Prezident İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləriylə görüşündə Azərbaycan-Rusiya münasibətləri ilə bağlı bütün mühüm məqamlara aydınlıq gətirdi, qonşu ölkənin mediasında, əsasən ermənilər tərəfindən formalaşdırılan stereotiplərin tutarlı arqumentlərlə, faktlarla sıradan çıxarılmasına nail oldu.
Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Millət vəkili Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya münasibətlərini qarşı-qarşıya qoymağa cəhd göstərənlərin iddialarına münasibətdə dəmir məntiqlə əsaslandırılmış cavablar verdiyini, hər iki ölkə ilə eyni zamanda müttəfiq olmağın mümkünlüyünü izah etdiyini vurğulayıb:
“Dövlətimizin başçısı qeyd etdi ki, “Azərbaycan Rusiyanın və Türkiyənin müttəfiqidir. Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Başqa heç bir ölkə bununla öyünə bilməz”. Şübhəsiz ki, regionun iki böyük dövləti və güc mərkəzi ilə eyni zamanda strateji müttəfiqlik münasibətlər qurmaq Azərbaycanın böyük uğurudur. Məhz ölkəmizin Türkiyə-Rusiya münasibətlərinin inkişafında oynadığı rol nəticəsində, cənab Prezidentin dediyi kimi, əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır. Azərbaycan-Türkiyə-Rusiya münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi isə, öz növbəsində regionda sülhün, əminamanlığın təmin olunması, əhalinin rifahına xidmət edən ortaq iqtisadi layihələrin həyata keçirilməsi deməkdir. Azərbaycan öz siyasətini davamlı ziddiyyətlər, qarşıdurmalar üzərindən deyil, dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üzərindən həyata keçirir ki, bu da Prezident İlham Əliyevin yüksək diplomatik məharətindən və strateji düşüncəsindən xəbər verir”.