Modern.az

Hərbi əməkdaşlığın yeni mərhələsi - Rusiya bizə nə vəd edir?

Hərbi əməkdaşlığın yeni mərhələsi - Rusiya bizə nə vəd edir?

Aktual

23 Fevral 2022, 12:03

Xəbər verildiyi kimi, ötən gün Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Sənəddə bir çox mövzularla yanaşı iki ölkə arasında hərbi sahədə əməkdaşlığa da xüsusi yer ayrılıb.

 

Moskva bəyannaməsinə əsasən, Azərbaycan və Rusiya bir-birinə qarşılıqlı hərbi yardım göstərə, eyni zamanda birgə hərbi məhsullar istehsal edə biləcəklər.

 

Sənəddə qeyd olunub ki, təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.

 

Bundan əlavə, tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.

 

Eyni zamanda bildirilib ki, tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar.

 

Göründüyü kimi, Moskva bəyannaməsində hərbi əməkdaşlıqla bağlı kifayət qədər ciddi məqamlar öz əksini tapıb. Bu isə ondan xəbər verir ki, Azərbaycan və Rusiya hərbi sahədə təmasları daha da gücləndirməyi qərara alıblar.

 

 

Müttəfiqlik sənədinin əhəmiyyəti barədə Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycanın hərbi sahədə Rusiya ilə sıx əlaqələri həmişə olub. Bu əlaqələr artıq yeni mərhələyə qədəm qoyur.

 

“Məlumdur ki, postsovet ölkələri arasında Rusiyadan ən çox silah alan ölkə məhz Azərbaycandır. Əgər bu gün Azərbaycanın silah bazasına baxsaq, görərik ki, silahların çoxu Rusiya istehsalıdır. Rusiyanın çox güclü ordusu var. Rusiya böyük hərbi tarixə malikdir. Bu gün Rusiya hərbi sənaye kompleksi baxımından aparıcı dövlətlərdən biridir. Eyni zamanda Rusiya hərbi sənayesinin böyük bazar imkanları mövcuddur. Bu sahədə Azərbaycanın Rusiya ilə sıx əlaqələrinin olması ordumuzun da müəyyən şəkildə bu təcrübədən faydalanmasına kömək edəcək.

 

Mən deyərdim, artıq bununla bağlı iki ölkə arasında danışıqlar gedirdi. Digər tərəfdən məlumdur ki, Rusiya akademiyalarında bizim hərbçilərimiz də təhsil alırlar. Rusiya keçirdiyi  bəzi hərbi təlimlərdə Azərbaycanı dəvət edir. Eyni zamanda hərbi oyunlara da dəvət olunuruq. Digər tərəfdən bizi Rusiya ilə birləşdirən Xəzər dənizi var. Buradakı hərbi dənizçilərimiz də Rusiyanın imkanlarından yararlana bilərlər”.

 

 

Polkovnikin sözlərinə görə, ölkələr arasında dostluq həmişə soyuq münasibət və qarşıdurmadan yaxşıdır:

 

“Rusiyanın regionda geosiyasi əhəmiyyətini və burada olan təsirini nəzərə alsaq, əlbəttə ki, bu ölkə bir çox sahədə bizim strateji müttəfiqimizdir. Bu gün Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti olaraq Qarabağda olmasını və Azərbaycanın torpaqlarını azad edərkən sərgilədiyi mövqeyi  nəzərə alsaq, deyə bilərik ki, bütün bunların hamısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin düzgün siyasətinin nəticəsidir. Dünənki bəyannaməni Rusiya kimi güclü dövlətlə düzgün şəkildə aparılan siyasətin uğurlu nəticəsi kimi qiymətləndirmək olar. Düşünürəm ki, müttəfiqlik bəyannaməsində digər sahələr kimi hərbi sahənin inkişaf etdirilməsi və bununla bağlı əldə olunan razılaşma əlaqələrimizin inkişafına təkan verəcək.

 

Cənab Prezident dünən bəyannamənin birinci bəndini elə-belə vurğulamayıb. Çünki bəyannamənin birinci bəndi ilə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi güvən altında olur. Məncə, Rusiya ilə imzalanan bu sənəd hərtərəfli olaraq Azərbaycanın və regionun xeyrinədir. Həmçinin, Rusiyanın Ermənistanın arxasında olduğunu nəzərə alsaq, Ermənistanla da bir çox məslələrin neytrallaşmasına bu sənəd kömək edə bilər”.

 

Turqay Musayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı