Modern.az

Ramiz Tatarovun əmlakına qoyulan həbs GÖTÜRÜLDÜ

Ramiz Tatarovun əmlakına qoyulan həbs GÖTÜRÜLDÜ

Aktual

23 Fevral 2022, 10:45

Gəncə Apellyasiya Məhkəməsində həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin həbs olunmuş müavini Ramiz Tatarovun apellyasiya şikayətinə baxılıb.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, Ramiz Tatarova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə bəraət verilib. Bundan başqa, onun əmlaklarının bir qisminin üzərində olan həbs götürülüb.

 

Yekun olaraq Ramiz Tatarovun cəzası 3 ay azaldılıb. Onun üzərində qəti olaraq 8 il 3 ay cəza saxlanılıb.

 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı N.Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, N.Quliyevin rayon icra hakimiyyəti başçısının keçmiş müavini R.Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. N.Quliyevin R.Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

 

Bununla yanaşı, N.Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. N.Quliyev və R.Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunan siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

 

N.Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə DTX-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılan cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Tatarov 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı