İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən bir ay keçməsinə baxmayaraq, ölkədə yeni hökumətin formalaşdırılması ilə bağlı siyasi mübarizə davam edir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blokun parlament çoxluğunu itirməsi müxalifət lideri Qadi Ayzenkotun hökumət qurmaq imkanlarını gündəmə gətirib.
İsrail parlamenti – Knessetin 120 yerindən heç bir siyasi blokun 61 mandatlıq mütləq çoxluq əldə edə bilməməsi koalisiya danışıqlarını çətinləşdirib. Bu vəziyyətdə bir neçə fərqli hökumət formalaşdırılması ssenarisi müzakirə olunur.
Modern.az xəbər verir ki, noyabrın 8-də İsrail Prezidenti İshak Hersoq Knessetə daxil olan partiyaların nümayəndələri ilə məsləhətləşmələrdən sonra “Yaşar” partiyasının lideri Qadi Ayzenkota yeni hökuməti formalaşdırmağı tapşırıb
General Ayzenkot hazırda təkcə öz siyasi tərəfdaşları ilə deyil, Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” və ultraortodoks yəhudiləri təmsil edən “Haredi” partiyaları ilə də danışıqlar aparır.
27 oktyabrın seçkilərinin nəticələrinə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 27 mandat qazanaraq birinci yeri tutub. Əsas müxalifət qüvvəsi olan Qadi Ayzenkotun “Yaşar” partiyası isə 21 mandatla ikinci olub.
Üç əsas koalisiya ssenarisi
Ayzenkotun rəhbərliyi altında hökumətin qurulması ilə bağlı üç əsas variant nəzərdən keçirilir. Bunlar “Likud” Partiyasının da iştirak edəcəyi milli birlik hökuməti, ərəb partiyalarının kənardan dəstəkləyəcəyi azlıq hökuməti və Netanyahu blokundan ayrılacaq qüvvələrin, xüsusilə “Haredi” partiyasının dəstəyi ilə koalisiya yaradılmasıdır.
Birinci variant – “Likud” və “Yaşar” partiyalarının da daxil olduğu milli birlik hökuməti siyasi baxımdan ziddiyyətli görünsə də, praktik həll yolu kimi müzakirə olunur. Bu modeldə həm Netanyahu tərəfdarlarının, həm də müxalifət düşərgəsinin nümayəndələrinin hökumətdə təmsil olunması nəzərdə tutulur. Ərəb partiyalarının isə koalisiyaya daxil edilməməsi təklif olunur.
Müxalifətdəki “Beyachad” Partiyasının lideri, keçmiş Baş nazir Naftali Bennett də bu ideyaya müəyyən şərtlərlə dəstək verib. Onun təklifinə əsasən, baş nazirlik vəzifəsi növbəli şəkildə icra olunmalı, ilk mərhələdə isə bu post Qadi Ayzenkota həvalə edilməlidir.
“Likud” və “Yaşar” partiyaları arasında danışıqlar hələ nəticələnməsə də, davam edir. Ayzenkotun öz rəhbərliyi altında belə bir hökumətin qurulmasına açıq olduğunu bildirməsi, Netanyahunun isə xüsusilə İran təhlükəsini əsas gətirərək milli birlik hökumətinin yaradılmasında israr etməsi diqqət çəkir.
Bununla belə, Ayzenkot seçki kampaniyası dövründə siyasi mövqeyini məhz Netanyahu ətrafında formalaşan qarşıdurma üzərində qurub. İsrail cəmiyyətində bu parçalanma “yalnız Netanyahu” və “heç vaxt Netanyahu” yanaşmaları ilə ifadə olunur.
Xüsusilə 7 oktyabr hadisələrinin araşdırılması və Netanyahunun siyasi məsuliyyətinin üzə çıxarılması Ayzenkotun əsas vədlərindən olub. Bu baxımdan onun seçkiqabağı mövqeyindən geri çəkilərək Netanyahu ilə eyni hökumətdə təmsil olunması ciddi siyasi çətinliklər yarada bilər.
Bununla belə, danışıqların davam etməsi İsrail siyasətində praqmatik yanaşmanın da ön plana çıxdığını göstərir.
Müxalifət düşərgəsində bu məsələyə münasibət birmənalı deyil. Naftali Bennett milli birlik hökumətinə müəyyən şərtlərlə müsbət yanaşdığı halda, “Evimiz İsrail” Partiyasının lideri Aviqdor Liberman Netanyahunun iştirak etmədiyi alternativ hökumətin qurulmasını müdafiə edir. O, ərəb partiyalarının kənardan dəstəkləyəcəyi azlıq hökuməti variantına isə qarşı çıxır.
“Demokratlar Partiyası”nın lideri Yair Qolan da “Likud”la aparılan danışıqların dayandırılmasını və vaxt itirmədən alternativ “dəyişiklik hökuməti”nin yaradılmasını istəyir.
“Haredi” partiyası ilə ittifaq mümkündürmü?
İkinci variant “Haredi” partiyalarının dəstəyi ilə koalisiya qurulmasıdır. Lakin bu ssenari də müxalifət üçün siyasi ziddiyyətlər yaradır.
Belə ki, Ayzenkot, Bennett, Yair Lapid, Liberman və Qolan daxil olmaqla, müxalifət düşərgəsinin əsas təmsilçiləri “Haredi” icmasının mövcud sosial və büdcə imtiyazlarına qarşı çıxıblar.
Bu yanaşmaya görə, hərbi xidmət keçməyən, əmək bazarında iştirak etməyən və vergilərin ödənilməsində digər vətəndaşlarla eyni yükü daşımayan “Haredi” icmasının xüsusi imtiyazları aradan qaldırılmalı, həmin vəsaitlər işləyən və dövlətə xidmət edən təbəqələrə yönəldilməlidir.
Lakin seçkilərdən sonra “Birləşmiş Tövrat Yəhudiliyi Partiyası”nın bağlı olduğu siyasi düşərgənin Netanyahunu baş nazir vəzifəsinə namizəd göstərməməsi və tərəflər arasında bitərəf mövqe tutması Ayzenkot üçün “Haredi”lərlə mümkün ittifaq imkanını gündəmə gətirib.
Bununla yanaşı, “Haredi” partiyalarının hər hansı koalisiyaya dəstək vermək üçün öz icmalarına aid sosial təminatların və imtiyazların qorunmasını şərt kimi irəli sürdükləri məlumdur.
Beləliklə, müxalifətin “Haredi” icmasının imtiyazlarına qarşı seçkiqabağı mövqeyi ilə həmin icmanın sosial qazanclarının qorunması tələbi arasında necə uzlaşma əldə ediləcəyi açıq qalır.
Uzun müddətdir bu imtiyazları tənqid edən Libermanın Netanyahunun kənarda qalacağı koalisiya naminə müəyyən güzəştlərə gedilə biləcəyini açıqlaması isə tərəflər arasında kompromis imkanlarının mövcudluğunu göstərir.
Amma belə bir razılaşmanın nə dərəcədə sabit hökumət yaradacağı bəlli deyil. Üstəlik, təkcə “Birləşmiş Tövrat Yəhudiliyi Partiyası”nın dəstəyi müxalifətin parlamentdə 61 mandatlıq çoxluq əldə etməsi üçün kifayət etmir.
Bu səbəbdən həmin variantın reallaşması üçün “Haredi” partiyasının koalisiyaya cəlb edilməsi, “Likud”la milli birlik hökumətinin yaradılması və ya ərəb partiyalarının dəstəyini nəzərdə tutan başqa bir formulun tapılması lazım gələcək.
Ərəb partiyalarının dəstəyi ilə azlıq hökuməti
Üçüncü variant – ərəb partiyalarının dəstəyinə arxalanan azlıq hökuməti – siyasi baxımdan daha ardıcıl görünsə də, reallaşma ehtimalı zəif olan ssenari kimi qiymətləndirilir.
Ərəb partiyaları da Netanyahuya qarşı çıxan siyasi blokun bir hissəsidir və seçkidən sonra parlamentdəki çoxluğa əsaslanan qərarların qəbulunda mühüm rol oynayıblar.
Məsələn, Knessetin sədrinin seçilməsi zamanı müxalifətin namizədi, “Yaşar” Partiyasının nümayəndəsi Matan Kahanaya dəstək veriblər.
Netanyahuya qarşı olan partiyaların parlamentdə çoxluğa sahib olması müxalifətin əsas siyasi üstünlüklərindən biridir. Bu üstünlük Netanyahunun siyasi legitimliyinin müzakirəyə çıxarılması üçün də istifadə olunur.
Müxalifətin parlamentdəki mövqeyinin formalaşmasında ərəb seçicilərin fəallığı xüsusi rol oynayıb. Seçkilərdə rekord sayda iştirak qeydə alınıb və ərəb partiyaları parlamentə çoxlu sayda deputat göndəriblər.
Bununla belə, yəhudi müxalifəti ilə ərəb partiyaları arasındakı əməkdaşlıq daha çox Netanyahuya qarşı ortaq mövqedən qaynaqlanır.
Ayzenkot hansı qərarı verəcək?
Türkiyənin Mərəmərə Universitetinin dosenti Ferit Belderin fikrincə, Netanyahuya qarşı olmaq siyasi əməkdaşlıq üçün təbii zəmin yaratsa da, bu yaxınlığın avtomatik şəkildə hökumət tərəfdaşlığına çevrilməsi mümkün deyil.
Mövcud vəziyyətdə hər üç ssenarinin hələ də qüvvədə qaldığını söyləmək olar. İlk iki variantın müəyyən məqamlarda bir-biri ilə əlaqəli olması digər alternativlərin də ortaya çıxmasına imkan verir. Bu, ərəb partiyalarının kənardan dəstəyinə əsaslanan hökumət variantına da aiddir.
Qadi Ayzenkot hazırkı koalisiya danışıqlarının nəticəsiz qalacağı təqdirdə belə hökumət quracağını bildirir. O, bunun yalnız ərəb partiyalarının kənardan dəstəyi ilə mümkün ola biləcəyini anlayır. Bununla belə, həmin variantı konkret siyasi strategiya kimi təqdim etməkdən çəkinir.
Ayzenkot bu ehtimalı siyasi strategiyadan daha çox İsrailin mövcud siyasi reallığının nəticəsi kimi göstərməyə çalışır.
Qadi Ayzenkot hələlik mümkün variantların heç birini tamamilə istisna etmir.
Q.Ayzenkotun hökuməti formalaşdırmaq üçün mandatı dekabrın 6-da başa çatır.
A.Qorxmaz