Modern.az

Təxribatlar fonunda Vaşinqton görüşü - Nəticə necə olacaq...

Təxribatlar fonunda Vaşinqton görüşü - Nəticə necə olacaq...

Aktual

29 İyun 2023, 14:30

27 iyunda Vaşinqton şəhərində ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Cəyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb. Həm ikitərəfli, həm üçtərəfli görüşlər keçirilib. Danışıqlar zamanı “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” adlı layihə müzakirə edilib.

 

Ceyhun Bayramov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşündə Ermənistanın törətdiyi təxribatlardan danısıb.

 

"Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsi, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmaması, hərbi-siyasi təxribatları davam etdirməsi sülh səylərinə xələl gətirir",-deyə XİN rəhbəri bildirib.

 

Görüşlərə paralel olaraq həm Ermənistan, həm də Qarabağdakı erməni silahlı dəstələri Azərbaycana qarşı təxribatlar törədir. Ermənilər Azərbaycan rayonlarını atəşə tutur və sülhü pozan müxtəlif bəyanatlar səsləndirir.

 

Vaşinqton danışıqlarıdan nə gözləbilir? Nəticə olacaqmı?

 

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Fazil Mustafa söyləyib ki, ABŞ-ın bu görüşdə müəyyən niyyətləri var.

 

"Vaşinqtondakı görüşün əhəmiyyəti təbii ki, böyükdür. Çünki ABŞ-ın bu istiqamətdə müəyyən niyyətləri var. Bunu da gerçəkləşdirmək üçün mütləqdir ki, görüşlər keçirilsin. Ancaq burada ən maraqlı məsələ odur ki, danışıqlar hansı formada yekunlaşacaq",- parlamentari bildirib. 

 

F.Mustafa vurğulayıb ki, bu görüşdə hər hansı qərarın alınacağı inandırıcı deyil:

 

"Ceyhun Bayramov Vaşinqtonda erməni təxribatlarının davam etməsi barəsində də danışıb. Azərbaycan tərəfi Ermənistanın problemləri dinc yolla həll etmə istəyini görmür. Dövlətimiz bunu hər yerdə dilə gətirir. Lakin bütün hallarda biz prosesi səbrlə davam etdirməliyik. Çünki Azərbaycanın əlində olan fürsətlər daha böyükdür və ölkəmiz istənilən təxribatın qarşısını almağa davam edəcək. Bütün bunlara görə də indiki şərtlərdə hər-hansı bir qərarın alınacağını düşünmürəm. Həmçinin Ermənistanın alacağı qərara Qarabağda yaşayan ermənilərin razılıq verəcəyi də inandırıcı deyil. Ona görə də Qarabağda olan ermənilər məsələsini özümüz həll etməliyik. Bunu ya dinc, ya da terrorçuları zərərsizləşdirmək yolu ilə həyata keçirməliyik. Ermənistan onlara təsir imkanları artıq minimuma enib. Həmçinin həmin ermənilərin özbaşına hərəkət etmə niyyətlərinə də Azərbaycan səbr etməyəcək".

 

Deputat Azər Badamovun fikrincə, görüşdə Entoni Blinkenin iştirak etməsi ABŞ-ın məsələyə həssaslıqla yanaşmasını göstərir.

 

"Vaşinqton görüşü Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülhün əldə olunması baxımından çox əhəmiyyətli olduğunu hesab edirəm. May ayının əvvəlində ABŞ-da XİN-lərin dördgünlük görüşündə də mühüm irəliləyişlər əldə olunmuşdu. Vaşinqtonda davam edən görüşdə ondan əvvəlki görüş zamanı razılışdırılmış məsələlərin icrası vəziyyətinin müzakirə olunduğunu və yeni məsələlərin razılaşdırılması gündəliyinin müəyyənləşdirəcəyini düşünürəm",- deputat əlavə edib.

A.Badamov hesab edir ki, Ermənistan yenə "nala-mıxa vuraraq" sülh danışaqlarından yayınmağa çalışır:

 

"ABŞ Cənubi Qafqazda sülh və əməkdaşlığın yaranmasını dəstəkləyir. Görüşdə Azərbaycanın mövqeyi dəyişməzdir və beynəlxalq hüquqa söykənir. Ermənistan isə yenə "nala–mıxa vurur" və sülh müaviləsinin imzalanmasından yayınmaqa çalışır. Qarabağda törədilən erməni təxribatı da Ermənistanın sifarişi ilə danışıqlar prosesini pozmaq və nəticəsiz saxlamaq istəyindən irəli gəldiyini hesab edir. Bu təxribat törətməklə Ermənistan Qarabağdakı ermənilərin təhlükəsizlik məsləsini gündəlikdə saxlamaq istəyir. Azərbaycan isə Qarabağdakı erməniləri öz sakinləri hesab edir və ölkədaxili məsələləri beynəlxalq platformalarda müzakirə etməyəcəyini bildirir. Həm də Qarabağdakı ermənilərin təhlükəsizliyinin təmin olunması üçün orda qalmış Ermənistanın qeyri-qanuni hərbi birləşmələri ərazilərimizi tərk etməlidirlər. Vaşinqton görüşündə bu məsələnin də gündəliyə gətirildiyini hesab edirəm". 

Twitter
Sizə yeni tvit var
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?