Modern.az

“Neçə gündür yatmırıq, var gücümüzlə çalışırıq” - Qüdsi Osmanov

“Neçə gündür yatmırıq, var gücümüzlə çalışırıq” - Qüdsi Osmanov

Aktual

26 Fevral 2022, 23:31

“Bu gün 50 nəfərə yaxın vətəndaşımız yola salınıb. Sabah 170-ə yaxın vətəndaşımızı Rumıniyadan Azərbaycana göndərəcəyik. Birisi gün də təxminən eyni sayda azərbaycanlı vətənə göndəriləcək”.

Bunu Modern.az-a eksklüziv açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib.

Səfirin sözlərinə görə, Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşlarının təhlükəsizliyi təmin olunur:

“Bizim işçilərimiz sərhəddədir. Onlar Ukrayna tərəfinə keçib vətəndaşlarımızı təhlükəsiz şəraitdə ölkəyə gətirirlər. Bəzi insanların sənədləri yerində deyildi, biz onları da Ukraynadan çıxarmışıq.

Bu gün xarici işlər naziri Ceyhun Bayramov mənimlə iki dəfə danışıb, həmçinin dünən də. Xarici İşlər Nazirliyi bu işlə ciddi məşğuldur. Rumıniya Xarici İşlər Nazirliyi ilə əlaqə saxladılar, viza məsələsini həll etdilər. O cümlədən Polşa və digər sərhəd ölkələrlə artıq danışıqlar aparılıb. Vətəndaşlarımız həmin ölkələrdə 15 gün vizasız qala bilərlər. Dövlətimiz lazımi tapşırıqları verib”.

Diplomat Ukraynadan təxliyə olunan azərbaycanlıların yüksək səviyyədə qarşılandığını söyləyib.

“Bura gələn azərbaycanlıları yüksək səviyyədə qarşılayırıq. Uşaqları olanları şəxsən özüm müraciət edirəm ki, aparıb evlərində saxlasınlar.

Bildiyiniz kimi, Moldovada 500 nəfərə yaxın azərbaycanlı yaşayır. Onların hamısının diqqəti bizdədir. Bura gələn vətəndaşlarımız arasında yaralanan yoxdur.

Hazırda uşaqlı-körpəli iki avtobus yoldadır, gecə saat ikidə çatacaqlar. Biz səfirlik nümayəndələri olaraq iş başındayıq. Artıq neçə gündür ki, yatmırıq, stullarda gecələyirik. Var gücümüzlə çalışırıq ki, vətəndaşlarımıza yardım edək”, - deyə Q.Osmanov vurğulayıb.

Qeyd edək ki, Ukraynadan Moldovaya gələn və hava yolu ilə Azərbaycana getmək üçün Moldovadan Rumıniyaya yola salınan vətəndaşlarımız üçün prosedur qaydaları sadələşdirilib, tranzit vizası ləğv olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı