Modern.az

Müdrik siyasətin gücü və siyasət patriarxı olmaq bacarığı!

Müdrik siyasətin gücü və siyasət patriarxı olmaq bacarığı!

Aktual

18 Aprel 2024, 00:32

Bu gün tarixi gündür. 

 

Uzun müddətdir yerli və beynəlxalq camiyədə müzakirə olunan bir məsələ- "Rusiya sülhməramlılarının Azərbaycanın ərazisində qalıb-qalmaması məsələsi"nə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iki cümləlik açıqlaması ilə birdəfəlik nöqtə qoyuldu: 

 

"Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".

 

Bu tarixi qərar bir daha onu göstərdi ki:

 

Birinci, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "nəyi, necə və nə vaxt etmək lazımdır, bunu mən bilirəm" tarixi ifadəsi nə qədər böyük məna kəsb edir, bu sözün arxasında nə qədər dərin siyasi düha və qətiyyət var.

 

İkinci, Azərbaycan Prezidentinin atdığı bütün addımlar və həyata keçirdiyi siyasət tamamilə müstəqildir, bu, siyasət yalnız və yalnız ölkəmizin milli maraqlarının qorunmasına hesablanıb.

 

Üçüncü, Azərbaycanla Rusiya arasında mövcud olan "praqmatik və eyni zamanda qarşılıqlı maraqlara zərər vurmamaq siyasəti" tamamilə özünü doğruldur və bu yanaşma hazırda pozulmuş dünya düzənində və təhlükəsizlik arxitekturasında ən doğru yoldur və o cümlədən yeni bir siyasi fenomendir.  

 

Dördüncü, Azərbaycanın "orta güc" kimi dünyada oynadığı rol və regionda yaratdığı yeni geosiyasi reallıq hamı tərəfindən birmənalı qəbul edilir.

 

Beşinci, ölkədəki marginal qrupların, 5-ci kalonun və dağıdıcı müxalifətin neçə müddətdir "Rusiya qoşunları daxil olduğu ölkədən heç vaxt çıxmır və Azərbaycanda da əbədi qalacaq, hakimiyyət Rusiyanın təsiri altındadır və ondan qorxur" kimi manipulyativ ittihamları və yersiz hay-küyləri sabun köpüyü kimi puç oldu. 

 

Altıncı, Fransa və Ermənistanın "təbliğat maşını"nın və anti-Azərbaycan şəbəkəsinin son aylar tirajladığı "Azərbaycan Rusiyanın istəyi və təhriki ilə regionda gərginlik yaradır, Azərbaycan Rusiya qoşunlarının Qarabağda qalmasında maraqlıdır" kimi saxta və böhtan xarakterli "tezisi" də suya düşdü.

 

Bax, budur, müdrik siyasətin gücü, əsl siyasət qrosmeysteri və siyasət patriarxı olmaq bacarığı!

 

Bax, budur, "nəyi, necə və nə vaxt etmək lazımdır, bunu mən bilirəm" ifadəsinin arxasında duran siyasi dühanın və qətiyyətin təntənəsi!

 

Təşəkkürlər, cənab Prezident! 

Var olun, Müzəffər Ali Baş Komandan!

 

Azay Quliyev 

Milli Məclisin deputatı 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü