Ötən günün əsas xəbərləri ard-arda prezidentliyə namizədlərin irəli sürülməsi, o cümlədən bir sıra partiyaların seçkilərlə bağlı qərarlarını açıqlaması, 24 yaşlı Vətən müharibəsi qazisi Orxan Quliyevin vəfatı, Azərbaycanın ABŞ-dakı səfirinin Dövlət katibi Antoni Blinkenlə görüşü və digər hadisələr olub.
Modern.az 18 dekabr tarixini əhatə edən icmalını təqdim edir:
Vətən müharibəsinin qazisi Orxan Quliyev vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, 24 yaşlı qazi axşam saatlarında dünyasını dəyişib. O, bu gün torpağa tapşırılacaq. Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirmişdi. Allah rəhmət eləsin.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev prezident seçkilərində namizədliyini irəli sürəcək. Deputatın rəhbərlik etdiyi partiyanın İdarə Heyətinin onun namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Deputatın müvafiq sənədlərinin tezliklə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyi bildirilir. Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev prezident seçkilərində namizədliyini irəli sürəcək. Deputatın rəhbərlik etdiyi partiyanın bu gün keçirilən iclasında onun namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri, siyasi ekspert Fuad Əliyev prezident seçkilərində iştirak edəcək. F.Əliyev deyib ki, bu günlərdə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Dünən F.Əliyevin iştirakı ilə bir qrup vətəndaş toplantı keçirib və bu seçkidə ona dəstək məqsədilə “Vətəndaş Birliyi” seçki qərargahının yaradılması barədə qərar qəbul edilib. Qərara əsasən növbədənkənar prezident seçkisində iştirak etmək üçün namizədliyi irəli sürən Fuad Əliyevin “Vətəndaş Birliyi” seçki qərargahı 7 nəfərdən ibarət tərkibdə formalaşıb. Seçki qərargahına Xəzər Teyyublu rəhbərlik edəcək. Fuad Əliyev bir müddət əvvəl özünü buraxan keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri olub. İqbal Ağazadənin sədri olduğu Azərbaycan Ümid Partiyası 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb. Ümid Partiyası növbədənkənar Prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini bəyan edib. Haqq Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov növbədənkənar prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək. Bu barədə partiyanın İdarə Heyətinin geniş tərkibdə iclasında qərar qəbul edilib. Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyəti 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərilə bağlı mövqeyini müəyyənləşdirib. Partiyanın İdarə Heyəti dekabrın 18-də keçirdiyi toplantıda bun məsələyə dair qərar qəbul edib. Qərarda qeyd edilib ki, siyasi, hüquqi - texniki və partiyanın resursları ilə bağlı problemləri, habelə partiya sədrinin bu seçkilərlə əlaqədar publik açıqlamalarını nəzərə alaraq öz təşəbbüsü ilə namizəd irəli sürülməsi barədə AXP sədri Pənah Hüseynə tam səlahiyyət verilib. AXP sədri Pənah Hüseyn öz təşəbbüsüylə namizəd irəli sürərsə partiya onun namizədliyini müdafiə edəcək və zəruri hərəkətləri icra edəcək. AXP sədri P.Hüseyn öz təşəbbüsü ilə namizəd irəli sürülməzsə, o halda partiya üzvləri seçkidə iştirakla bağlı müstəqil qərarlar qəbul edib mövqelərini müəyyənləşdirəcəklər. Yəni hansı namizədi müdafiə etmək və ya etməmək, seçkiyə getmək və ya getməmək, hansı namizədə səs vermək və ya verməmək, seçkidə müşahidə hüququndan istifadə etmək və ya istifadə etməməkdə sərbəst olacaqlar. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Buna qədər Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin namizədliyi irəli sürülüb. Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyaları (AXCP) isə seçkiləri boykot edəcəklər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Parytiyasının (BAXCP) adı dəyişdiriləcək. Qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib. BAXCP İdarə Heyətinin gündəmində olan digər məsələ partiyanın adında dəyişiklik edilməsi ilə bağlı olub. Qeyd olunub ki, məsələ uzun müddətdir ki, partiyanın müvafiq qurumlarında müzakirə olunub. İdarə Heyətinin üzvləri partiyanın adı ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. Son olaraq, çoxluq Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adının üzərində dayanıb. Bununla bağlı, partiyanın qüvvədə olan nizamnaməsinə uyğun olaraq, BAXCP Ali Məclisinə müraciət edilməsi qərara alınıb. Partiyanın Ali Məclisinin məqsədəuyğun hesab edəcəyi və qurultayın qərar verəcəyi təqdirdə BAXCP Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adlandırılacaq. Qeyd edək ki, BAXCP Qüdrət Həsənquliyevin sədrliyi ilə 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına salınıb.
Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib. Jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində dərc edilib.
"Avropa İttifaqında ən azı 215 milyon doza COVID-19 peyvəndi istifadə olunmayıb. Onların alınmasına 4 milyard avro xərclənib". Bu barədə "Politico" yazıb. Nəşr vurğulayıb ki, bu təxmini rəqəmdir, çünki Aİ-nin yalnız 15 ölkəsi istifadə olunmamış vaksinlər haqqında məlumat verib. Aİ-nin daha 4 üzv ölkəsi üçün açıq mənbələrdə lazımi məlumatlar tapılıb. Qeyd olunub ki, çox güman, artıq ya məhv edilmiş, ya da yaxın vaxtlarda utilizasiya olunacaq vaksinlərin istifadə olunmamış dozaları daha çoxdur. Bundan əlavə, vaksinlərin alış qiymətləri açıqlanmayıb. "Politico"nun hesablamalarına görə, Aİ ölkələri üzrə hər sakinə görə 0.7 vaksin dozası itirilib (Estoniya üçün bu rəqəm 1.1, İrlandiya üçün - 0.16). Bildirilib ki, istehsalçılar tərəfindən artıq tədarük edilən və müştərilər tərəfindən istifadə olunan vaksinlərin bəziləri koronavirusun yeni variantlarına qarşı az təsirli olub. Nəşr xatırladıb ki, ən böyük koronavirus peyvəndi istehsalçılarından biri olan "Pfizer" ilə Aİ ölkələri tərəfindən 2027-ci ilə qədər müqavilə bağlanıb. "Pfizer" artıq peyvənd almaqdan imtina edən Polşa və Macarıstanı məhkəməyə verib.
Rusiya prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyasına baş çəkib. O, 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim etmək məqsədilə MSK-ya gedib. Qeyd edək ki, seçkilər martın 17-nə təyin olunub.
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla razılaşdırılan üç prinsip əsasında sülh gündəliyinə sadiq olduğunu bildirib. Bu barədə o, Xarici İşlər Nazirliyində xarici diplomatlar üçün keçirilən Yeni il qəbulunda danışıb. O vurğulayıb ki, Cənubi Qafqazda hələlik sülh bərqərar olmayıb. “Ümid edirik ki, son vaxtlar regionda və region ölkələrində baş verən hadisələr sülh prosesinin qəsdən ləngiməsinin baş verdiyini göstərmir”, - Paşinyan qeyd edib.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq olar: