İkinci Qarabağ müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə qələbəsi ilə nəticələndi.
44 gün davam edən müharibədə 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və yüzlərlə kəndlər, strateji yüksəkliklər rəşadətli Azərbaycan ordusu tərəfindən düşmən işğalından azad edildi. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Ermənistan kapitulyasiya haqqında bəyənatı imzalamağa məcbur oldu və bu, Azərbaycanın siyasi müstəvidəki qələbəsi idi. Beləliklə, Kəlbəcər, Ağdam və Laçın rayonları bir güllə atılmadan və şəhid vermədən düşmən işğalından azad edildi.
Ulu Öndər Heydər Əliyev tərəfindən söylənmiş “Bir millət – iki dövlət” kəlamı Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Belə ki, qardaş Türkiyə Azərbaycanın bu haqq savaşına sonadək siyasi və mənəvi dəstək göstərdi. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günündən, ilk saatlarından bəyənatla çıxış edərək Azərbaycana hərtərəfli dəstək olduğunu bildirdi, dəfələrlə açıq, birmənalı və sərt bəyənatlar verərək Türkiyənin hər zaman Azərbaycnın yanında olduğunu bütün dünyaya bəyan etdi.
Türkiyənin dövlət başçısı müxtəlif tribunalardan Azərbaycanın haqq işinə prinsipial dəstəyini ifadə etməklə beynəlxalq ictimaiyyətin diqqətini obyektiv gerçəkliklərə, tarixi həqiqətlərə yönəltdi. Bu, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının təzahürüdür.
Təsadüfi deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. Artıq Türkiyə şirkətləri Qarabağda Azərbaycan üçün böyük önəm daşıyan infrasturktur layihələrini icra etməyə başlayıblar. Füzuli-Şuşa avtomobil yolu – “Zəfər yolu”, Füzuli Beynəlxalq Hava Limanı kimi olduqca böyük strateji əhəmiyyətli infrastruktur layihələrinin icrasında qardaş Türkiyənin rolu və dəstəyi danılmazdır.
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində iki ölkənin prezidentləri arasında imzalanmış “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafının nəticəsidir.
Hazırda Azərbaycan regionun iki böyük dövlətinin – həm Türkiyənin, həm də Rusiyanın müttəfiqidir.
22 fevral 2022-ci il tarixində Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə iki ölkə arasındakı münasibətlər rəsmi olaraq yeni mərhələyə qədəm qoydu.
Beləliklə, bu gün Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Başqa heç bir ölkə bununla öyünə bilməz və sirr deyil ki, artıq əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır.
Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanın yeritdiyi siyasətin məqsədləri “Böyük qayıdış” proqramının tam olaraq icrasına yönəlib. Bildiyimiz kimi, işğalçı və təcavüzkar dövlət olan Ermənistan Qarabağı işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində bu qədim diyarı, sözün əsl mənasında, viran qoyub.
Mənfur düşmənin törətdiyi çoxsaylı müharibə cinayətlərinə, eyni zamanda Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlının, o cümlədən təqribən 200 uşağın indiyədək itkin düşmüş hesab edilməsinə baxmayaraq, Azərbaycan Ermənistana qarşı münasibətlərdə beynəlxalq hüquq normalarına ciddi şəkildə riayət edir. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu tapılmış və ölkələrinə qaytarılmışdır. Ancaq erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə göndərilmiş müraciət hələ də cavabsızdır. Bu məzarlıqlar hərbi cinayətlərin növbəti sübutları olacaq.
İşğal dövründə öz doğma yurdlarından didərgin düşmüş qaçqınlar, məcburi köçkünlər üçün Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə fəal şəkildə evlər tikilirdi. Hər il təxminən 5-6 min ailə, təqribən 30 min insan yerləşdirilmişdir. Onlardan təqribən 70 faizi normal həyat şəraitində yaşayır. Lakin qaçqınların 30 faizi hələ də uyğunlaşdırılmayan binalarda, yataqxanalarda, uşaq bağçalarında və ağır şəraitdə yaşayır. Hazırda xüsusilə belə vətəndaşların tez bir zamanda öz torpaqlarına qayıda bilməsi üçün Qarabağda əsaslı bərpa işləri aparılır, şəhərlər, kəndlər yenidən qurulur.
Biz əminik ki, işğalçı Ermənistanın məhv etdiyi torpaqları əsl sahibləri yenidən dirçəldəcək. Şəhərlərimiz, kəndlərimiz qısa müddət ərzində bərpa ediləcək və Qarabağa yenidən həyat qayıdacaq.
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı