Ukrayna Silahlı Qüvvələri Kiyev şəhəri daxilində Rusiya hərbçiləri ilə mübarizəni ardıcıl ikinci gecə davam etdirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Kiyev daxilində döyüşlər əvvəlki gecə ilə müqayisədə daha az intensiv olub. Qeyd olunub ki, Çerniqovda güclü müqavimətlə üzləşən Rusiya qoşunları Kiyevin mühasirəsi və təcrid edilməsini prioritet seçərək ərazidən yan keçirlər.
Həmçinin əlavə olunub ki, Xarkovda gecə boyunca qarşılıqlı və intensiv raket zərbələrinin ardınca Rusiya və Ukrayna qüvvələri arasında ağır döyüşlər gedib.
“Rusiya qüvvələri müxtəlif cinahlardan Ukraynaya hücumu davam etdirirlər, lakin Ukrayna Silahlı Qüvvələrinin sərt müqaviməti ilə üzləşməyə davam edirlər”, - deyə məlumatda qeyd olunub.