Modern.az

Putin Zelenskidən sonra Türkiyəyə NİYƏ GEDİR...

Putin Zelenskidən sonra Türkiyəyə NİYƏ GEDİR...

Aktual

8 İyul 2023, 16:40

Ötən gün Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib. O, səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. 3 saata yaxın davam edən görüşdə iki ölkə arasında münasibətlər, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və iyulun 17-də müddəti başa çatacaq Qara dəniz taxıl sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə edilib.

 

Görüşdən sonra mətbuat konfransı keçirən Ərdoğan Türkiyənin tezliklə müharibənin bitməsini arzuladığını söyləyib. 

 

"Türkiyə Ukrayna xalqı ilə həmrəydir və müharibənin ən qısa zamanda bitməsini arzu edir. Türkiyə müharibənin beynəlxalq hüquq əsasında sona çatması üçün ən çox səy göstərən ölkədir", - deyən dövlət başçısının sözlərinə görə, son bir il ərzində “Taxıl sazişi” nəticəsində 33 milyon tona yaxın Ukrayna taxılı ehtiyacı olan ölkələrə göndərilib.

 

Bundan əlavə, Ərdoğan sazişin uzadılmasına ümid etdiyini bildirib. O, həmçinin Ukraynanın NATO üzvlüyünə layiq olduğunu qeyd edib.

 

 

“Sülh axtarışına qayıtmaq bizim ən səmimi arzumuzdur. Biz Ukraynanın dirçəlişi üçün lazımi dəstəyi verəcəyik və danışıqlar əsasında müharibəni bitirmək üçün səylərimizi davam etdirəcəyik”, - Prezident vurğulayıb.

 

Ərdoğan daha sonra Rusiya lideri Vladimir Putinin də Türkiyəyə səfər edəcəyini açıqlayıb. Diqqətə çatdırılıb ki, Putin gələn ay Türkiyəyə gələcək. “Gələn ay Putinin Türkiyəyə səfəri olacaq. Cənab Putinlə yenidən məhbus mübadiləsini müzakirə edəcəyik. Ümid edirəm ki, “Taxıl sazişi”nin müddətinin uzadılması ilə bağlı nəticə əldə edəcəm”,- deyə Ərdoğan əlavə edib. 

 

Maraqlıdır, Zelenskidən sonra Putinin Türkiyəyə səfəri nəyə hesablanıb? 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Fikrət Sadıqov hesab edir ki, Zelenskinin Türkiyəyə səfəri, onun Ərdoğanla görüşü taxıl sazişinin müddətinin uzadılması ilə bağlıdır. 

 

Sabiq diplomatın fikrincə, Rusiya və Ukrayna liderlərinin Ərdoğanla görüşlərinə rəğmən, yaxın vaxtlarda sülh razılaşmasının əldə olunması gözlənilmir.

 

"Biz bilirik ki, iyulun 17-də taxıl sazişinin müddəti başa çatır. İndi isə sazişin uzadılması məsələsi gündəmdədir. Bu, çox aktual məsələdir. Məhz Zelenski və Putinin Ərdoğanla görüşü taxıl sazişi ilə əlaqədardır. Bu mövzu bir çox ölkələri narahat edir. Taxıl sazişinin imzalanmasında Ərdoğanın rolu çox böyükdür. Çünki vaxtilə bu sazişin bağlanmasında Ərdoğan vasitəçilik rolunu oynayıb. Zelenski ilə Ərdoğanın, daha sonra Putinlə Ərdoğanın görüşündə ümumi razılığın, yəni müharibə ilə bağlı razılaşmanın əldə olunacağına inanmıram. Çünki Zelenski tam haqlı olaraq düşünür ki, Rusiya ordusu Ukraynadan çıxmalıdır və bundan sonra danışıqlar başlaya bilər. Rusiya isə bunu etmək istəmir. Düşünürəm ki, yaxın zamanda müharibə ilə bağlı razılaşma əldə olunmayacaq",- deyə politoloq qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi