Modern.az

Moskva Bəyannaməsinin ölkəmizə gətirəcəyi dividentlər

Moskva Bəyannaməsinin ölkəmizə gətirəcəyi dividentlər

Aktual

25 Fevral 2022, 23:44

ATƏT PA-nın qış sessiyasında iştirak etmək üçün Vyanada səfərdə (22- 26 fevral) olduğuma görə 22 fevral tarixli Moskva Bəyannaməsinə dərhal münasibət bildirmək imkanım olmadı. İndi istərdim bu tarixi sənəd haqqında qısa olaraq fikrilərimi bölüşüm.

 

Hər şeydən öncə onu qeyd etməliyəm ki, Rusiya ilə imzalanan müttəfiqlik haqqında Bəyannamə Azərbaycan dövlətinin, Prezidentinin, diplomatiyasının tarixi uğurudur və sənəd milli maraqlarımıza tam cavab verir.

 

Hazırda Avropanın təhlükəsizlik sistemində baş verən dəhşətli hadisələrin və təhdidlərin fonunda Azərbaycanın belə bir sənədin imzalanmasına nail olması beynəlxalq exspertlər və siyasi təhlilçilər, o cümlədən diplomatlar tərəfindən böyük maraqla qarşılandı. Açığı deyim ki, Vyanada müxtəlif ölkələrin, o cümlədən qərb ölkələrinin parlamentariləri ilə keçirdiyim görüşdə Azərbaycanın Rusiya ilə məhz indiki zamanda imzaladığı Bəyannamənin ölkəmiz üçün nə qədər mühüm əhəmiyyət daşıdığını qeyd etdilər və bu hadisəni Prezident İlham Əliyevin diplomatik bacarığının, uzaqgörən və müdrik siyasətinin nəticəsi kimi qiymətləndirdilər.

 

Bu da səbəsiz deyil, çünki sənədin bütün maddələri və bütövlükdə, sənədin ruhu Azərbaycanın milli maraqlarına və strateji hədəflərinə tam olaraq cavab verir.

 

Bəyannaməyə əsasən Azərbaycanla Rusiya arasında münasibətlər bir mənalı olaraq ölkəmizin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına hörmət, eləcə də ölkəmizin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipləri əsasında qurulur.

 

Təkcə bu müddəalara görə güclü və qonşu Rusiya ilə belə bir Bəyannaməni imzalamağa dəyərdi.

 

Məhz bu səbəbdən sənəddə yer alan digər maddələri, baxmayaraq ki, onların hər birinin bizim üçün əhəmiyyəti kifayət qədərədi, ancaq onların hamsını şərh etmək istəmirəm, fikrimi daha çox Bəyannamənin ölkəmizə gətirəcəyi üstünlüklər və dividentlərlə bağlı davam etdirmək istəyirəm.

 

1) Moskva Bəyannaməsi ilə Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan sözün bütün mənalarında müstəqil ölkədir və kimliyindən asılı olmayaq ikitərəfli və çoxtərfəli münasibətlərdə yalnız milli maraqlarından çıxış edir. Bu baxımdan Azərbaycan MDB, Şərqi Avropa və dünyanın bir çox ölkələri üçün ən yaxşı nümunədir. Beynəxlaq exspertlər və ayrı-ayrı ölkələrin siyasətçiləri bu məqamı xüsusi vurğulayırlar.

 

2) Moskva Bəyannaməsi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəsinin siyasi müstəvidə davamı və daha da möhkəmləndirilməsi üçün əlavə zəmanətdir.

 

3) Moskva Bəyannaməsi Ermənistanın Rusiyanı Azərbaycana qarşı hər hansı formada istifadə etmək istəyinin və ümüdlərinin üzərindən bir dəfəlik xətt çəkir.

 

4) Moskva Bəyannaməsi Azərbaycanın regionda oynadığı aparıcı rolunu və geosiyasi maraqlarını etiraf edir və təsdiqləyir.

 

5) Moskva Bəyannaməsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması prosesinə Rusiyanı cəlb etməklə bölgədə sülhün və təhlükəsizliyin davamlı olmasına əlavə töhvədir.

 

6) Moskva Bəyannaməsi Qarabağda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərin re-inteqrasiya prosesinin sürətlənməsi üçün əlavə hüquqi bazadır.

 

7) Moskva Bəyannaməsi Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycanın mövqeyini möhkəmlətməklə, təhlükəsizlik sahəsində mümkün riskləri neytralşdırır və bununla da qardaş Türkiyəniin yükünü xeyli azaltmış olur.

 

Burada, onu da xatırlatmaq istərdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev MDB liderləri arasında yeganə lider oldu ki, 5 həftə bundan öncə, yəni yanvarın 14-də Kiyevə səfər etdi və Ukrayna ilə Strateji Tərəfdaşlığın Dərinləşməsi Haqqında Bəyannamə imzaladı.

 

Əminəm ki, Azərbaycan müstəqil siyasətinin davamı olaraq yaxın aylarda Avropa İttifaqı və digər qlobal mərkəzlərlə də eyni məzmunda strateji sənədlərin imzalanmasına nail olacaq.

 

Bununla da Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan öz maraqlarını müdrikcəsinə qorumağı, geosiyasi türbulansları məharətlə dəf etməyi bacaran, regional və qlobal güclərin onunla hesablaşmasına və hörmət etməsinə nail olan yeganə ölkədir. Bu fakt ən azından Şərqi Avropa və Mərkəzi Asiya regionu üçün danlmaz həqiqət, həm də geosiyasi fenomendir.

 

Azay Quliyev

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı