Xocalı soyqrımının 30-cu ildönümü münasibətilə Füzuli rayonunda silsilə anım tədbirləri keçirilir. Fevarlın 26-da Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə ümumrayon anım mərasimi keçirilib. Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının, N saylı hərbi hissənin əsgər və zabitlərinin iştirak etdiyi mərasim iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər qərənfillər düzüb, faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edilib, soyqırım qurbanlarının ruhuna dualar oxunub.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mərasimdə iştirak edən rayon sakinləri ilə söhbətində Xocalı soyqırımının bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu, xalqımızın yaddaşlarımızdan heç bir zaman silinməyəcəyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı eyni zamanda bəşər tarixinin ən geniş miqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir.
Anım mərasimində bildirilib ki, 30 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc, mülki əhalisinə qarşı soyqırım törədib. Xocalı soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 nəfər dinc sakin əsir götürülüb. Dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirib. Qanlı hadisələr zamanı vəhşi təcavüzün əsas obyekti kimi köməksiz qadın, uşaq və qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaq.
Bildirilib ki, bu dəhşətli hadisəyə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib, 1994-cü ildə Ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Prezident İlham Əliyev isə Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.
Anım mərasimində Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmısı istiqamətində Azərbaycanın Birinci vitsse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalıya Ədəalət kompaniyası çərçicəsində dünya miqyasında həyata keçirdiyi tədbirlərdən bəhs edilib.
Xocalı soyqırımının 30-cu ildönümünün keçirilməsi haqqında rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq ərazidəki bütün yaşayış məntəqələrində, idarə və müəssisələrdə anım mərasimləri keçirilib.