Modern.az

Tanınmış siyasətçilərdən kimlər məscidə gedir?

Tanınmış siyasətçilərdən kimlər məscidə gedir?

1 Noyabr 2010, 15:47

Onların içində dua etməkdən imtina edən də var, İslama qarşı biganə olanlar da...


Azərbaycanda din və siyasət həmişə qalmaqal doğurub və ciddi müzakirələrə rəvac verib.  Avropa dəyərlərinə söykənən siyasi palitramızda İslam dini qırmızı xətt kimi keçir. Bütün siyasi partiyalar rəğbət qazanmaq üçün İslam dinindən danışmağa, dini replikalardan istifadə etməyə üstünlük verir.
Bəs Azərbaycanda siyasi partiya liderlərinin dini baxışları necədir və İslam onların həyatında hansı rolu oynayır? Onlar dinin bu və ya digər qaydalarına əməl edirlərmi? Dua edərkən nə diləyirlər?

Modern.az
saytı bu məqsdələ bir sıra tanınmış siyasətçilərə müraciət edərək onların rəyini öyrənib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qeyd edir ki, Konstitutsiyada din vicdan azadlığı kimi tövsif olunur. Bu isə vicdanın əslində Allah xofu və Allah qarşısında məsuliyyətli olmağa dəvət kimi başa düşülə bilər.

Allaha inanan ADP sədri hesab edir ki, din cəmiyyətdə həmrəylik yaratmaq üçün vacib rol oynayır. Bununla yanaşı, S.Cəlaloğlu müqəddəs bayramlarda məscidlərə az-az gedir. Bunun üçün arqumenti də var.
“Məscidlərə az-az gedirəm. Bizdə məscidlərin sayı çox azdır. O qədər basa-bas olur ki... 3 milyonluq Bakıda cəmi 3 böyük məscid var. Halbuki, şəhərdə məscidlər çox olmalıdır. Mikrorayonlarda, Əhmədlidə məscid yoxdur. Məscidlər əhalinin sayına uyğun olmalıdır. Cümə namazlarının qılınması üçün cameə məscidlərinə ehtiyac var”-deyə ADP sədri bildirir.

Siyasətçinin fikrincə, Azərbaycanda siyasi liderlərə inanan mömin insanların öz liderlərinin dini etiqadına şübhəsi olmur. S.Cəlaloğlu qeyd edir ki, hazırda deputatlığa namizədliyini verdiyi seçki dairəsində onu bütün dindarlar dəstəkləyir. O, siyasi liderlərin İslamla bağlı açıq çıxışlarına guya ehtiyatla yanaşmaları barədə tezisi bölüşmədiyini deyir.
“ Mən özüm sovet vaxtında ilk dəfə olaraq İslamla bağlı yazılar yazmışam. Ateizmi kəskin pisləmişəm. Azərbaycanda məscidlərin bağlanması leyhinə etiraz səsimi ucaltmışam. Hazırda “Qurandan keçən yol-Siratul –Müstəqim” kitabı üzərində işləyirəm”-deyə ADP sədri vurğulayıb.

Avropada da bir qrup xrisitan təəsübkeşini çıxmaq şərtilə bütün siyasətçilərin İslam dinini yüksək qiymətləndirdiyini deyən S.Cəlaloğlu nümünə kimi Roma Papasının Quranı yandırma ilə bağlı cəhdi kəskin pislədiyini deyib. ADP sədri dua edir.
“Dua edirəm. Ən çox etdiyim dua isə “Allah məni bağışla” sözləri ilə başlayır...”

Müsavat başqanı İsa Qəmbər həm də hacıdır. 10 il əvvəl Həcc ziyarətində olan Müsavat başqanı üçün din insan azadlığının göstəricilərindən biridir.  İ.Qəmbərin sözlərinə görə, bütün sahələrdə olduğu kimi insanın vicdan azadlığı prinsiplərini dəstəkləyir.
“O cümlədən partiyamızın platformasında vicdan azadlığı mühüm yer tutur”-deyən Müsavat başqanı imkan daxilində dini rituallara əməl edir. Müqəddəs bayramlarda məscidlərə gedir. Allaha üz tutaraq etdiyi dua isə “Tanrı Azərbaycanı qorusun” duasıdır.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa
da hacıdır. İslam dini həyatının əsas hissəsini təşkil edir. “İslam mənim həyatımın əsas hissəsini təşkil edir. Bir mömin kimi dinin tələb etdiyi bütün şərtləri yerinə yetirirəm. Çalışıram ki, din həyatımın bir sisteminə çevrilsin”-deyə millət vəkili bildirir.

F.Mustafa həmçinin məscidlərə də tez-tez gedir. Onun sözlərinə görə, cümə namazlarında mütəmadi olaraq iştirak etməyə çalışır.
“Müqəddəs bayramlarda namazlara qatılıram, məscidlərə gedirəm. Amma əksər vaxt evdə namaz qılıram”-deyə millət vəkili vurğulayıb.

Avroatlantik dəyərlər siyasətinin aktiv dəstəkləyən Demokratik İslahatlar Partiyasının sədri  Asim Mollazadə üçün həyatında din daha çöx mənəviyyatla bağlıdır. 

Dinə həyatında əsasən mənəvi zənginlik məsələsi kimi baxdığını deyən A.Mollazadənin fikrincə, Tanrı ilə olan münasibətlər siyasətdən kənar olmalıdır.
“Fəxr edirəm ki Azərbaycan dünyada İslam inanclı ilk dünyəvi respublikadır. Hesab edirəm ki, Allahla bağlı insanın münasibətləri siyasi proseslərə bağlı müstəviyə müncər edilməməlidir”-deyə DİP sədri vurğulayıb.

A.Mollazadə müqəddəs bayramlarda bəzən məscidlərə gedir.
“Bakıda olanda məscidlərə gedirəm. Amma daha çöx ehtiyacı, problemi olan insanların yanına getməyə üstünlük verirəm”-deyə millət vəkili bildirib.

Azərbaycan liberallarının rəhbəri Əvəz Temirxan isə dinə türk-islam prizmasından baxır. ALP sədri hesab edir ki, onun üçün din türk-islam əxlaqı üzərindədir. “Və bu mənim üçün həyatımda vacib məsələdir”. Ə.Temirxan məscidə getməyə meyilli deyil.
“Məscidə az-az gedirəm. Ən çox vaildeynlərimə yasin oxutmaq üçün...”-deyə o bildirir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə də hesab edir ki, İslam dini həyatımızın bütün sahələri ilə bağlıdır. Millət vəkili İslam dinini yüksək əxlaqi dəyərlər sistemi kimi qəbul edir. A.Mirzəzadə məscidlərə getmir.
“Amma ara-sıra,  rayonlarda olanda xahiş edirəm məni yerli məscidə aparsınlar. Axundla söhbət edirəm, məscid binasına baxıram. Axı bu həm də tarixdir.”-deyə Aydın müəllim fəlsəfi notlarla danışır.  
YAP-çı millət vəkilinin Allahla münasibətləri özünəməxsusdur.
“Dualarınızda nə arzulayırsınız” sualında Aydın müəllimin cavabı lakonik oldu: “Dua etmirəm”..

Belə... Biz çalışdıq ki, siyasətçilərin mövqeylərini sizlə tanış edək. Bunları bölüşüb-bölüşməmək isə hər bir vətəndaşın öz hüququdur.


Xaqani Səfəroğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü