Modern.az

Azərbaycanda 450 dini icma dövlət qeydiyyatından keçib

Azərbaycanda 450 dini icma dövlət qeydiyyatından keçib

27 İyul 2010, 16:36

İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bir qrup dini icma sədrinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim edilib. Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, indiyədək 450 dini icma dövlət qeydiyyatından keçib və onlara yeni şəhadətnamələr təqdim edilib.

Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib ki, “Dini etiqad azadlığı haqqında” Qanununa edilən əlavə və dəyişikliklərdən sonra ölkəmizdə fəaliyyət göstərən dini icmaların yenidən dövlət qeydiyyatına alınması onların fəaliyyətlərinin genişlənməsinə və daha yüksək səviyyədə tənzimlənməsinə, eləcə də vətəndaşlarımızın vicdan azadlığının təmin olunmasına xidmət edir.

Hidayət Orucov əlavə edib ki, Azərbaycan dövləti və cəmiyyəti onun dini sabitliyinə zərbə vura biləcək yad təsirlərə qarşı barışmaz mövqe tutur. Bu baxımdan kənar müdaxilələrin dəf edilməsində və cəmiyyətin dini səviyyəsinin yüksəldilməsində dini icma rəhbərləri öz səlahiyyətləri çərçivəsində daha fəal və maarifçi mövqe nümayiş etdirməlidirlər: “Geniş dünyagörüşünə, yüksək intellektə və mədəniyyətə malik Azərbaycan xalqının radikal, ekstremist fikir və meyilləri dəstəkləməsi qeyri-mümkündür. Bununla belə, çalışmaq lazımdır ki, insanlarımızın dini bilikləri dünyəvi bilikləri kimi yüksək səviyyədə olsun. Bu məsələdə dini icmaların üzərinə böyük məsul iş düşür. Dini icmalar nizamnamələrindən irəli gələn vəzifələri yerinə yetirsələr, əminəm ki, bu işin  öhdəsindən layiqincə gələ biləcəklər”.

Dinin və dini icmaların siyasiləşməsini yolverilməz hesab edən Hidayət Orucov bu cür cəhdlərin qarşısının alınmasının vacibliyini qeyd edib. Dövlət Komitəsinin sədri deyib ki, dinin siyasiləşməsi böyük fəlakətlərə yol aça bilər: “Dinin siyasətdən ayrı olması müqəddəs dəyərlərimizin pak qalmasına xidmət göstərir. Çünki siyasət dəyişir, amma din dəyişmir. Dinin paklığını və müqəddəsliyini qorumaq hər bir dindarın vicdan və vətəndaşlıq borcudur ”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev dini icmaların nizamnamələrinə uyğun fəaliyyət göstərmələrindən, eləcə də axund və imamların yad təsirlərə qarşı barışmaz mövqe nümayiş etdirmələrinin zəruriliyindən danışıb. O qeyd edib ki, zərərli meyillərə və radikal, ekstrimist qruplara qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, axund və imamların da üzərinə böyük məsuliyyət düşür.

Biləsuvar rayonu, Əsgərabad kəndi “İmam Hüseyn” məscidi dini icmasının sədri Mirkamil Mirsultanov dini icmaların qeydiyyata alınmasını onların fəaliyyətinin dövlət tərəfindən qanuniləşdirilməsi kimi qiymətləndirib. Daşkəsən şəhəri “Cümə” məscidi dini icmasının sədri Ənvər Əliyev, Neftçala rayonu, İkinci Qaralı kəndi “İmam Rza” məscidi dini icmasının sədri Ərzuman Həziyev və digərləri çıxış edərək, ölkədə vicdan azadlığının yüksək səviyyədə təmin olunmasından, dövlətin tarixi-dini abidələrə qayğısından danışıblar. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı