Modern.az

Rusiya ilə oyun formulu

23 Dekabr 2020, 17:43

Qəzənfər Həmidoğlu

Corc Oruellin "Heyvanıstan" ("Animal Farm") əsərində məşhur bir ifadə var: "Yalanın tüğyan etdiyi zamanda həqiqəti demək ekstremizmdir".

Vətən müharibəsi günlərində Qərb mediasının, Rusiya dairələrinin Qarabağ savaşı barədəki dezinformasiya və ağ yalanları bizi hövsələdən çıxardır və incidirdi.

Zəfərdən sonra bir çox sualın açıq, üçtərərəfli bəyanatda bir çox məsələnin qapalı qalmasının qeyri-sağlam şübhələrə zəmin yaratması fonunda siyasi və geosiyasi mülahizələrlə yalan, feyk xəbər və təhlillər içəridən daxili həyatımızı bürüməyə başladı...

***

Qarabağdakı rus hərbi kontingentinin davranışı, Qalib əsgərin üzləşdiyi çətinliklər və Orduya əcaib yardım kampaniyası Vətən Müharibəsi günlərində yüksələn milli kefimizə Zəfərdən sonra qəfil soğan doğradı.

Üstəlik, bu problemlər ətrafında açılan polemikalar ovqatımızı qıcıqlandırır, cəmiyyəti çaşqın edir.

Məsələ həmin problemlərdə və polemikalarda deyil. Hər halda, bu, faciə deyil, uzağı kədərli, amma düşündürücüdür.

Məsələ at izinin it izinə qarışmasındadır. Alternativ fikrə, sərt tənqidə, müxalif rəyə, konstruktiv ittihama dözümlü yanaşmaq lazımdır. Amma gizli deyil ki, bir çox radikal suçlamalar aşkar antitəbliğat, destruktiv niyyət və informasiya savaşı ünsürüdür.

***

Hakimiyyətin ünvanına rus sülhməramlıları və ya 10 noyabr üçtərəfli bəyanatına imza atılması ilə bağlı elə ittihamlar (xəyanət, Qarabağı ruslara satmaq, şəhid qanının yerdə qalması və s.) irəli sürülür ki, İrəvandakı mitinqlərdə Paşinyana suçlamalar bəlkə də bu dozada deyil. Az qala şübhəyə düşürsən ki, 27 sentyabrda cəbhədə əks-hücuma keçməklə düz etdik, yoxsa səhv?

Hakimiyyətin opponentləri iddia edirlər ki, müharibəni davam etdirsəydik, Rusiya heç nə edə bilməzdi. Yəni, rus təhdidi şişirdilir. Digəri isə iddia edir ki, çeçenlər qədər olmadıq, o kiçik xalq rusları nə günə salmışdı. Hərif yəqin ki, Qroznının nə günə düşməsindən və Ramzanın çeçenləri nə hala salmasından xəbərsizdir. Hətta Donbasada və Gürcüstanda ukraynalılarla gürcülərin ruslara "fəxri məğlubiyyət"indən danışan da var. Belə çıxır ki, mümkün bəladan qaçmamalı, onu öz dərimizdə sınaqdan keçirməliydik.

Tanınmış politoloq Pol Qoblu kimsə nə iqtidara trolluqda, nə də müxalifətə işləməkdə suçlayar. ABŞ prezidentinin keçmiş müşaviri situasiyanı belə dəyərləndirir: "Azərbaycan Ordusu bütün Qarabağı işğaldan azad edə və Ermənistan ordusunu tamamilə məhv edə bilərdi. Amma belə etsəydi, Azərbaycan hərbi cinayətlərdə təqsirləndiriləcəkdi. Azərbaycan istədiyinə nail oldu, amma reputasiyasına ziyan vurmadı".

Digər ekspertlər isə, Ağdam, Kəlbəcər və Laçın uğrunda savaşda daha çox şəhid verə biləcəyimizi və hakimiyyətin bunu göz önünə aldığına diqqəti cəlb edirlər.

***

Digər yandan, Zəfərdən yalnız təbliğat aləti kimi yararlanmaq, problemləri onun kölgəsində gizlətmək, postsavaş dövrünün ortaya çıxardığı məsələlərə reaksiyasızlıq yalnız əks-effekt verir. Primitiv təbliğat isə antitəbliğatdan da ziyanlıdır.

Ordu həssas məsələdir, onun imicinin zədələnməsinə imkan verilməməlidir. Digər yandan, yardım fondlarının əsgər və şəhid ailələrinin mənliyinə toxunan "xeyriyyəçiliyi"nin birmənalı qarşılanmayacağını anlamamaq üçün abdal olmaq lazımdır.

Hər cəmiyyətin ağrı və dərdləri olur, onların üzərini yaxın və orta müddət üçün örtmək, görməzdən gəlmək olar, amma çarə tapılmasa, uzaq vədədə ciddi başağrıları yaradacağı şəksizdir.

***

Davamız, mücadiləmiz hələ bitməyib. Daxili ictimai-siyasi sabitliyə, həmrəyliyə ehtiyacımız var. Azərbaycanın qarşısında duran taleyüklü məsələlərin həlli bunsuz mümkün deyil.

Hazırda vacib məsələ Rusiya və digər supergüclərlə oyun düsturunu, formulunu düzgün qurmaqdır.

Unutmayaq:10 noyabr üçtərəfli bəyanatı savaşı dayandırıb, amma üfüqdə hələ sülh görünmür. Rusiya indiki status-kvoda yerini möhkəmlətməyə çalışır və nə qədər uzağa gedə biləcəyini, işğal ərazisini nə qədər böyüdə biləcəyini dəqiqləşdirmək istəyir. Odur ki, Bakının hövsələ və reaksiyası yoxlanılır. Azərbaycan bu yoxlamaya sərt reaksiya verə və tutduğu mövqelərə uzanan əli kəsə bilir.

Bir çox təhlilçi əmindir ki, Co Baydenin Ağ evdə oturması ilə 2021-ci ildə qlobal oyunlar qızışacaq, fərqli geosiyasi situasiyalarla rastlaşacağıq. Belə ümidlər də var ki, ABŞ nəhayət ki, Azərbaycanın geosiyasi önəmini anlayacaq və Vaşinqton-Bakı münasibətləri buna adekvat olacaq.

Necə deyərlər, günəş altında hər şey mümkün, heç nə istisna deyil. Əslində, Bakı və Ankaranın indiki situasiyada da birgə oyun qurmaq imkanları var. Təbii ki, seyid cəddinə arxayın olan kimi, biz də hər işimizi qardaş dövlətin boynuna yükləməməliyik. İlk növbədə daxildə görəcəyimiz işlər var.

Öncə bu trendi görək ki, Türkiyənin gəlişi fonunda Rusiya regionda zəifləyir. Putin üçün Ermənistandakı situasiya tam aydın deyil: Kreml Paşinyana etibar etmir, amma onun yerinə gələnin rusiyapərəst olacağına da əmin deyil.

Həmçinin, Moskavanın Qarabağda düzüb-qoşduğu həngamənin sonda havayı hamballıq olmayacağına da qarantiya yoxdur. Ermənilərin Xankəndiyə zorən qayıdışı diqqəti cəlb etməyə bilməz. Qarabağ erməniləri tərəddüd içindədir: onlar çarəsizlikdən geri dönür və bir çoxu Dağlıq Qarabağda qalmağı planlaşdırmır.

Hazırda Dağlıq Qarabağda nə qədər erməninin yaşadığı bəlli deyil. Dağlıq Qarabağdakı qondarma rejim müharibə zamanı Qrabağdakı “150 min ermənidən 90 minə yaxını”nın, İrəvan isə 40 min nəfərin Dağlıq Qarabağı tərk etdiyini bildirirdi. RF Müdafiə Nazirliyinin dekabrın 21-də yaydığı məlumata əsasən, Dağlıq Qarabağa 42 min erməni qayıdıb. 30 minə yaxın erməni isə Dağlıq Qarabağa qayıtmaq niyyətində deyil.

Rusiya sülhməramlıları qayıdanları qeydə alır, amma əşyalarını götürüb İrəvana dönənlər barədə susur. Ermənistanda sığınmağa yer tapa bilməmələri, soyuq hava şəraiti, Covid-19 pandemiyası, ögey münasibət – bir sözlə çarəsiz vəziyyətləri Qarabağ ermənilərini Xankəndiyə qayıtmağa vadar edir.

Lakin onlar Dağlıq Qarabağda rusların tikəcəkləri modul tipli evlərdə öz gələcəklərini görə bilmirlər; gələcəklərini Ermənistanla da bağlamır, Rusiyaya getmək istəyirlər. Artıq Xankəndidə ev satışı elanları artır.

Ermənilərin Epress.am saytı hesab edir ki, “Qarabağ - hamının əldə etməyə çalışdığı, amma kimsənin yaşamaq istəmədiyi torpaqdır”.

Qarabağdakı demoqrafik situasiya Rusiyanın maraqlarına cavab vermir, planlarının pozulması deməkdir.

Ümumiyyətlə, imperiya kabusu müasir Rusiyanı keçmişi ilə xəyalları arasında rahat buraxmır. Moskva müqavimət göstərir, imperiyalar məzarlığında “fəxri” yerinə sahib çıxmaq istəmir.

Tarixi fürsət var: strateji hədəfimizə yetişməkdə dözümlü olsaq, rus imperiyasının tabutuna vurulacaq son mismar türk mismarı ola bilər. Bir qədər nağılvari görünə bilər, amma necə deyərlər, taktika zülm iş, strategiya isə nağıldır.

Azərbaycan məhz bu faktorları nəzərə alaraq azeffektli yaxın və orta vədəli deyil (müxalifət tələsdirir, hər şeyin darmacalda dərhal yerbəyer olmasını istəyir və tənqidini bu fonda qurur), uzunmüddətli proqnozlar (5 illik) əsasında Moskva ilə oyun formulunu - Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılması planını qurmalı və icra etməlidir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək