Modern.az

Yaddan çıxmış sənətkarlar - Səhnəyə Karapet obrazı ilə gələn xarakterik AKTYOR - FOTOLAR

Yaddan çıxmış sənətkarlar - Səhnəyə Karapet obrazı ilə gələn xarakterik AKTYOR - FOTOLAR

Reportaj

18 Dekabr 2023, 11:30

O, Azərbaycan teatr səhnəsinin xarakterik aktyorlarından idi. Özünəməxsus ifa tərzi onu digər sənət yoldaşlarından fərqləndirirdi.

 

Azərbaycanın teatr və kino aktyoru Məmməd Sadıqov yəqin ki, tamaşaçıların yaddaşında xüsusi səs tembri ilə qalıb. Bu səsi bir dəfə eşidən adam heç vaxt unutmazdı...

 

“Bəxtiyar” filmində Mir Həmid, “Bizim Cəbiş müəllim”də səngər qazan, “Dəli Kür”də kənd sakini, “Evlənmək istəyirəm”də Həsən əmi, “Qanun naminə”də dustaq, “O olmasın, bu olsun”da bəy, “Od içində”də dərviş kimi yaddaqalan obrazlar yaradan aktyoru Modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsində sizə xatırladırıq...



Məmməd Əhməd oğlu Sadıqov 2 may 1913-cü ildə Bakı şəhərində anadan olub. 1926-cı ildə Pedaqoji məktəbə qəbul olunub, lakin təhsilini yarımçıq qoyaraq teatr aləminə atılıb. 1930-cu illərin əvvəlində Bakı İşçi Teatrında səhnə fəaliyyətinə başlayıb. 1931–1932-ci illərdə aktyor truppasının yaradıcı heyətində işləyib. 1933-cü ilin gfevralından M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışmağa başlayıb. Bu teatrda səhnəyə çıxarkən aktyorun ilk rolu Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki Karapet obrazı olub.

 

Məmməd Sadıqov 50-dək filmdə və tamaşada müxtəlif rollar oynayıb.

 

1931-1987-ci illərdə fəaliyyət göstərmiş Məmməd Sadıqov təkcə milli dramaturgiyamızda deyil, eyni zamanda dünya və rus dramaturqlarının əsərlərində də yaddaqalan obrazlar yaradıb.
 

Məmməd Sadıqov daha çox komik rolların bacarıqlı ifaçısı kimi özünü tamaşaçılara sevdirib.

 

Onun aktyorluq fəaliyyətinin bu cəhəti M.Əzizbəyov adına Azərbaycan Milli akademik Milli Dram taetrında işlədyi illərdə daha da inkişaf edib, təkmilləşib.



Xalq artisti İlham Namiq Kamal onu zəhmətkeş, öz işinin peşəkarı kimi xatırlayır:
 

“Məmməd Sadıqov ömrü boyu Akademik Milli Dram Teatrında işləyib. Maraqlı rolları vardı. Onun tərəf müqabillərinin əksəriyyəti dünyasını dəyişib – Əliağa Ağayev, Ağasadıq Gəraybəyli və digər sənərkarlar... Əlbəttə, Məmməd Sadıqovun yaxın tərəf müqabilləri olmuş sənət adamları onun fəaliyyətinə daha yaxşı qiymət verə bilərdilər, amma təəssüf ki, həyatdan köçüblər.

Məmməd Sadıqov böyük monumental səhnə əsərlərində çıxış edib. Mən də bir neçə tamaşa olub ki, onunla birgə oynamışam. Məsələn, Mehdi Məmmədovun “Dəli yığıncağı”nda o da hacılardan birini oynayırdı, bilirsiniz ki, mən bu tamaşada Hacı Mədinə obrazını ifa etmişəm. O vaxt mən gənc aktyor idi və Məmməd Sadıqov kimi sənətkarlara baxıb öyrənirdik.

O, çox səliləli insan, özünə qarşı həddindən artıq diqqətli, tələbkar aktyor idi.  Kollektivdə böyük hörməti vardı.

O dövrdə AzTV-də “Komediyalar aləminə səyahət”, “Yumoristik novellalar” adlı verilişlər vardı, Məmməd müəllim həmin verilişlərdə də xarakterik rollar oynayırdı.



Məmməd Sadıqov özünəməxsus ifa tərzi, səs tembri ilə tamaşaçı qəlbinə təsir edə bilmişdi.

O çalışırdı ki, səhnədə yaratdığl hər bir obrazla tamaşaçılara yeni hiss və fikir aşılasın.

Oynadığı rollar üçün xarakterik cizgilər tapmaq, onu həyati boyalarla səciyyələndirmək Məmməd Sadıqovun ən gözəl yaradıcılıq xüsusiyyətlərindən idi.

Mənim də çəkildiyim “Qaynana” filmində Məmməd müəllimin fotoşəklindən istifadə olunub və çox maraqlı kadrlar alınıb. Məmməd müəllim “Qaynana” filmində canlı deyil, öz şəkli ilə çıxış edib və Məşədi Kazım obrazını yaradıb. Rejissorlar onun gah əsəbi, gah gülümsəyən baxışlı şəkillərindən maraqlı epizodlar yaradıblar.

Məmməd Sadıqov zəhmətkeş və oynadığı xarakterləri tamaşaçılara yüksək səviyyədə çatdıran aktyor idi.


Təəssüf ki, onun ailə üzvlərindən kimlərləsə əlaqələrim olmadığından şəxsi həyatı barədə geniş məlumatlarım yoxdur”.



Məmməd Sadıqov “Mozalan” kinojurnalı üçün 1971-ci ildə ekranlaşdırılan “Şəbih” filmində də maraqlı obrazla yadda qalıb. Bu filmdə molla rolunda çıxış edən aktyorun ifası şübhəsiz ki yaşlı tamaşaçıların yaddaşından silinməyib.

M.Sadıqov 1943-cü ilin iyun ayında səhnə fəaliyyətinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb.

Aktyor 28 may 1987-ci il tarixində 74 yaşında Bakı şəhərində vəfat edib.

Əməkdaşımız mərhum aktyorla bağlı araşdırma apararkən onun Bakının Əhmədli kəndindəki qəbiristanlıqda dəfn edildiyini və məzarının baxımsız vəziyyətdə olduğunu öyrənib.

Təəssüf ki, M.Sadıqovun ailə üzvləridnən heç kimlə əlaqə saxlaya bilmədik. Qocaman sənət adamları da bu işdə bizə kömək edə bilmədilər.
 



Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir