya meyllənməsi indi bütün tərəflərin, əksər siyasi xadimlərin bu variantla işləməsinə etalon olub. Rusiyanın adamı olmaq, onun himayədarlığı ilə siyasi olimpin zirvəsinə yüksəlmək üçün sanki bir yarış başlayıb. Hansı ki, bundan əvvəl Rusiyanın adı ciddi-cəhdlə rədd edilir, hər bir tərəf onunla əməkdaşlığı öz keryerasına ciddi zərbə sayırdı. İndi isə şəxsi maraqlar milli maraqları daha artıq üstələdiyindən, Rusiya cəlbedici bir qüvvə halına gəlib. Mövcud siyasi şəraitdə daha çox çabalayan, quyunun dibindən çıxmaq üçün Rusiyanın əlindən yapışmaq cəhdi göstərən Quliyev Azərbaycandakı siyasi prosesləri öz nəzarətində saxlayan rəsmi Moskvadan faydalanmaq üçün əməkdaşlıq təklifində geri qalmaq istəmir. Əslində inandırıcı deyil ki, o, məhz iki aydan sonra keçiriləcək seçkilərın mərkəzinə can atır. Yox, əgər can atırsa, Quliyev yaxşı başa düşməlidir ki, qısa zaman kəsiyində proseslərin proloquna qayıtmaq mümkün deyil. Rusiya onu vahid namizəd hazırlamaq niyyətinə düşsə də, bu, müxalifətin səs çoxluğunu almayacaq. Digər tərəfdən, Azərbaycana qayıtmaq istəsə, qayıda bilməyəcək, çünki, bunun üçün bütün yollar maneələrlə doludur; haqqında açılmış cinayət işi bağlanmayıb, hakimiyyətlə kəskin münasibətlər loyal xarakterə keçməyib. Putin heç İbrahimbəyovun pasport problemini həll etmək istəmir, bəlkə Azərbaycan hakimiyyəti ilə toqquşmadan hələlik qaçır deyə. O ki, qala uzun illər Amerikada sığınacaq tapan Quliyevin siyasi proseslərin mərkəzinə gətirilməsinə dəstək verə.

Bundan başqa, hakimiyyətin içərisində Quliyevi ölkədə gözləyəcək müxalifət varmı, yoxmu-bu da bəlli deyil. Əgər varsa, Fərhad Əliyev, Əli İnsanovun məxfi müxalifət xətasının sonu onlar üçün elə bir dərsdir ki, hakimiyyət binasının dibini qazmağa çətin ki, riskli olsunlar. O halda Rəsul Quliyev nəyə güvənib Azərbaycan siyasətinə yaxın məsafədən qatılmağa həvəslənə bilər? Dönməsini sentyabr, oktyabr ayı kimi göstərən, bununla da növbəti qayıdış şousu sərgiləyən eks-spiker on beş ildir ki, ölkəyə gəlmək planlarına böyük məbləğdə pul xərcləyib. SİDSUH adlı qurumu yaradıb, onun aktiv fəaliyyətinə, davamlı etiraz aksiyalarına maddı vəsait qoymaqla, cəmiyyəti radikal ovqata kökləyib Azərbaycanda siyasi hakimiyyəti dəyişməyə hesablamışdı. Lakin Quliyev böyük pullar hesabına özünün ölkəyə dönüşünü təmin edə bilmədi. Bu çəhətlərdən onun Rusiyameylliyi çox güman ki, seçkilərdən sonrakı dönəmə hesablanır. Bu nə deməkdir?

Söhbət ondan gedir ki, Rusiyanın aktivliyi təkcə prezident seçkiləri ilə bağlı deyil. Bu seçkidən sonra ölkədə parlament seçkiləri start götürəcək və Rusiyanın Azərbaycanla anlaşmaq istədiyi məsələ yalnız Avrasiya İttifaqı məsələsini əhatə etmir, yetərincə maraqlar var ki, bunlar da iki tərəfin uzlaşmasını tələb edir. Eyni zamanda Azərbaycan-Rusiya münasibətləri qısamüddətli yox, uzunmüddətli münasibətlərdir. Odur ki, Rusiya Milli Şura ilə nüfuz etdiyi Azərbaycanda daha möhkəm dayaqlar atmağa maraqlı olacaq. Milli Şura bu formatda, bu adda Rusiya üçün ötəri bir variant olsa da, onun Azərbaycanda formalaşdıracağı daimi müxalifətinin fundamentini təşkil edir. Yəni, indidən artıq Azərbaycanda Rusiyanın müxalifətinin ciddi şəkildə formalaşması prosesi start götürür. İrəlidə bu müxalifət nə İbrahimbəyovdur, nə Milli Şura formatıdır. Rusiya çalışacaq ki, müxalifətin içərisindən bir nəfəri seçib, onu radikal müxalifət kimi yetişdirib, gələcək sitiuasiyalarda istifadə etsin. Özü də bunu indi etmək o qədər asandır ki, əgər əvvəllər müxalifətin, əsasən Qərblə çalışması bunu əngəlləyirdisə, həm də müxalifət Rusiyadan qorxunc bir qüvvə kimi uzaq gəzirdisə, hazırda Qərb əlini müxalifətin üzərindən çəkib, Rusiya ilə Azərbaycan arasında buzlar əriyib deyə proses maneələrə rast gəlmədən irəliləyir. Göründüyü kimi, müxalifətin bel sütunu elə bir zədə alıb ki, ayağa qalxmaq üçün Rusiyanın əsasından yapışmaqdan ictimai rəy qorxusu yoxdur. Rəsul Quliyev də ictimai rəydən çəkinmir, Rusiyanın yaxın zamanlarda sürətlənəcək öz müxalifətini formalaşdırmaq prosesində bu statusu qazanmaq üçün çarpışır. Azərbaycanda Şimalyönümlü ciddi müxalifət Rusiyanın Bişkek protokolundan yaxşı tanıdığı Rəsul Quliyevmi olacaq, yoxsa, bir başqası, bunu gələcək göstərəsək.

Vəfa Allahverdiyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı