Hər bir ölkənin öz maraqlarına uyğun xarici siyasət yürütmək hüququ var. Müttəfiqlik münasibətləri digər dövlətlərləəlaqələrin inkişafına mane olmamalıdır.
Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Rusiya Federasiyası ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməni şərh edərkən bildirib.
O qeyd edib ki, bəyannamənin mətni hələ təfərrüatlı şəkildə öyrənilməlidir, bundan sonra Yerevanın həmin sazişlə bağlı rəsmi şərhləri olacaq. Eyni zamanda, Arşakyanın fikrincə, bütün ölkələrin suveren hüquqlarına hörmət etmək lazımdır, təbii ki, Ermənistanın strateji maraqlarına da həmçinin.
"Hər bir ölkənin öz xarici siyasətini istədiyi kimi inkişaf etdirmək suveren hüququdur. İrəvan Moskvanın Bakı ilə bəyannamə imzalamasını bizə dost olan Rusiyanın özünün suveren hüququ hesab edir", - Arşakyan bildirib.
O xatırladıb ki, Ermənistanla Rusiya arasında strateji müttəfiqlik haqqında saziş bağlanıb və bu, ən yüksək səviyyədə həyata keçirilir. Amma demək olmaz ki, müttəfiq ölkənin başqa dövlətlərlə münasibət qurmaq hüququ yoxdur.
"Ermənistan, Rusiya, İran, Azərbaycan öz maraqları çərçivəsində fəaliyyət göstərən suveren dövlətlərdir. Əgər Ermənistanın bu cür proseslərə hansısa yolla təsir göstərə biləcəyini düşünürlərsə, məncə yanılırlar, hər şeyi şişirtməyə ehtiyac yoxdur”, - Arşakyan bildirib.
O, bu məsələ ilə bağlı müxalifətin tənqidinə cavab verərək, onları hakimiyyətdə olarkən ölkənin təhlükəsizlik sistemini, iqtisadiyyatını, suverenliyini korrupsiyaya, yalana tabe etməkdə ittiham edib.
Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə fevralın 22-də Moskvada imzalanıb.