Modern.az

Erməni riyakarlığının min rəngi

Aktual

16 İyul 2023, 12:06

Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Fəlsəfə doktoru

 

Erməni ikiüzlülüyünün min rəngi, min çaları var. O hər yerdə fərqli şəkildə, amma həmişə eyni məqsəd və məramla özünü göstərir – məskunlaşdıqları ərazilərdə yerli xalqlara qarşı nifrət və kənar güclərə yarınmaq üçün təbəəsi olduğu dövlətə qarşı xəyanət etmək. Bu dəfə də erməni xəyanətinin növbəti təzahürü özünü Rusiya-Ukrayna qarşıdurmasında göstərir. “Ukrainskaya Pravda” saytının verdiyi məlumata görə Ukraynaya qarşı vuruşmağa hazırlaşan “Arbat” erməni batalyonu Ukrayna cəbhəsinə yola düşmək ərəfəsində Moskvanın Erməni Apostol kilsəsində toplanıb və onlar üçün xeyir-dua mərasimi təşkil edilib.

 

Ən çətin zamanlarında qucaq açıb yüz illərlə öz torpağımızda məskunlaşdırdığımız və bəslədiyimiz ermənilərin bizə qarşı gizli şəkildə apardığı düşmənçiliyin şahidi olmuş bir xalq kimi bu bizi təəccübləndirmir. Ukrayna xalqı isə yenicə anlamağa başlayır ki, xəyanət ermənilərin alnına yazılmış xislətdir.

 

Verilən xəbərlərə görə Ukraynadakı döyüşlərə qatılmağa hazırlaşan yeni yaradılmış erməni batalyonunun üzvləri Rusiyanın bu günlərdə ləğv olunmuş “Vaqner” özəl hərbi şirkətində təlim keçiblər.
Sosial şəbəkələrdə yayılmış video-görüntülərdə “Abrek” ləqəbli Hayk Qasparyanın və “Armen Horlivski” ləqəbli Armen Sarkisyanın yer alması bu xəyanət izinin 2014-cü ilə gedib çıxdığını göstərir. Hazırda Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarılan bu şəxslər hələ 2014-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində, Kreşatik meydanında dinc nümayişçilərə atəş açılmasında və Maydan hərəkatının üzvlərinə qanlı divan tutulmasında iştirak etmişdilər.

 

Ukrayna cəbhəsinə yola düşəcək ermənilərin Moskvanın Erməni Apostol kilsəsində toplanması və onlara erməni keşiş tərəfindən xeyir-dua verilməsi bu xəyanətdə erməni kilsəsinin birbaşa təşkilatçılığından xəbər verir. Erməni keşişlərinin dindən və dindarlardan xəyanətkar və riyakar siyasi məqsədlər üçün istifadə etməsi də yeni hadisə deyil. Tarixən həm Anadoluda, həm də Cənubi Qafqazda ermənilərin zaman-zaman türklərə qarşı həyata keçirdikləri soyqırımı hadisələrinin də hər birində erməni kilsəsi əsas təşkilatçı kimi çıxış edirdi. Bu dəfə də erməni keşişlərinin “Arbat” batalyonunun döyüşçüləri üçün xeyir-dua ritualı təşkil etməsi Ukrayna xalqının soyqırımına məruz qoyulmasında erməni qriqoryan kilsəsinin birbaşa iştirakını təsdiq edən faktdır. Aydındır ki, dünyanın istənilən ölkəsində yerləşən erməni kilsəsinin özbaşına hər hansı siyasi-hərbi kampaniyalara qoşulması mümkün deyil. Erməni qriqoryan kilsəsi bütün digər xristian təriqətlərindən fərqli olaraq ən çox mərkəzləşdirilmiş cinayətkar bir dini cərəyandır. Onlar yalnız bir mərkəzdən – Eçmiadzindən təlimat almaqla hərəkətə keçirlər. Deməli, Ermənistan Respublikası və onun dini mərkəzi hesab olunan Eçmiadzin Ukraynaya qarşı müharibədə açıq-aşkar Rusiyanı dəstəkləyir. Rusiya isə Ukrayna torpaqlarını işğal etmək və Ukrayna xalqını və dövlətini yer üzündən silmək üçün bütün dünya ilə savaş aparır. Bütün xalqların və millətlərin Ukrayna torpağında azad yaşamasını təmin etmək üçün ölüm-dirim savaşı aparan Ukrayna xalqı bu erməni xəyanətini heç zaman unutmamalıdır.

 

Beynəlxalq birlik isə erməni xəyanətinin növbəti təzahüründən dərs çıxarmalı və “əzabkeş xalq” adlandırdıqları bu qəbilənin öz xislətində digər xalqlara və dinlərə qarşı hansı nifrəti yaşatdığını anlamalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir