Modern.az

İlin II yarısınadək vaksinasiya 70 faizə ÇATDIRILACAQ

İlin II yarısınadək vaksinasiya 70 faizə ÇATDIRILACAQ

Aktual

23 Fevral 2022, 13:17

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin mütəxəssislərinin Azərbaycana səfəri davam edir. Avropa İmmunlaşdırma Gündəliyi 2030 (EIA2030) təşəbbüsü çərçivəsində gerçəkləşən missiyanın əsas məqsədi ÜST-nin növbəti onillikdə vaksinasiyadan tam faydalanma məqsədi daşıyan baxış və strategiyasını, habelə COVID-19 pandemiyasının Avropa bölgəsinin bütün ölkələrində rutin uşaq vaksinasiyası proqramları üçün yaratdığı çətinlikləri müzakirə etməkdir.

 

Modern.az xəbər verir ki, üçgünlük missiya çərçivəsində ÜST-nin mütəxəssisləri – ölkə sağlamlıq proqramları direktoru vəzifəsini icra edən Siddhartha Sankar Datta və peyvəndlə qarşısı alına bilən xəstəliklər üzrə qrup rəhbəri Roberta Pastore yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə bir sıra görüşlər keçiriblər.

 

Bu gün ÜST-nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə təşkil edilmiş “Fəaliyyət üçün məlumat” görüşündə Azərbaycanın 2021-ci ilin dekabr ayı üçün ÜST tərəfindən 40 faiz olaraq müəyyən edilmiş vaksinasiya əhatəsinə nail olması təqdir edilib. Belə ki, effektiv strategiyaların işlənib-hazırlanması sayəsində 2021-ci ilin sonunda Azərbaycan COVID-19 vaksinasiyasının 47 faizə çatmasını təmin edib. Görüş zamanı dəlillərə əsaslanmış fəaliyyətləri dəstəkləyən mövcud məlumatların xülasəsi barədə söhbət açılaraq statistik məlumatlar, davranışların qiymətləndirilməsi sorğusu və formativ tədqiqat nəticələrinin təqdimatı keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin eksperti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin həkim-epidemioloqu Əlcəfər Cəfərov ölkə təqdimatı ilə çıxış edərək nailiyyətlər, 2022-ci ilin ortaları və sonuna doğru hədəflər və strategiyalar, toplanmış məlumatlar və məlumat əsaslı fəaliyyətlər, nümunələr və nəticələr haqqında danışıb. ÜST-nin mütəxəssisi Roberta Pastore təqdim olunan məlumatlar və COVID-19 peyvəndinin tətbiqində çətinliklər barədə çıxış edərək 2022-ci ilin ortalarınadək 70 faizlik peyvənd hədəfinə nail olmaq üçün ölkə tərəfindən görüləcək tədbirlər, ÜST və tərəfdaşlarının mümkün dəstəyindən bəhs edib. Bu hədəfə çatmaq üçün daha yüksək risk qruplarında olan və hələ də peyvənd olunmamış bir çox insanlara çıxışı təmin etmək məqsədilə bölgələrdən və rayonlardan daxil olacaq məlumatların istifadəsi çox vacibdir.

 

Avropa İmmunlaşdırma Gündəliyi 2030 (EIA2030) növbəti onillikdə ÜST-nin Avropa bölgəsində vaksinasiyadan tam faydalanma məqsədi daşıyan baxış və strategiyasıdır.

 

Azərbaycan da daxil olmaqla, 6 “Şərq tərəfdaşlığı” ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və gündəlik immunizasiya proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üçillik "COVID-19 əleyhinə vaksinasiyaya dəstək" layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Avropa İttifaqı və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı