Modern.az

Azərbaycandan Türkiyəyə 1 milyardlıq DƏSTƏK

Azərbaycandan Türkiyəyə 1 milyardlıq DƏSTƏK

Aktual

24 Yanvar 2022, 16:09

Yaxın həftələrdə Türkiyə və Azərbaycan arasında bir milyard avroluq svop müqaviləsinin imzalanacağı gözlənilir. Mətbuatda yer alan məlumatlara görə, təklif olunan saziş Türkiyənin valyuta ehtiyatlarını artırmaq üçün son vaxtlar bağladığı bir neçə valyuta svoplarından biridir.

 

Qeyd olunub ki, ölkələr arasında bağlanacaq sazişin detalları artıq məlumdur, lakin imzalanma vaxtı hələ müəyyənləşməyib. 

 

Maraqlıdır, sözügedən sazişin Azərbaycan və Türkiyə valyutasına, eləcə də iki ölkənin iqtisadiyyatına hansı təsirləri olacaq?

 

 

İqtisadçı Natiq Cəfərli məsələni Modern.az-a şərh edərkən deyib ki, bir milyardlıq müqavilə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları ilə əlaqədar çətinliklərinə kömək məqsədi daşıyır:

 

“Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Mərkəzi Bankı arasında 1 milyard avroluq svop müqaviləsinin bağlanması ilə bağlı danışıqlar gedir. Bildiyimiz qədəri ilə artıq müqavilə yekunlaşmaq üzrədir. Bu müqavilə əsasən qardaş Türkiyə üçün daha sərfəlidir. Çünki Türkiyənin valyuta ehtiyatlarında son zamanlar lirənin kəskin ucuzlaşması ilə əlaqəli ciddi problemlər yaşanır. Türkiyə dost ölkələrlə bu istiqamətdə svop müqavilələr imzalayır. Nəticədə müqavilələrə görə, Türkiyə Mərkəzi Bankının əlavə zaman qazanmağa və dinamikanı saxlamaq imkanı yaranır”.

 

 

Ekspertin sözlərinə görə, yeni müqaviləyə əsasən dövlət xətti ilə Türkiyədən alınan məhsullar üçün türk lirəsi ilə ödəniş etmək mümkün olacaq:

 

“Bunun mənası ondan ibarətdir ki, svop müqaviləsi çərçivəsində Türkiyə Mərkəzi Bankında 1 milyard avroluq hesab açılır. Nə vaxt Türkiyədən Azərbaycana nəisə almaq ehtiyac olduqda vəsait lirə ilə ödənilir. Bundan başqa, zaman tamam olduqda Türkiyə həmin vəsaiti geri qaytarmaqla bağlı öhdəlik götürür. Yəni bunu ümumilikdə, Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları ilə bağlı çətinliklərinə Azərbaycanın dəstək layihəsi kimi dəyərləndirmək olar. Amma haqqında danışdığımız müqavilə Azərbaycana da ziyan deyil. Türkiyədən dövlət xətti ilə hansısa məhsulların alınmasında svop müqaviləsinə əsasən türk lirəsi ilə ödənişlər etmək mümkün olacaq”.

 

Qeyd edək ki, bir müddət öncə Türkiyə Birləşmiş Ərəb Əmirlikləri ilə təxminən 5 milyard dollarlıq valyuta svop müqaviləsi imzalayıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı