Modern.az

Zelenskinin Avropa turu: niyə getmişdi, nə ilə qayıtdı...

Zelenskinin Avropa turu: niyə getmişdi, nə ilə qayıtdı...

Analitika

10 Fevral 2023, 18:16

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın işğalçı müharibəyə başlamasından sonra ikinci dəfə ölkəsini tərk edib. O, bu dəfə əvvəlcə Londona səfər edib, orada Böyük Britaniya baş naziri Rişi Sunakla görüşüb və parlamentdə çıxış edib, daha sonra təlim keçən ukraynalı hərbçilərə baş çəkib. Zelenski səfər zamanı Britaniya Kralı II Çarlzla da həmsöhbət olub.

 

Ukrayna liderinin parlament qarşısında çıxışı təsirli, bir o qədər güclü və inandırıcı idi. O, Böyük Britaniyanın göstərdiyi hərbi yardımı və siyasi dəstəyi yüksək qiymətləndirib, bunun sadəcə Rusiya təcavüzünə qarşı lokal mübarizə olmadığını, daha çox totalitar şər və demokratik dəyərlər arasında simvolik mübarizə olduğunu qeyd edib. Britaniyalı deputatların Zelenskinin çıxışını alqışla qarşılaması əslində nəzakət xatirinə deyildi. Bu addım Britaniyanın Ukraynaya dəstəyindən irəli gəlirdi. Onu da bildirək ki, İcmalar Palatasında Ukraynaya hərbi dəstək verilməsi ilə bağlı konsensus mövcuddur.

 

Dövlət başçısının növbəti gedəcəyi şəhər Brüssel olmalı idi, ancaq Brüsselə getməzdən əvvəl axşam saatlarında Parisdə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun qonağı olub. Bu görüşə İtaliya dəvət edilməyib. Hökumətdə 100 gününü yenicə tamamlayan İtaliya baş naziri Georgi Meloni Fransada keçirilən görüşü tənqid edərək, Parisi və Berlini Avropanın vahidliyini pozmaqda günahlandırıb.

 

Ukrayna lideri ardınca Brüsselə yollanaraq müttəfiqlərdən ortaq dəyərləri qorumaq üçün ölkəsini Avropa İttifaqına (Aİ) qəbul etməyi və Kiyevə silah tədarükünü artırmağı xahiş edib. Avropa liderləri tərəfindən gur alqışla qaşılanan Zelenski mətbuat konfransında Ukraynaya əliboş qayıtmağa haqqının olmadığını bildirib. Avropa Parlamentində çıxış edən prezident ölkəsinin Aİ-yə üzv olacağına əminliyini ifadə edib.

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Zelenskini “Evinizə xoş gəlmisiniz, Aİ-yə xoş gəlmisiniz” sözləri ilə salamlayıb. Ancaq müsbət sözlərə baxmayaraq, Brüsseldə Aİ-yə üzvlük üçün Ukraynanın uzun yol qət etməli olduğu fikri üstünlük təşkil edir.

 

Hər üç Avropa paytaxtında keçirilən görüşlərdə dominant müzakirə mövzusu Rusiyanın ehtimal olunan hücumunun qarşısını almaq üçün Qərb tipli döyüş təyyarələri və uzun mənzilli raketlər başda olmaqla Ukraynaya hərbi yardım olub.

 

Ekspertlər Ukrayna üçün döyüş təyyarələrinin və uzun mənzilli silahların labüd olduğunu düşünür.

 

Təsadüfi deyil ki, Zelenski Britaniya parlamentində çıxışı zamanı döyüş təyyarələrini "azadlıq üçün qanadlar" adlandırıb. O, həmçinin Avropa lideri ilə görüşdə deyib: “Bizə artilleriya qurğuları, onlar üçün mərmi, müasir tanklar, daha uzun mənzilli raketlər, müasir təyyarələr lazımdır”.

 

Britaniya, Fransa, Almaniya, İsveç, Polşa və digər Avropa liderləri Kiyevə döyüş təyyarələrinin göndərilməsinin istisna edilmədiyini açıqlayıb, ancaq qəti fikir söyləməkdən çəkiniblər. Şarl Mişel ortaq mətbuat konfransında çıxışı zamanı Ukrayna dəstək verilməli olduğunu deyib, lakin sadaladığı silahlar arasında döyüş təyyarələrinin adını çəkməyib: "Avropa İttifaqı indi Ukraynaya maksimum dəstək verməlidir... Artilleriya, döyüş sursatı, müdafiə sistemləri".

 

Ukrayna hökuməti isə bu mövzuda nikbindir. Zelenskinin ofisinin rəhbəri Andriy Yermak döyüş təyyarələri məsələsinin artıq həll olunduğunu hesab edir. Müşahidəçilər də gec-tez döyüş təyyarələrinin göndəriləcəyi qənaətindədir. Müzakirələr fonunda Qərb mətbuatında ukraynalı pilotların təlimə başladığı barədə müxtəlif xəbərlər yayılıb.

 

Məlumat üçün bildirək ki, Ukrayna Hərbi Hava Qüvvələrinin inventarında Sovet dövründən qalma MiQ və Su tipli döyüş təyyarələri mövcuddur. Ukraynanın istək siyahısında ABŞ istehsalı olan F-16-lar və İsveçin "Gripen" qırıcıları yer alır. Güman edilir ki, avropalı müttəfiqlər hansı reaktiv təyyarələrin verilə biləcəyini araşdırırlar. Həqiqətən, Ukraynanı döyüş təyyarələri ilə təchiz etmək asan məsələ deyil. Çünki, artıq qeyd edildiyi kimi, Ukrayna ordusunun pilotları Sovet təyyarələrini idarə edir. Qərb tipli döyüş təyyarələrinə keçid aylar, bəlkə də illər ala bilər.

 

Hazırda Ukrayna ilə müharibə şəraitində olan Rusiyanın qırıcıların tədarükü məsələsində mövqeyi qətidir. Kreml bəyan edib ki, Qərb ölkələri Ukraynaya qırıcı təyyarələr göndərsə, Rusiya ilə birbaşa münaqişəyə girəcəklər. Lakin Qərb və Ukrayna Rusiyanın tezliklə genişmiqyaslı hücuma başlayacağını gözləyir. Artıq bununla bağlı Kiyevlə müttəfiqləri arasında aktiv danışıqlar başlayıb. Belə həyəcanlı iddiaların fonunda Ukrayna liderinin əvvəlcə ABŞ-a, sonra Avropa paytaxtlarına səfəri olduqca vacib hesab edilir. Zelenskinin ABŞ səfərinin məntiqi nəticəsi Ukraynaya uzun mənzilli silahlar və döyüş tanklarının verilməsi oldu. Avropa səfərinin isə döyüş təyyarələri ilə bağlı müsbət nəticə verib-verməcəyini isə zaman göstərəcək.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!