Modern.az

Erməni plagiatlığı barədə saytın təqdimatı olub

Erməni plagiatlığı barədə saytın təqdimatı olub

Qarabağ

12 Avqust 2010, 14:40


“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi Azərbaycan xalqının əqli mülkiyyətinin erməni təcavüzünə məruz qalması faktlarını beynəlxalq aləmə bəyan etmək üçün erməni plagiatlığından bəhs edən internet resursu yaradıb.
Avqustun 12-də Bakı Atatürk Mərkəzində erməni plagiatlığından bəhs edən saytın təqdimat mərasimi keçirilib.

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin sədri Əfqan Qafarlı bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi “Azərbaycanın qeyri-maddi mülkiyyətinin erməni işğalına məruz qalması faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihə həyata keçirib.

Erməni piratçılığının ifşasına xidmət edən www.plagiarism-az.com ünvanlı internet saytı həmin layihə çərçivəsində yaradılıb. İctimai Birlik rəhbəri saytın Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcəyini qeyd edib.
İctimai Birliyin məlumatına görə,  intellektual piratçılıqa məşğul olan ermənilər keçmişdə olduğu kimi, bu gün də Azərbaycanın mədəni irsinə dair nümunələri erməni mülkiyyəti adı altında tirajlayıb xaricdə yaymaqla məşğuldurlar. Vaxtaşırı xarici mətbuatda qondarma və absurd iddialarla çıxışlar edirlər.

“Əqli Mülkiyyətçilərə Kömək” İB hesab edir ki, ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi “əqli mülkiyyət terroru”na qarşı mübarizə ümummilli məsələdir və bu işdə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin qurucuları da fəal olmalıdırlar.
“Buna görə də QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə belə bir layihə həyata keçirməyi və informasiya müharibəsini nəzərə alıb internet saytı yaratmağı qərara aldıq”-deyə “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin rəhbəri qeyd edib.

İctimai Birliyin məlumatına görə, beynəlxalq ictimaiyyət ermənilərin “əqli mülkiyyət terroru”ndan geniş məlumatlı deyil, çünki ermənilər bir çox hallarda dünyanı öz saxtakarlıqlarına və oğurluqlarına inandıra biliblər.

“Əqli Mülkiyyətçilərə Kömək” İB həyata keçirdiyi layihənin davamı olaraq erməni plagiatlığı ilə bağlı faktlar barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına da müraciət etməyi planlaşdırır. “Çünki intellektual oğurluqla məşğul olan düşmənlərimiz keçmişdə də oğurlayıblar, indi də oğurlayırlar, yəqin ki, gələcəkdə də oğurlayacaqlar”-deyə təşkilat bəyan edib.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev ictimai birliyin belə bir sayt yaratmaq təşəbbüsünü alqışlayıb. N.İsayev deyib ki, ermənilərin Azərbaycanın mədəni irsinə aid nümunələri oğurlamaları və mənimsəmələri XIX əsrin 1-ci yarısından başlayıb və bu gün də davam edir. Onun sözlərinə görə, folklorumuz erməni plagiatlığına ən çox məruz qalan Azərbaycanın əqli mülkiyyət nümunəsidir.
Şöbə müdiri bildirb ki, Müəllif Hüquqları Agentliyi erməni plagiatlığı ilə bağlı dəfələrlə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edib. Hələ ki, ermənilərin intellektual oğurluqlarının qarşısı alınmır.

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Elman Məmmədov da “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin ideyasını müsbət addım kimi dəyərləndirib. Millət vəkili deyib ki, erməni oğurluqlarına qarşı ən kəskin addım torpaqlarımızın işğaldan azad edilməsi olar: “Çünki sübut olunub ki, hansı ərazi hansı xalqın nəzarəti altındadırsa, o xalq oranın hökmranıdır və orada hər şey edir. İndi ermənilər bizim torpaqlarımızı işğal edib orada yer adlarını, abidələrimizi özününküləşdirməyə çalışır. Biz buna son qoymaq üçün ilk növbədə torpaqlarımızı işğaldan azad etməliyik”.

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov erməni plagiatlığına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan mətbəxi erməni oğurluqlarına ən çox məruz qalan sahələrdən biridir: “İndi dünyada iki cür kitablar daha çox satılır. Onlardan birincisi dini kitablardır, ikincisi kulinariya kitablarıdır”.
T.Əmiraslanov deyib ki, Milli Kulinariya Mərkəzi erməni oğurluqları barədə kitablar üzərində işləyir. Bundan başqa, mərkəz Qarabağ rayonlarının mətbəx nümunələri barədə də kitablar hazırlamağı planlaşdırır.

Qeyd edək ki, www.plagiarism-az.com saytında ermənilərin müxtəlif istiqamətlərdəki plagiatlıq ənənələrindən bəhs olunan materiallar, nəşrlər yerləşdirilib. Saytda məşhur erməni tarixçiləri, alimləri, yazıçıları, tənqidçilərinin Azərbaycan xalqının əqli mülkiyyətinin mənimsənilməsinə dair ayrı-ayrı mənbələrdəki etirafları ilə də tanış olmaq olar. Bu etiraflarda açıq-aşkar göstərilib ki, erməni xalqı zaman-zaman Azərbaycana məxsus atalar sözlərini, bayatıları, dastanları, aşıq yaradıcılığını, musiqi və mahnıları, mətbəx nümunələrini, xalça çeşnilərini, abidələri və digər mədəni dəyərləri oğurlayıblar.

 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü