Modern.az

Forum Azərbaycanın sülh təşəbbüslərinin təbliği baxımından mühüm platformadır

Forum Azərbaycanın sülh təşəbbüslərinin təbliği baxımından mühüm platformadır

Aktual

2 May 2024, 18:39

“Hazırda dünyada sivilizasiyaların dialoqunun təmin edilməsi məsələsi olduqca aktualdır. İnkaredilməz reallıqdır ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlə üzləşə bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu məsələyə ciddi önəm verir və dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanıb. Son illər Azərbaycanda mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirsək əmin olarıq ki, respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevirib, eyni zamanda, qlobal problemlərin həllində platforma rolunu oynayır”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, Azərbaycanın bu istiqamətdə növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Belə ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi böyük əhəmiyyət kəsb edir. Dünyanın 100-dən çox ölkəsindən 700 nümayəndənin Forumda iştirakı da bunu deməyə əsas verir. Forumda müzakirə olunan məsələlər də diqqəti cəlb edir. Burada dünyada movcud olan problemlər və onların həlli yolları haqda dəyərli fikirlər səsləndirilir. Bu platforma qlobal məsələlərin müzakirəsi baxımından ən uğurlu modellərdən biridir.

 

Millət vəkilinin sözlərinə görə, üç günlük Forum “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr olunub və 4 plenar sessiyanı, 12 panel müzakirənin keçirilməsini əhatə edir. Tədbirdə təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələrlə bağlı müzakirələr də aparılıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olmasından, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik ölkəmizin tolerantlığı, qarşılıqlı hörməti, multikulturalizm ənənələrini qorumasından bəhs edib. Dövlətimizin başçısı, həmçinin Cənubi Qafqaz regionunda sülh imkanları, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin vasitəçilərin iştirakı olmadan aparılması barədə də fikirlərini ifadə edib.

 

“Təqdirəlayiq haldır ki, Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də nəzərdə tutulub. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də planlaşdırılıb. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir. Bütövlükdə, bu Forum Azərbaycanın qlobal miqyasda sülh təşəbbüslərinin təbliği baxımından mühüm platformadır”,-deyə Fatma Yıldırım vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi