Modern.az

Azərbaycanlı milyoner ad gününü qeyd edib

Azərbaycanlı milyoner ad gününü qeyd edib

Aktual

26 Oktyabr 2012, 22:45

Əslən Azərbaycandan olan ünlü iş adamı Telman İsmayılov oktyabrın 26-da ad gününü qeyd edib. Rusiyadakı mənbənin Modern.az saytına verdiyi məlumata görə, AST Şirkətlət Qrupunun prezidenti Moskvadakı bahalı məkanlardan birində məhdud sayda qonağın iştirakı ilə özünün ad günü mərasimini təşkil edib. Mərasimə Rusiyadan, Azərbaycandan və xaricdən tanınmış simaların qatıldığı bildirilir.
Oktyabrın 26-da Telman İsmayılovun 56 yaşı tamam olub.

”AST Telman” adı ilə tanınan məşhur iş adamı Telman Mərdan oğlu İsmayılov 26 oktyabr 1956-cı ildə Azərbaycanda anadan olub. O, Mərdan və Pəri İsmayılovların ailəsində doğulan 12 uşaqdan 10-cusu olub. İsmayılovların Azərbaycanda yaşayan dağ yəhudilərindən olduğu vurğulanır.
Telman İsmayılov 14 yaşından başlayaraq ticarət sahəsində işləyən atasına yardım edib. 18 yaşında isə Azərbaycan Xalq Təsərrüfatı Institutunun birinci kurs tələbəsi T.İsmayılov mağaza sahibi olub.

1973-76-ci illərdə Azərbaycan Xalq Təsərrüffatı İnstitutunda ali təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra isə Moskvadakı Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirib.

1989-cu ildə AST Şirkətlər Qrupunu təsis edib. Şirkətin adı İsmayılovun oğlanlarının və öz adının baş hərflərindən (Alik-Ələkbər, Sərxan və Telman) ibarətdir.
T.İsmayılov Moskvadakı Çerkizovo, Varşavski bazarlarının, “Praqa” restoranının, “Qof” mehmanxanasının, AST nəşriyyatlar qrupunun sahibidir. Ümumiyyətlə, AST Şirkətlət Qrupunun tərkibinə 30-dan çox şirkət daxildir. Bu şirkətin illik dövrüyyəsinin 2 milyard dollar təşkil etdiyi qeyd olunur.

Telman İsmayılov 2009-cu ildə Türkiyənin Antalya şəhərində beşulduzlu "Mardan Palace" adlı otel açıb. Bu otelin inşasının 1,5 milyard dollara başa gəldiyi bildirilir.
Məlumatlara görə, Telman İsmayılov Türkiyənin "Antalyaspor" futbol klubunun səhmdarlarından biridir. Onun oğlunun hazırda "Antalyaspor"un vitse-prezidenti postunu tutduğu söylənilir.
Telman İsmayılov həm də Avrasiya Yəhudi Konqresinin vitse-prezidentidir. İsrailin Akko şəhərində atası Mərdan İsmayılovun adına sinaqoq tikdirib.

“Forbes” jurnalının məlumatına görə, Rusiyanın ən varlı adamları sırasında yer alan Telman İsmayılov 800 milyon dollardan çox var-dövlətə sahibdir. Məlumatlara görə, hobbisi bahalı saatlar toplamaq olan İsmayılovun kolleksiyasına 2000-dən çox belə saat daxildir. T.İsmayılovun təmtəraqlı həyat keçirdiyi də onun barəsindəki məlumatlar sırasına daxildir.

Telman İsmayılovun adı tez-tez Azərbaycan mətbuatının da gündəmində olur. Məsələn, ötən il Telman İsmayılov Dünya Azərbaycanlılarının Qurultayında iştirak etmək üçün Bakıya gəlmişdi. O zaman İsmayılovun qurultayın keçirildiyi Heydər Əliyev Sarayına özünün 1 milyon ABŞ dollarından baha olan “Rolls-Royce Phantom” avtomobili ilə gəlməsi medianın gündəminə damğasını vurmuşdu.  

Bu günlərdə Telman İsmayılovun adı yenə Azərbayan mediasının gündəmində hallanır. Belə ki, bu il sentyabrın 28-də Moskvada məşhur azərbaycanlı oliqarxların yaratdığı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının üzvlərindən biri də Telman İsmayılovdur. Azərbaycan mediası hazırda bu qalmqallı diaspor təşkilatı ilə bağlı müxtəlif yazılar dərc edir.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü