Modern.az

Gürcüstanda Azərbaycan kəndləri yenə gürcüləşdirilir

Gürcüstanda Azərbaycan kəndləri yenə gürcüləşdirilir

25 İyun 2010, 10:56

Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) və “Milli azlıqların hüquq müdafiəsi üzrə Monitorinq Qrupu”nun təşəbüsü ilə ölkənin azərbaycanlı kəndlərində aparılan monitorinqin ilkin nəticələri açıqlanıb.

 

İki aydır ki, Gürcüstanın azərbaycanlı kəndlərində əhalinin yaşayış şəraitinin araşdırılması məqsədilə monitorinq həyata keçirilir. Bolnisi rayonunun 23 kəndində aparılan monitorinq nəticələri göstərir ki, Gürcüstanın azərbaycanlı kəndlərinin əhalisinin yaşayış şəraiti çox aşağı səviyyədədir.

 

Monitorinq qrupunun rəhbəri, GAK üzvü, “Qarapapaq” Xeyriyyə Cəmiyyətinin sədri Elşad Əliyevin bildirdiyinə görə, azərbaycanlılar içməli və suvarma suyunun olmamasından əziyyət çəkir, kəndlərin adlarının gürcü adlarına dəyişdirilməsindən çox narahatdırlar.

 

E.Əliyevin sözlərinə görə, monitorinq aparılmış bütün kəndlərin problemləri bir-birinə bənzəyir: “Kənd əhalisini narahat edən ən başlıca problem isə Azərbaycan dilli məktəblərin bağlanmaq üzrə olmasıdır. Belə ki, həmin məktəblərdə həm kadr, həm də şagird çatışmazlığı problemi var. Şagird çatışmazlığının əsas səbəbi ondan ibarətdir ki, ağır sosial-iqtisadi vəziyyətin ağırlığından ailələrin ölkəni tərk edib qazanc dalınca Rusiya, Türkiyə və Azərbaycana getməsidir. Həmin ailələr məktəb yaşlı uşazqlarını da özləri ilə aparırlar. Həmçinin məktəblərin vəziyyəti acınacaqlı olduğundan azərbaycanlı şagirlər gürcü dilli məktəblərdə təhsil alır. Heç bir Azərbaycan dilli məktəbdə gənc müəllim kadr yoxdur”.

O, azərbaycanlı kəndlərin əksəriyyətində gənclər olmadığını, yalnız yaşlı nəsilin nümayəndələri qaldığını deyib. Monitorinq qrupunun rəhbəri kəndlərdə hətta qədim abidə, məscidlərin üstünə, müsəlman qəbirstanlıqlarının, ziyarətgahların yaxınlığında xaçların yerləşdirildiyini bildirib: “Yerli sakinlər bunu müsəlmanlara təhqir kimi qiymətləndirirlər. Onlar məscid tikintisinə icazə verilmədiyi halda, xaçların yerləşdirilməsinə narazılıqlarını bildirirlər”. 

 

Onun sözlərinə görə, monitorin aparılmış 23 kəndin əzəli Azərbaycan adları yerli sakinlərin rəyi olmadan, onlarla məsləhətləşmədən  dəyişdirilib: “Kəndlərin Azərbaycan adlarının olduğu lövhələr dağıdılıb. Əhali kəndlərin əzəli dədə-baba adlarının dəyişdiirlməsindən çox narahatdırlar və əvvəlki adların qaytaraılmasını istəyirlər. Onlar kəndlərin gürcü adlarından yox, əzəli Azərbaycan adlarından istifadə edirlər. Məsələn, Qoçulu kəndi Çavala, Arxlı kəndi Naxeduri, Muğanlı kəndi Farisi, Kolagir kəndi Surtava adlandırılıb”.

E.Əliyevin bildirdiyinə görə, azərbaycanlı kəndlərdə tarixi abidələr də  gürcüləşdirilir: “Alban, Azərbaycan abidələrinin yaxınlığında xaç qoyulur. Tarixi və mədəni abidələrin üzərində onun nə vaxt, kim tərəfindən, nə məqsədlə tikildiyini bildirən daş lövhələr götürülüb”. 

E.Əliyev kənd əhalisinin torpaq probleminin də ən ağrılı problemlərdən biri olduğunu deyib: “Kənd əhalisi torpaqla yaşayar, torpaq sahələri isə onların əllərindən alınıb. Torpaq bölgüsü zamanı sakinlərə elə kiçik sahə düşüb ki, orada hər hansı bir təsərrüfatla məşğul olmaq mümkün deyil”.  

 

Qeyd edək ki, Gürcüstanın azərbaycanlı kəndlərində aparılan monitorinq davam edir. Daha 13 azərbaycanlı kənddə də monitorinq aparılacaq. Monitorinqin 2 ay ərzində tamamlanacaq və nəticələrlə bağlı hesabat hazırlanacaq. Lalə Musaqızı Tiflis, Gürcüstan

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü