Avropanın siyasi gündəliyində Azərbaycan yenidən diqqət mərkəzinə çevrilib. Son günlər bir sıra Avropa ölkələrinin xarici işlər nazirlərinin Bakıya ardıcıl səfərləri, yüksək səviyyəli görüşlər və yeni əməkdaşlıq sənədlərinin imzalanması diplomatik fəallığın təsadüfi olmadığını göstərir.
Noyabrın 17-də Almaniyanın, 22-23-də İtaliyanın, 24-də Gürcüstanın, 25-də Litvanın, noyabrın 27-də isə Estoniyanın xarici işlər nazirləri Azərbaycana səfər ediblər. Noyabrın 24-də Monteneqronun baş naziri də Bakıda olub. Oktyabrın 26-da Niderlandın xarici işlər nazirinin Azərbaycana səfərini də bu diplomatik dinamikanın tərkib hissəsi kimi qiymətləndirmək olar.
Diqqətçəkən məqam təkcə səfərlərin sayında deyil, onların əhatə etdiyi siyasi və iqtisadi gündəlikdədir. Enerji təhlükəsizliyi, Şərq-Qərb nəqliyyat bağlantıları, Orta Dəhliz, Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərində getdikcə daha çox ön plana çıxır.
Bu mənzərə bir sıra sualları aktuallaşdırır: Avropa niyə məhz indi Azərbaycanla siyasi dialoqunu intensivləşdirir? Bakının geosiyasi əhəmiyyətini artıran əsas amillər hansılardır? Avropa dövlətlərinin maraqları nə dərəcədə üst-üstə düşür və bu diplomatik fəallıq Azərbaycanın beynəlxalq mövqelərinə hansı imkanları yaradır?
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, Avropa ölkələrinin son həftələrdə yüksək səviyyəli nümayəndələrinin Azərbaycana intensiv səfərləri təsadüfi diplomatik fəallıq deyil.
Deputatın sözlərinə görə, bu səfərlər Avropa dövlətlərinin Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycana və ölkəmizin beynəlxalq siyasətdə artan roluna marağının ifadəsidir:
“Avropa ölkələrinin Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycana, Azərbaycanın beynəlxalq siyasətdə artan roluna olan marağının ifadəsi kimi qiymətləndirmək olar. Son səfərlərin coğrafiyasına fikir versək, elə bu qənaətimiz daha da güclənmiş olur. Noyabr ayının 17-də Almaniya xarici işlər nazirinin Azərbaycana səfəri, 22-23 noyabr tarixlərində İtaliya baş nazirinin müavini, xarici işlər nazirinin səfəri, 24 noyabrda Monteneqronun baş naziri və eyni zamanda həmin gün Gürcüstan xarici işlər nazirinin Azərbaycan paytaxtına səfəri, 25-27 noyabr tarixlərində müvafiq olaraq Litva və Estoniya xarici işlər nazirlərinin Azərbaycana baş tutan səfərləri, elə oktyabr ayının 26-da Niderlandın xarici işlər nazirinin Bakıda olması bu diplomatik fəallığın miqyasını göstərir”.
Enerji amili: Avropanın Azərbaycanla tərəfdaşlığının əsas sütunu

Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini şərtləndirən ilk və ən mühüm amillərdən biri enerji təhlükəsizliyidir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqının enerji mənbələrini və təchizat marşrutlarını şaxələndirmək siyasəti daha da aktuallaşıb. Bu prosesdə Azərbaycan Avropa bazarına enerji resursları çatdıran etibarlı tərəfdaşlardan biri kimi önə çıxıb.
Ancaq məsələnin yalnız qaz və neft ixracından ibarət olmadığını da nəzərə almaq lazımdır. Enerji təhlükəsizliyi artıq dövlətlərin xarici siyasətində iqtisadi məsələ olmaqla yanaşı, geosiyasi dayanıqlılığın və strateji müstəqilliyin tərkib hissəsinə çevrilib. Avropa üçün alternativ enerji təchizatçılarının mövcudluğu xarici təsirlərdən asılılığın azaldılması baxımından da əhəmiyyətlidir.
Elman Nəsirov da diplomatik fəallığın səbəblərini izah edərkən ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasətinə diqqət çəkib:
“Hesab edirəm ki, burada ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji təhlükəsizliyi siyasətini ön plana çəkmək lazımdır. Elə bircə faktı deyim ki, 2025-ci ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 12 milyard dollara gəlib çatıb və Azərbaycan İtaliyanın ikinci ən böyük neft, üçüncü ən böyük qaz təchizatçısıdır”.

İtaliya ilə əməkdaşlıq bu baxımdan xüsusi nümunədir. Roma Azərbaycanın Avropadakı ən mühüm iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında enerji əlaqələri ilə yanaşı, ticarət, sənaye, investisiya və digər istiqamətlərdə də əməkdaşlıq inkişaf edir. Noyabrın 22-23-də İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajaninin Bakıya səfəri, İtaliya-Azərbaycan biznes forumunun keçirilməsi münasibətlərin yalnız diplomatik deyil, həm də iqtisadi məzmununun genişləndiyini göstərir.
Lakin İtaliya nümunəsini bütün Avropa dövlətlərinin Azərbaycanla münasibətlərinin eyni motivlər üzərində qurulduğunun sübutu kimi qəbul etmək olmaz. Ayrı-ayrı ölkələrin enerji ehtiyacları, iqtisadi imkanları və xarici siyasət prioritetləri fərqlidir. Bununla belə, enerji təhlükəsizliyi Avropanın Azərbaycanla münasibətlərində ortaq maraq yaradan əsas istiqamətlərdən biri olaraq qalır.
Orta Dəhliz: Azərbaycanın coğrafiyası geosiyasi üstünlüyə çevrilir
Azərbaycanın strateji əhəmiyyətini artıran ikinci əsas amil nəqliyyat-logistika imkanlarıdır. Son illərdə beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi, Avropa ilə Asiya arasında alternativ bağlantıların yaradılması və tranzit təhlükəsizliyi məsələləri qlobal gündəmin mühüm istiqamətlərinə çevrilib.
Xüsusilə Rusiya üzərindən keçən ənənəvi nəqliyyat marşrutlarına alternativ axtarışı Orta Dəhlizin əhəmiyyətini artırıb. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanan bu marşrut Bakı üçün yalnız tranzit gəlirləri deyil, həm də siyasi və geosiyasi imkanlar yaradır.
Elman Nəsirov da Avropanın Azərbaycana marağının artmasında nəqliyyat-logistika amilinin xüsusi rol oynadığını vurğulayır:

“Və hesab edirəm ki, bu diqqətin artmasında əsas amillərdən biri də nəqliyyat-logistika məsələləri ilə bağlıdır. Yeri gəlmişkən, dünən, 26 noyabrda Bakıda Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində yüksək səviyyəli dialoq da keçirildi.
Avropa Komissiyası hələ 16 noyabr tarixindəki açıqlamasında Orta Dəhlizi regional bağlantı və iqtisadi təhlükəsizlik baxımından prioritet istiqamət kimi göstərib. Yəni bu gün Avropa Çin və Mərkəzi Asiya ilə əlaqələrində Orta Dəhlizə xüsusi əhəmiyyət verir və ona alternativ, strateji əhəmiyyətli bir dəhliz kimi yanaşır. Bu nöqteyi-nəzərdən də Azərbaycanın bu dəhlizdəki yeri və rolu Avropa üçün olduqca əhəmiyyətlidir və Azərbaycanın cəlbedicilik əmsalını yüksəldir”.
Noyabrın 26-da Bakıda Azərbaycan və Avropa İttifaqı arasında keçirilən üçüncü yüksək səviyyəli nəqliyyat dialoqu da bu marağın praktik ifadəsidir. Tərəflər Bakı limanı, Naxçıvan dəmir yolu, Trans-Avropa Nəqliyyat Şəbəkəsinin Azərbaycanı əhatə edən xəritəsinin yenilənməsi və aviasiya əlaqələri kimi məsələləri müzakirə ediblər.
Burada diqqətçəkən məqam odur ki, Avropa İttifaqı Orta Dəhlizə artıq yalnız alternativ yükdaşıma marşrutu kimi deyil, daha geniş regional bağlantı və iqtisadi təhlükəsizlik siyasətinin bir hissəsi kimi yanaşır. Bu yanaşma Azərbaycanın rolunu da dəyişir. Bakı təkcə yükdaşımaların həyata keçirildiyi tranzit məntəqəsi deyil, Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin qurulmasında siyasi və iqtisadi əhəmiyyət daşıyan tərəfdaşdır.
Bu mənada Azərbaycanın coğrafi mövqeyi özlüyündə üstünlük olsa da, həmin üstünlüyün real geosiyasi gücə çevrilməsi infrastrukturun inkişafından, sərhəd prosedurlarının sadələşdirilməsindən, tranzit xərclərinin azaldılmasından və marşrutun rəqabət qabiliyyətindən asılıdır. Yəni Avropanın marağını qorumaq üçün Orta Dəhlizin yalnız siyasi baxımdan deyil, iqtisadi və texniki baxımdan da səmərəli olması vacibdir.
Avropa dövlətlərinin maraqları eyni deyil: Bakıya səfərlərin fərqli siyasi mesajları
Son səfərlərin diqqətçəkən tərəflərindən biri də müxtəlif Avropa dövlətlərinin Azərbaycanla münasibətlərini fərqli istiqamətlərdə dərinləşdirməsidir.
Məsələn, İtaliya üçün enerji və iqtisadi əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Litva isə Azərbaycanla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə yanaşı, Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyaya çıxış imkanlarına maraq göstərir. Noyabrın 25-də Bakıda Azərbaycan və Litva arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanması bu baxımdan mühüm siyasi hadisədir.
Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu xüsusi vurğulayıb. O, ölkəsinin Rusiya ərazisindən keçən marşrutlardan yayınmaq və Orta Dəhlizdən istifadə etmək niyyətində olduğunu da açıq şəkildə bildirib.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın noyabrın 27-də Bakıya səfəri və ölkəsinin səfirliyinin rəsmi açılışında iştirakı isə başqa bir məqamı ön plana çıxarır. Söhbət diplomatik münasibətlərin institusional baxımdan genişləndirilməsindən gedir. Səfirliyin açılması ikitərəfli əlaqələrin daha sistemli inkişafı, siyasi dialoqun davamlılığı, biznes, innovasiya və rəqəmsal idarəetmə sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Gürcüstan xarici işlər naziri Maka Boçorişvilinin Bakıya səfəri isə Azərbaycanın regional tərəfdaşlıqlar sistemindəki yerini göstərir. Bakı və Tbilisi üçün Orta Dəhliz, enerji infrastrukturu, tranzit təhlükəsizliyi və Cənubi Qafqazda sabitlik ortaq maraqlardır. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, Türkiyənin də iştirak etdiyi regional bağlantı sisteminin mühüm hissəsidir.
Deməli, Avropa dövlətlərinin Bakıya marağı vahid motivdən qaynaqlanmır. Bir ölkə enerji təhlükəsizliyini, digəri tranzit imkanlarını, başqa biri isə regional sabitliyi və siyasi tərəfdaşlığı ön plana çəkir. Lakin bütün bu maraqların kəsişdiyi əsas nöqtə Azərbaycanın geosiyasi mövqeyidir.
Cənubi Qafqazda sülh: enerji və nəqliyyat layihələrinin təhlükəsizlik təminatı
Azərbaycanın artan strateji əhəmiyyətini şərtləndirən digər mühüm amil Cənubi Qafqazda baş verən siyasi proseslərdir. Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, regional kommunikasiyaların açılması və uzunmüddətli təhlükəsizlik mexanizmlərinin formalaşdırılması Avropa dövlətlərinin də diqqət mərkəzindədir.
Bu marağın səbəbi aydındır: regionda sabitlik olmadan nə enerji layihələrinin təhlükəsizliyini, nə də nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyətini təmin etmək mümkündür. Orta Dəhlizin rəqabət qabiliyyəti, Xəzərdən Qara dənizə uzanan marşrutların təhlükəsizliyi və yeni investisiyaların cəlb edilməsi regional siyasi mühitdən birbaşa asılıdır.
Elman Nəsirov da Avropa dövlətlərinin regionda uzunmüddətli sülhə maraq göstərməsini məhz bu amillərlə əlaqələndirir:
“Heç şübhəsiz ki, bu marağın kökündə dayanan səbəblərdən biri Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri ilə bağlıdır və Avropa ölkələri regionda uzunmüddətli və dayanıqlı sülh istəyir. Çünki sülhün olmadığı bir reallıq heç bir halda nə enerji təhlükəsizliyi, nə nəqliyyat-logistika təhlükəsizliyi, nə də digər təhlükəsizlik məsələlərinin reallaşması üçün təminatlar vermir”.
Burada mühüm bir geosiyasi məqam var. Avropa Cənubi Qafqazda sabitliyin tərəfdarı olmaqla yanaşı, regionla Mərkəzi Asiya arasında bağlantıların genişlənməsində də maraqlıdır. Bu səbəbdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təkcə iki ölkə arasında sülh məsələsi kimi deyil, daha geniş regional iqtisadi və nəqliyyat sisteminin formalaşması baxımından da əhəmiyyət daşıyır.
Bununla belə, Avropa dövlətlərinin regiondakı maraqları tamamilə eyni deyil. Onların təhlükəsizlik prioritetləri, Rusiya ilə münasibətlərə yanaşmaları və Cənubi Qafqazda siyasi iştirak səviyyələri fərqlənir. Buna görə də Avropanın Azərbaycanla münasibətlərində artan fəallığı vahid siyasi strategiyanın nəticəsi kimi deyil, müxtəlif maraqların Bakı ilə əməkdaşlıq nöqtəsində kəsişməsi kimi qiymətləndirmək daha doğru olardı.
ATƏT amili: Azərbaycanın diplomatik gündəliyində yeni siyasi ölçü

Azərbaycanın beynəlxalq diplomatik fəallığını qiymətləndirərkən ATƏT-ə sədrlik təşəbbüsünü də diqqətdən kənarda saxlamaq olmaz. Təşkilatın 2027–2029-cu illər üzrə gələcək sədrliyinə dair müzakirələr fonunda Azərbaycanın da bu vəzifəni üzərinə götürməyə hazır olduğunu bildirməsi ölkəmizin çoxtərəfli diplomatiyada rolunu artırmaq istəyinin göstəricisidir.
Noyabrın 19-da Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclasında 2027–2029-cu illər üçün üçillik sədrliyə dair paket müzakirəyə çıxarılıb. Azərbaycanla yanaşı, Ermənistan, Avstriya və Norveç də gələcək sədrliyə hazır olduqlarını bildiriblər. Bununla belə, yekun qərar 57 iştirakçı dövlətin konsensusu əsasında verilməlidir.
ATƏT məsələsi son diplomatik səfərlərin birbaşa səbəbi kimi təqdim edilə bilməz. Bunun üçün əsas yoxdur. Ancaq bu təşəbbüs Azərbaycanın beynəlxalq təşkilatlarda daha fəal rol oynamaq, regional və Avropa təhlükəsizliyi ilə bağlı müzakirələrdə iştirakını genişləndirmək niyyətini göstərən ayrıca siyasi amildir.
Azərbaycanın belə bir təşəbbüsü Avropa dövlətləri ilə münasibətlərdə çoxtərəfli diplomatiyanın əhəmiyyətini də artırır. Çünki ATƏT-in gündəliyi yalnız Cənubi Qafqazla məhdudlaşmır, Avropanın təhlükəsizlik arxitekturası, Ukrayna müharibəsi, regional münaqişələr və dövlətlərarası etimad məsələlərini də əhatə edir.
Azərbaycanın yeni diplomatik çəkisi: maraqdan strateji tərəfdaşlığa
Bütün bu proseslər bir reallığı ortaya qoyur: Azərbaycanın beynəlxalq mövqeyi artıq yalnız enerji resursları və əlverişli coğrafi mövqe ilə ölçülmür. Ölkəmizin əhəmiyyəti enerji təchizatı, nəqliyyat bağlantıları, regional təhlükəsizlik və çoxtərəfli diplomatiya kimi istiqamətlərin birləşdiyi nöqtədə formalaşır.
Elman Nəsirov da fikirlərini ümumiləşdirərkən Azərbaycanın Avropa üçün artan əhəmiyyətinin məhz bu çoxşaxəli roldan qaynaqlandığını vurğulayıb:
“Bu baxımdan Avropa ölkələrinin Cənubi Qafqaz regionu ilə bağlı, bu coğrafiya ilə bağlı maraqları sülh və təhlükəsizliyin vacibliyini ön plana keçirir və təbii ki, əsas məsələlərdən biri də Azərbaycanın artan diplomatik əlaqələri ilə bağlıdır. Azərbaycan bu gün Avropanın təkcə enerji xəritəsində deyil, eyni zamanda təhlükəsizlik, nəqliyyat-logistika xəritəsində də özünəməxsus yerə, özünəməxsus rola malikdir”.
Əslində, son günlər Bakıda müşahidə olunan diplomatik fəallığın əsas izahı da budur. Avropa dövlətləri Azərbaycanla münasibətlərə yalnız mövcud iqtisadi əlaqələr çərçivəsində yanaşmır, dəyişən beynəlxalq sistemdə ölkəmizin gələcək rolunu da nəzərə alırlar.
Bununla belə, diplomatik səfərlərin sayını avtomatik olaraq Azərbaycanın bütün Avropa paytaxtları ilə münasibətlərinin eyni səviyyədə inkişaf etməsi kimi qiymətləndirmək düzgün olmazdı. Əsas məsələ bu səfərlərin konkret siyasi qərarlara, iqtisadi layihələrə, investisiyalara və davamlı əməkdaşlıq mexanizmlərinə çevrilməsidir.
Azərbaycanın qarşısında duran əsas vəzifə isə yaranmış geosiyasi marağı uzunmüddətli strateji tərəfdaşlığa çevirməkdir. Çünki beynəlxalq münasibətlərdə ölkənin çəkisini yalnız ona göstərilən diqqət deyil, həmin diqqətin real siyasi və iqtisadi nəticələri müəyyən edir.
Beləliklə, Avropa nazirlərinin Bakıya ardıcıl səfərləri sadəcə diplomatik təqvimin sıxlığını deyil, Azərbaycanın yerləşdiyi geosiyasi məkanın dəyişən əhəmiyyətini də nümayiş etdirir. Bakı bu gün Avropanın enerji, nəqliyyat və təhlükəsizlik maraqlarının kəsişdiyi mühüm tərəfdaşlardan biridir. Bu mövqenin nə dərəcədə möhkəmlənəcəyi isə diplomatik fəallığın konkret nəticələrindən asılı olacaq.